ƏŞRƏF SAATI
Anadolu türkcəsində istifadə olunan bu deyim: bir işin düzəlməsi üçün ən münasib vaxtı, daha çox məqamı yüksək olan birinin nə isə istəyəni geri çevirməyəcəyi xoş anını ifadə edir.
Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şərifində: “Eynilə sizdən birinin evinə qonaq gələndə sevinclə qapıda qarşıladığı kimi Allah-Təala da məscidə gələnləri sevinclə qapıda qarşılayar”, - buyurur. Başqa bir hədisdə də hər gecə Rəbbimizin dünya səmasına təcəlli edərək “istəyən yoxdurmu verim, şəfa diləyən yoxdurmu sağlıq bəxş edim, istiğfar edən yoxmu bağışlayım” buyurduğu bildirilir. Bu qəbildən olan hədislər çoxdur. Məhz həmin hədisləri göz önündə tutaraq Allahın biz qullarına təcəlli edəcək rəhməti və məğfirəti nöqteyi-nəzərindən əşrəf saatlarının, eyni zamanda əşrəf məkanlarının olduğunu deyə bilərik. Bu mənada Kəbeyi-Müəzzəmə, Məscidi-Əqsa, Məscidi-Nəbəvi, təməli ixlasla atılan məscidlər, Allah dostlarının iştirak etdiyi məclislər oraya sirayət edən rəhmət ab-havası baxımından əşrəf məkanlarıdır. Yenə hər gecənin son üçdə biri, cümə gecələri, xütbə saatı, Ərəfə günü, Rəğaib gecəsi, Merac, Bərat və Qədr gecələri Rəbbimizin bizi geri çevirməyəcəyi əşrəf saatlarıdır.
Allah qarşısında acizliyinin fərqində olan insan bu şüurla Rəbbinə yönəlməli və Onun istəyəni geri çevirməyəcəyi əşrəf saatından səmərəli istifadə etməlidir. Ayə və hədislərə isnad edərək bu zamanlar içərisində Bərat gecəsinin və Ramazanın xüsusi bir yeri olduğunu qeyd etməliyik. Çünki Bərat gecəsi bütün məxluqatın bir illik ruzisi, ömrü və taleyi haqda qərar verilir. Və həmin gecə Allah-Təala saysız-hesabsız qullarını əfv və məğfirətinə məzhər qılır.
Ramazan ayı isə Qurani-Kərimin nazil olduğu mübarək Qədr gecəsini özündə müsafir edən mübarək bir aydır – Allahın əşrəf saatıdır. Ramazan elə bir əşrəf saatıdır ki, Allah-Təala qullarına ən böyük hədiyyəsi olan Qurani-Kərimi bu ayın Qədr gecəsində nazil etmişdir. Hətta Rəbbimiz o gecənin hörmətinə hər ilin Qədr gecəsini min aydan daha xeyirli qılmışdır.
Qulluq şüurumuzu yenidən canlandıracaq, eşq və şövqümüzü coşduracaq, günahlarımızın əfvinə məzhər olacağımız əşrəf saatlarını ayıq-sayıqlıqla gözləməli, bütün səmimiyyətimizlə istəyəni geri çevirməyən Rəbbimizin hüzurunda divana durmalıyıq. Çünki əşrəfi-məxluq olmağın yolu bundan keçir.
ŞƏRHLƏR