SUAL? - CAVAB!
Oruca niyyət nə vaxt və necə edilməlidir?
Cavab: Oruca qəlbən niyyət etmək, yəni ertəsi günü oruclu keçirəcəyinə niyyətli olmaq və ya bunun şüurunda olmaq kifayətdir. Dil ilə niyyət etmək isə müstəhəbdir. Ramazan orucu və müəyyən günlərdə tutulmaq məqsədi ilə nəzir edilən oruclarla bütün nafilə oruclar üçün niyyət etmə vaxtı günəşin batmasından ertəsi gün günəşin təpəyə, zenit nöqtəsinə gələnə qədər olan müddətdir. Bu oruclara aid niyyətin fəcri-sadiqdən, yəni dan yerinin ağarmasından sonraya qala bilməsi üçün fəcri-sadiqdən sonra hər hansı bir şey yeyib-içilməməsi və yaxud orucu pozan digər halların baş verməməsi şərtdir. Əks təqdirdə gündüz edilən niyyət etibarsız olar. Bundan başqa, ramazan orucu və müəyyən günlərdə tutulmaq üzrə nəzir edilən oruclarla bütün nafilə oruclar üçün ümumi niyyət (məsələn, “sabahkı günün orucunu tutmağa...”) kifayətdir. Ancaq niyyəti gecədən etmək və məsələn, “sabahkı ramazan orucunu tutmağa...” kimi ifadələrlə müəyyən etmək daha fəzilətlidir. Ramazan orucunun hər günü üçün ayrı-ayrı niyyət edilməlidir. Ən azı növbəti günü oruclu olacağının şüurunda olmaq lazımdır. Onu da qeyd edək ki, sözügedən oruclardan başqa qəza orucları ilə kəffarə və vaxtı müəyyən edilmədən nəzir edilən oruclar üçün niyyət vaxtı günəş batdıqdan dan yerinin ağarmasına qədər olan müddətdir. Bu növ oruclarda fəcri-sadiqdən sonra edilən niyyət etibarsızdır.
Şəkər xəstələrinin vurduqları insulin iynəsi orucu pozarmı?
Cavab: İynənin orucu pozub-pozmadığı ondan istifadə etmə məqsədinə görə dəyişir. Belə ki, əgər iynə qida məqsədi ilə olmaz, eləcə də həzz verən bir iynə deyilsə, yemək və içmək məqsədi güdülmədiyi üçün orucu pozmur. Əks təqdirdə oruc pozulmuş olar. Şəkər xəstələrinin də istifadə etdikləri insulin iynəsi bu xüsusiyyətdə olmadığı üçün orucu pozmur. Ancaq insulindən istifadə edərək yaşayan xəstələrin oruc tutmaları onlar üçün zərərli olarsa, oruc tutmaya bilərlər. Bu xəstəlik ömür boyu davam etdiyi üçün onlar (imkanı olanlar) tuta bilmədikləri oruclarının sayı qədər hər gün bir fidyə verməlidirlər.
Göz damcısı orucu pozarmı?
Cavab: Mütəxəssislərdən alınan məlumata görə, göz damcısı miqdar baxımından çox az olub, bunun bir hissəsi gözün qırpılması ilə çölə çıxır, digər hissəsi isə burun boşluğunu birləşdirən kanallarda məsamələr yolu ilə əmilərək vücuda qəbul edilir. Damcının çox cüzi bir hissəsinin həzmə gedib çatma ehtimalı var. Məhz bu məlumatlar əsasında göz damcısının orucu pozmadığı qənaətinə gəlinmişdir.
Endoskop vasitəsilə edilən müayinələr nəticəsində oruc pozularmı?
Cavab: Mədədəki xəstəliyi müəyyən etmək məqsədilə mədəni müşahidə etmək üçün endoskop vasitəsilə ağızdan mədəyə tibbi bir alət salınır və proses qurtardıqdan sonra çıxarılır. Həmçinin, bağırsaqlara baxmaq üçün aşağı nahiyədən salınıb çıxarılır. Eyni zamanda həmin yerlərin təmizliyini təmin etmək üçün cihazın içindən su verilir. Bütün bunlar yemək-içmək mənasına gəlməməklə yanaşı, əksər hallarda cihazın içindən su verildiyi üçün oruc pozulur. Ancaq sözügedən müayinə əsnasında həzm sisteminə su, yağ və bu kimi qida xüsusiyyəti daşıyan bir maddə girmədiyi təqdirdə orucu pozmaz. Bunu da qeyd edək ki, sidik kanalına girən alətlər və ya axıdılan dərmanlar orucu pozmur.
Qulaq damcısı və qulağın yuduzdurulması orucu pozarmı?
Cavab: Əvvəla qeyd edək ki, qulaq ilə boğaz arasında bir kanal var. Ancaq qulaq pərdəsi su və ya dərmanın boğaza getməsinə mane olur. Bu səbəbdən qulağa damcıladılan dərman və ya qulağın yuduzdurulması orucu pozmur. Qulaq pərdəsində dəlik olsa belə, qulağa damcıladılan dərman qulağın içində əmildiyi üçün ya heç mədəyə gedib çatmaz, yaxud da çox az bir hissəsi gedib çatar. Bu miqdar da oruca zərər verməz. Ancaq qulaq pərdəsinin dəlik olması qulağı yuduzdurarkən suyun mədəyə gedib çatmasına əngəl təşkil etmir. Odur ki, orucu pozacaq qədər mədəyə suyun getməsi ilə oruc pozulmuş olar.
Akupunktura müalicəsi orucu pozarmı?
Cavab: Bu, müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə xüsusi iynələrin batırılması ilə həyata keçirilən bir müalicə üsuludur. Burada bədənin qidalanması ilə bağlı hər hansı bir şey olmadığı üçün orucu pozan hal da yoxdur.
Daim səfərdə olan bir müsəlman namaz və oruc ibadətlərini necə yerinə yetirməlidir?
Cavab: Dini baxımdan yolçu olanlar, yəni 90 km və daha uzaq məsafəyə gedənlər fərz namazlarını qısaldaraq qılarlar. Səfərilik ramazan orucunun təxirə salınması üçün də bir rüxsət səbəbidir. Səbəb davam etdiyi müddətdə rüxsətlər də davam edir. Mütəmadi olaraq üzrlü olanlar üzrləri aradan qalxdıqdan sonra vaxtında tuta bilmədikləri ramazan oruclarını qəza etməlidirlər. Uca Allah Bəqərə surəsinin 185-ci ayəsində belə buyurur: “...Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar”.
Odur ki, daim səfərdə olanlar namazlarını təxirə salmadan qısaldaraq qılmalıdırlar. Ramazan oruclarını da imkan daxilində tutmağa səy göstərməlidirlər. Çünki “Bəqərə” surəsinin 184-cü ayəsində belə buyurulur: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” Ancaq səfərdə ikən oruc tutmağa gücü çatmadığı təqdirdə, münasib bir vaxtda qəza edilmək üzrə səfərilik müddətində təxirə salmaq olar.
ŞƏRHLƏR