AYNA-AYNA SÖYLƏMƏ MƏNƏ! Səbəb Güzgüdə Görə Bilmədiklərimizdir

YNA-AYNA SÖYLƏMƏ MƏNƏ! Səbəb Güzgüdə Görə Bilmədiklərimizdir

Çox məşhur bir deyim var. Hansı ki, uğursuzluqlarımızın səbəbini tapmaq üçün ən ideal metod olaraq tez-tez təklif olunur.
 Metod budur ki, bir problem varsa, güzgüyə bax, səbəbkarı orada görəcəksən. Bu doğru olmaqla yanaşı, bir çox hallarda çox təhlükəlidir. Çünki, bu tövsiyənin əsas mesajı budur ki, həyatındakı bütün mənfiliklər üçün sadəcə özünü günahlandır. Bu məsləhətin faydası olduğu kimi, bir çox təhlükəli cəhətləri də var. Səbəb isə bunu edən insanların özlərini günahlandırmaları, tənqid etmələridir. 
Özünü tənqid etməyin nə kimi zərəri ola bilər?
Bir çox hallarda bu günahlandırmalar özünü dəyərsiz hiss etməyə; bacarıqlar, istedadlar və bilik baxımından özünü digərlərindən aşağı, geridə görməyə və zamanla bir daha cəhd etməməyə səbəb olur. Yəni zaman çətinliklər qarşısında təslimiyyət bayrağını qaldırmış olaraq keçəcək və bitəcək, ömür israf olunmuş olacaq.
Amma biz yanaşmamızı dəyişsək və təkrar uğursuz olmaqdan qorxmasaq, bu tələyə düşməyəcəyik. Bunun üçün də uğursuz olduğumuzda bunun təkrarlanmaması üçün sadəcə güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Yəni daha sistematik, intizamlı və soyuqqanlı bir şəkildə əldə etdiyimiz nəticələri  analiz edəcəyik. Bu analizlər zamanı isə faktlara baxacağıq sadəcə. İlk olaraq lazımlı bütün datanı toplayıb bundan sonra səbəbin axtarışına başlayacağıq. Yəni, sadəcə özümüzü günahlandırmaqla yetinəcək qədər saf olmayacağıq.
Nəticələri diqqətlə sorğulayacağıq, uğursuzluğumuz hansı səbəbdən baş verdi:
a) Kifayət qədər bilik sahibi olmamağımızdan.
b) İstifadə etdiyimiz metodlardan.
c) Strategiyamızdan.
d) Təyin etdiyimiz son tarixin real olmamasından.
c) Enerji səviyyəmizin kifayət qədər yüksək olmamasından.
d) Köhnə vərdişlərimizdən.
e) Diqqətimizi idarə etməməkdən.
 
Bunların xaricində də bir çox səbəblər bu nəticəyə gətirib çıxarmış ola bilər.
Səbəblər ilk ağlımıza gələnlər olmayacaqdır. Bunun üçün də hisslərimizin zehnimizi dumanlandırmasına izin vermədən laboratoriyadakı bir elm adamı kimi nəticələrimiz üzərində sorğulamalar etməliyik.
Biz əgər məğlubiyyətlərimizə bu cür yanaşsaq və yenidən cəhd edib hər arzuolunmaz nəticədən sonra sadəcə özümüzü günahlandırmaqla kifayətlənməsək, daha çox vaxt alan, nizam-intizam tələb edən, şikayətlənməyi, deyinməyi bizə qadağan edən bu metodu tətbiq etsək, o zaman daima yeni cavablar tapacağıq. Tapacağımız cavablar vasitəsilə də növbəti mərhələyə yüksələcəyik və bu proses durmadan təkrarlanacaq. Yəni davamlı olaraq MÖHTƏŞƏMLİYİMİZƏ doğru səyahət halında olacağıq.
Bunun üçün də, əsla güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Güzgüdə görə bilmədiklərimizi tapmağa və onlar üzərində işləməyə çalışacağıq.
Edə biləcəklərimiz, Edisonun dediyi kimi, gördüyümüz, şahid olduğumuz zaman öz ağlımızı belə təəccübə salacaq qədər böyükdür. Bunu reallaşdıra bilmənin yolu da, ən ideal versiyamızın səhnəyə çıxmasıdır.
Möhtəşəmliyimizə söz haqqı verilməsi labüddür. “Möhtəşəm biz”in arenaya çıxması isə sonu gəlməyən bir prosesdir. Limitimiz bizə məchuldur. Əldə etmiş olduqlarımız, edə biləcəklərimizlə müqayisə edilməyəcək qədər cılızdır. Cılız nəticələrlə öyünmək isə hisslərinə qapılmaq, həyata bir uşaq kimi baxmaqdır.
Sizin də, artıq möhtəşəmliyinizin sədasını duymaq üçün səbirsizləndiyinizi bilirəm. Bunun üçün də, artıq uğursuzluqlardan qorxmayın! Və güzgüdə gördüklərinizlə kifayətlənməyin! Bundan sonrakı hədəf güzgüdə görə bilmədiklərimizi görməkdir. Və təkrar-təkrar test etmək, yoxlamaq, cəhd etmək... Burada da qalmamaq… Bunların hər birindən nəsə öyrənmək...
Yanıltmac kimi olacaq, amma bunu yazmalıyam: “Möhtəşəm siz sizin üçün çox darıxıb”.
Sizcə də bu möhtəşəm görüş üçün gecikmirsinizmi?
PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz