Göz və Kamera; İbn Heysəm
Kindinin “işığın sınması ilə görmə hadisəsi baş verir” tezisi, nəhayət, X əsrdə İbn Heysəm tərəfindən kamil formada ortaya qoyuldu.
İbn Heysəm miladi 965-ci il tarixində Bəsrə şəhərində anadan olmuş, 1040-cı ildə Qahirədə vəfat etmişdir. Fizika, riyaziyyat və fəlsəfə elminə çox böyük töhfələr vermişdir.
Böyük alim ömrünün ən məhsuldar dövrünü Misirdə keçirmişdir. Belə ki, gənc alim olan İbn Heysəmin çalışmaları Nil çayında baş verən daşqınların fəsadlarını azaltmaq üçün çarələr axtaran Misir hökmdarının diqqətini çəkir və Misirə çağırılır. Daha doğrusu, onun Nil çayının suyunu tənzimləmək planı Misir hökmdarı əl-Həkimin dəvətinə səbəb olmuşdu. Ancaq o günün şərtləri bu planın həyata keçməsinə imkan vermir. Hökmdarın qəzəbinə tuş gəlməmək üçün bir müddət uzaq diyarlarda tək qalaraq çalışmalar aparır və elmə işıq tutacaq çox əhəmiyyətli əsərlər qələmə alır.
Fizika, astronomiya və riyaziyyatla yanaşı, məşhur filosofların əsərlərini ərəbcəyə tərcümə etmiş, onların səhvlərini izah etmişdir. E.ə. IV-III əsrlərdə yaşamış qədim yunan riyaziyyatçısı, məşhur “Elementlər” kitabının müəllifi Evklid və “Astronomiyanın böyük riyazi düzəni” adlı əsərin müəllifi məşhur astronom Ptolemeyin fikirlərini birləşdirən də elə İbn Heysəm olmuşdur. O həm də böyük riyazi düzən və təbiət filosoflarının fizika prinsiplərini birləşdirən ilk elm adamı olmuşdur. İbn Heysəmə görə, optika elmi ilə məşğul olmaq üçün yüksək səviyyədə həm fizika, həm də riyaziyyat elminə yiyələnmək lazımdır.
Optika kitabının müəllifi olan Heysəm bu əsəri ilə optika elminin təməl bünövrəsini qoymuşdur. Qərbdə “Maqnus optika” adı ilə məşhurlaşan bu əsərdə işığın xassəsi, görmə fiziologiyası və mexanizmi, gözün quruluşu və anatomiyası, işığın sınması, sınma və katoptris (işığın əks etməsi) hadisəsindən bəhs edilir. Dahi alim atmosferdə baş verən qırılmaları xüsusi üsullarla araşdırmış, bu metod sayəsində atmosferin hündürlüyünü ölçmüş, bunu 16 km olaraq hesablamışdır. Bu nəticə ilə atmosferin ən alt təbəqəsi olan 12 km-lik troposferə ən yaxın ölçünü tapmışdır. Bu da müasir texnikanın əldə etdiyi nəticəyə çox yaxındır. Fizika elmi Heysəmin dövründə fəlsəfə elmi kimi ancaq nəzəri fikirlər irəli sürürdü. Təcrübə mümkünsüz idi. Belə bir dövrdə Heysəmin teoremlərini sınaqdan keçirməsi, eləcə də bu təcrübələrə əsaslanan nəticələri və ixtiraları onun fövqəl bacarığının göstəricisi idi. Bu cür tezislərin təcrübə nəticəsində qəbul olmasının mümkünlüyünün əsasını ilk təklif edən elə Heysəmin özüdür. Optika Kitabında Heysəm Ptolemeyin “Astronomiyanın böyük riyazi düzəni” adlı əsərini də elə təcrübələrin əskikliyi əsasında tənqid etmişdir.
Onun riyaziyyata, astronomiyaya, optika və mexanikaya dair 89 əsəri vardır. İbn Heysəm özünün elmi tədqiqatlarını dəqiq riyazi hesablamalarla sübut edirdi. Onu bəzən “optikanın atası” da adlandırırlar. Ən önəmli əsərlərindən biri də Kitabəl-Mənazir (optika) kitabıdır.
QARANLIQ OTAQ
Məşhur fizik və riyaziyyatçılar kimi İbn Heysəm də müşahidə qabiliyyəti yüksək alimlərdən biri idi. Bir gün İbn Heysəm otaqda oturmuş, fikirləşirdi. Elə bu vaxt pəncərənin kənarındakı boşluqdan içəri günəş şüasının düz xətt formasında süzüldüyünü və divarda şəkil yarandığını görür. Divarda əks olunan şəkil isə günəş tutulması tam olmayanda yaranan aypara formasını alır. Bu müşahidə ona belə bir fikir deməyə əsas verir: Günəşin şüası silindr formalı dəlikdən keçəndən sonra divara dairə formasında yox, aypara formasında əks olunur. Bu hadisədən sonra çoxlu təcrübə ilə işığın düz şüa halında hərəkət etdiyini müşahidə edir. Şüa düz xətt halında yayılır və balaca dəlikdən keçərsə, tərs konus şəklində qarşı tərəfə keçirdi. Parlaq cisimlərə toxunma ilə əks olunan işıq şüaları dəlikdən yayılmadan, dəliyə paralel yerləşdirilmiş bəyaz səthdə başıaşağı təsvir meydana gətirirdi. Dəlik nə qədər balaca olarsa, əldə olunan görüntünün də bir o qədər dəqiq olacağını aşkar etdi. Beləliklə, o, tarixdə ilk dəfə “qaranlıq otaq” adlanan linzasız kameranı kəşf edən müsəlman oldu. Heysəm bu kəşfinin davamında insan beyninin kamera kimi tərs, yəni başıaşağı deyil, əşyaları düz gördüyünü izah etmişdir. Optik sinir ucları bizim əşyaları dik görməyimizi təmin edir. Tez-tez istifadə etdiyi Beytəl-muzlim (qaranlıq otaq) termini sonraları latınca qaranlıq və ya qapalı otaq mənasına gələn “camera obscura” mənasına çevrilmişdir. Ərəbcə qaranlıq və ya xüsusi otaq mənasında işlədilən “qaməra” sözü bu gün də istifadə olunur.
İbn Heysəmin Kitabəl-mənazir kitabı latıncaya tərcümə edildikdən sonra bir çox avropalı mütəfəkkirlərə ilham mənbəyi olmuşdur. Orta əsrlərdə Avropada İbn Heysəm “Alhazen” kimi tanınırdı və o, İbn Rüşd, Ömər Xəyyam, Kəmaləddin əl-Farisi,Təqiyüddin, Roger Bacon, Johannes Kepler, Rene Deskartes kimi böyük alimlərə, Leonardo da Vinçi kimi bir çox sənətkarlara təsir etmiş bir dühadır. Bu böyük müsəlman alimin şərəfinə Aydakı kraterlərdən birinə onun adı verilmişdir.
ŞƏRHLƏR