Oman nəsri ilə tanışlıq
Müasir nəsr təfəkkürünün vətəni, bəlli olduğu kimi, Qərbdir və bizim yaxşı mətnlər yazmaq istəyən çağdaş yazıçılarımız da ilk növbədə Amerika və Avropa ədəbiyyatını oxuyur, onların təsirində olur və eyni zamanda onları təqlid edənlər də var.
Səlim Babullaoğlunun təsisçisi və Seyfəddin Hüseynlinin baş redaktoru olduğu “Dünya ədəbiyyatı” dərgisinin növbəti sayının müasir Oman ədəbiyyatına həsr olunduğu xəbərini saytlardan oxuyanda, içimə ehtiraslı bir maraq doldu. “Görən, bunlar nəsri necə yazırlar?” Düzünü deyim, önyarğı da olsa, elə bilirdim, zəif, maksimum ortabab mətnlər oxuyacam.
Mən jurnaldakı hekayələr haqda öz təəssüratlarımı bölüşmək istərdim. Faktiki olaraq, bu jurnal vasitəsilə ilk dəfəydi ki, körfəz ölkəsinin müasir nəsri ilə qismən də olsa tanış ola bildim.
İlk aldığım təəssürat bu oldu: Oman nəsri bir çoxlarının düşündüyü kimi, heç də təcrid olunmuş bir ölkənin ədəbiyyat nümunələri deyilmiş. Omanlı nasirlərin təfəkkür tərzi, yazı üslubu da göstərir ki, onlar klassik Qərb ədəbiyyatı ilə tanışdırlar, bu ədəbiyyatın yazı texnikasını əxz edə biliblər və ən əsası, hekayələrdə milli kolorit də yetərincə ustalıqla verilib.
Hekayələrdə Omanın həm şəhər, həm də əyalətlərində baş verən məişət hadisələri, ailədaxili ziddiyyətlər, müxtəlif obrazların daxili təbəddülatları açılır. Diqqəti çəkən məqamlardan biri bəzi hekayələrin (Abdullah əl-Bəluşi “Gül ömründən də qısa həyatı...”, Süleyman əl-Maməri “Kağız həyat”) poetik üslubda yazılmasıdır ki, bu, görünür, qədim ənənəsi olan ərəb poeziyası ilə əlaqədardır. Söhbət “ürəyi vurmayan”, “həddində olan” poetik üslubdan gedir.
Fikrimizcə, dərgidə rəssam olmaq istəyən, amma məişət çətinlikləri səbəbindən arzusuna çatmayan bir əyalət sakininin həyatından bəhs edən Nasir Salehin “Bulvar”, uşaqlıq və yeniyetməlik dövrünün şirin xatirələri haqqında olan Əzhar Əhməd əl-Harisinin “Xədicə xalanın otağı”, Süleyman əl-Mamərinin acı ironiya tərzində yazdığı “Kağız həyat”, Əbdüləziz əl-Farsinin tragikomik “Bədnəzər”, eləcə də Məhəmməd əl-Tavil, əl-Xəttab əl-Məzruinin, İbrahim Səidin qısa hekayələrini oxumağa dəyər.
Və nəhayət, Oman yazıçılarının hekayələri əslində, hamımızın bildiyi bir şeyi bir daha bizə əyan edir: azərbaycanlılar mental olaraq daha çox şərqlidirlər, müsəlmandırlar, Qərbin təsirinə nə qədər məruz qalsaq da, partiarxal düzən, ənənəyə bağlılıq kimi (bəzən neqativ mənada, məsələn, Nasir Salehin “Bulvar” hekayəsindəki kimi) bizim ərəblərlə bölüşdüyümüz ortaq dəyərlər var olmaqda davam edir.
Ümid edək ki, “Dünya ədəbiyyatı” dərgisi vasitəsilə Azərbaycan oxucuları gələcəkdə bu bölgənin başqa ölkələri, ən azından, yaxın illərdə Səudiyyə Ərəbistanı ədəbiyyatı ilə, eyni zamanda ərəblər öz dillərində çıxan ədəbi jurnalların sayəsində müasir Azərbaycan ədəbiyyatı ilə tanış ola biləcək.
ŞƏRHLƏR