BİR HƏDİS
عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: لَمْ يَكُنِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ شَهْرًا أَكْثَرَ مِنْ شَعْبَانَ، فَإِنَّهُ كَانَ يَصُومُ شَعْبَانَ كُلَّهُ
Hz. Aişə (r.anha) belə dedi: “Rəsulullah (s.ə.s) heç bir ayda şaban ayında tutduğu orucdan daha çox oruc tutmazdı. Şaban ayını tamamilə oruclu keçirərdi”. (Buxari, Savm, 52; Müslim, Siyam, 177)
İlin müxtəlif günlərində oruc tutmaq Rəsulullahın (s.ə.s) ümmətinə tövsiyə etdiyi önəmli bir sünnəsidir. İldə bir ayın başdan sona qədər oruclu keçirilməsi isə Allah tərəfindən bildirilən və hər bir fərdin əməl etməsi lazım gələn bir fərzdir. Fərzlərə əməl etmək baxımından hər kəsə örnək olan Rəsulullah (s.ə.s) bu mənada Ramazan ayının gəlişini də böyük həvəs və həyəcanla gözləyərək ta Rəcəb ayından etibarən: “Allahım! Rəcəbi və Şabanı bizlər üçün mübarək et və bizi Ramazana qovuşdur” (Müsnəd, IV, 180) deyərək Allaha dua edərdi. O, Allahın əmrini layiq olduğu şəkildə dəyərləndirə bilmək və Ramazanın rəhmət və məğfirətindən yaxşı bir şəkildə istifadə etmək məqsədilə bu mübarək ayı ruhən və cismən hazır bir şəkildə qarşılamağa çalışardı. Şaban ayının böyük bir bölümünü və ya hamısını oruclu olaraq keçirməsi də buna işarə etməkdədir. Bir hədisində Ramazan ayı xaricində tutulan ən fəzilətli orucun Şaban ayında tutulan oruc olduğunu bildirən (Tirmizi, Zəkat, 28) Rəsulullah (s.ə.s): “İnsanların qədrini bilmədikləri bu ayda (Şaban ayında) əməllər Allaha ərz edilir. Mən əməllərimin oruclu ikən Allaha ərz edilməsini istəyirəm. Ona görə də bu ayda oruc tuturam” (Nəsai, Savm, 70) buyuraraq Şaban ayında tutulan orucun önəmini açıq bir şəkildə bəyan etmişdir.
Burada qeyd olunan hədislərdən də anlaşıldığı kimi Şaban ayında oruc tutmaq Rəsulullahın (s.ə.s) sünnəsidir. Lakin burada bir məqama diqqət çəkmək lazımdır. Belə ki, başda qeyd edilən Hz. Aişənin nəql etdiyi hədisdə hər nə qədər Rəsulullahın (s.ə.s) Şaban ayını tamamilə oruc tutaraq keçirdiyi qeyd olunsa da, yenə Hz. Aişədən nəql edilən başqa bir rəvayətdə Rəsulullahın Ramazan ayı xaricində heç bir ayı başdan sona qədər oruclu keçirmədiyi anlaşılmaqdadır (Buxari, Savm, 52). Buna görə də Hz Aişənin: “Şaban ayını tamamilə oruclu keçirərdi” sözü “Şaban ayının çoxunu oruclu keçirərdi” şəklində izah edilmişdir. Bu iki fərqli hədisi dəyərləndirən alimlər nəticə olaraq Ramazan ayının orucunu çətinləşdirə biləcəyi üçün Şaban ayının on beşindən sonra orucun azaldılmasını və ya tərk edilməsini tövsiyə etmişlər. Hətta bəzi Şafei məzhəbi alimləri davamlı tutulan oruclar xaricində Şaban ayının ikinci on beş günündə oruc tutmağın qadağan olduğunu söyləmişlər. Buraya qədər qeyd olunanlardan anlaşıldığı kimi Şaban ayında oruc tutmaq Rəsulullahın (s.ə.s) əməl etdiyi önəmli bir sünnəsidir.
ŞƏRHLƏR