Bir çox ilklərə imza atmış AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI
Miladi təqvim 1918-ci ilin 28 mayını göstərəndə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb tarixi şəraitdə mövcud olsa da, 23 aylıq ömründə missiyası və vizionu baxımından xalqımızın tarixində önəmli bir fenomen olmuşdur. Cümhuriyyətin elanı özlüyündə XIX əsrin ikinci yarısından etibarən dirçəlməyə başlayan milli-mədəni oyanışın və I Dünya müharibəsi dövründə cərəyan edən hadisələrin məntiqi nəticəsi olmuşdur.
Böyük güclərin cahanı bölüşdürmək mübarizəsinin alovlandığı və yeni işğal təhlükəsi yaşandığı dövrdə Cümhuriyyəti quranlar ilk növbədə Azərbaycanın müstəqilliyini dünyada tanıtmalı, müstəqil bir dövlət kimi qonşuları ilə münasibətləri formalaşdırmalı və eləcə də regiondakı mübahisələri, o cümlədən Ermənistanın ərazi iddiası məsələsini həll etməli idi. O fədakar insanlar yorulmaz xidmətləri nəticəsində bu məsələlərin həlli ilə yanaşı bir çox nailiyyətlər də qazanaraq, gələcək nəsillərə xeyli miras qoyub getdilər.
Müsəlman şərqinin ilk parlamentar-respublika quruluşu olmaqla yanaşı, mövcudluğu dövründə Xalq Cümhuriyyəti bir sıra ilklərə imza atmışdır. Bunlardan: milli ordunun yaradılması və Hərbi nazirliyin təsis edilməsini, Azərbaycan dilinin dövlət dili elan edilməsini, dövlət bayrağı haqqında və eləcə də Azərbaycan vətəndaşlığı haqqında qanunların qəbul edilməsini, şərqdə ilk dəfə qadınlara seçki hüququnun tanınmasını, milli valyutanın (manatın) dövriyyəyə buraxılmasını, Dövlət Bankının və Arbitraj orqanının yaradılmasını, Bakı Dövlət Universitetinin açılmasını, Xəzər Donanmasının qurulmasını, mətbuat sahəsində senzuranın ləğvini, mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşı ilk dövlət muzeyinin təşkilini, Dövlət Müdafiə Komitəsinin təşkilini və s. qürur hissi ilə qeyd edə bilərik.
Məyusedici ilk olaraq isə Ermənistanın dövlət səviyyəsində və rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarını bu dövrdə irəli sürməsini göstərə bilərik. Belə ki, separatizm və terrorçuluğu tarixən də dəstəkləyən Ermənistanın təbliği, təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsindəki erməni əhalinin az bir hissəsi Azərbaycan hakimiyyətini tanımamış və 1918-ci ilin iyulunda keçirilən qurultayda Dağlıq Qarabağı müstəqil elan etmişdi. Qarabağı və Zəngəzuru Ermənistana birləşdirmək məqsədinə hesablanmış işğal planlarını həyata keçirmək üçün Ermənistan hökuməti Qarabağa silahlı qüvvələr yeritdi. Hər zaman Azərbaycan ərazisi olmuş olan Qarabağ torpaqlarını zəbt etmək istəyən erməni silahlıları minlərlə dinc azərbaycanlını qəddarcasına öldürmüş və yüzlərcə yaşayış məntəqəsini dağıtmışdı. 1919-cu ilin ilk günlərində isə daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı rəsmən ərazi iddiası ilə çıxış etdi ki, bu da Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk böyük cəhd oldu. Əsas meyarı vətəndaşlarının təhlükəsizliyi və ərazisinin bütövlüyünü qorumaq olan Azərbaycan hökuməti bu iddiaları tam rədd edib, problemin dinc vasitələrlə həlli üçün dəfələrlə təkliflər versə də, erməni daşnakları bununla əsla uzlaşmırdı.
Bununla belə, gərgin səylər nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında toqquşmaların, mübahisələrin, o cümlədən də sərhəd məsələlərinin danışıqlar yolu ilə həllinə dair müqavilə imzalandı. Bu gün olduğu kimi, o zaman da Ermənistan tərəfi sazişi kobud şəkildə pozdu. Münaqişənin tənzimlənməsi məqsədi ilə 1919-cu il dekabrın 14-də Bakıda keçirilən konfransın qərarlarını da ermənilər əsassız şəkildə rədd etdi. Beləcə, ermənilərin ərazi iddiaları ucbatından Azərbaycan-Ermənistan münasibətləri normal məcraya yönələ bilmədi. Lakin cümhuriyyət dövründə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdləri önləndi.
Bununla yanaşı, Azərbaycan parlamenti və hökuməti xarici təhlükələrə qarşı müstəqil respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində də iş aparırdı. Bu baxımdan Paris sülh konfransında iştirakı çox əhəmiyyətli oldu. 1920-ci il yanvarın 11-də müttəfiqlərin Ali Şurası tərəfindən Azərbaycanın de-fakto tanınması ölkəmizə marağı daha da artırdı. Artıq Hollandiya, İsveçrə, Belçika, Finlandiya, Çexiya və Slovakiya kimi dövlətlər Bakıda konsulluqlarını açmışdı. Cümhuriyyət təcridçilikdən qurtulub, geniş beynəlxalq əlaqələr qurur, İngiltərə, ABŞ, İtaliya və Fransa ilə iqtisadi əlaqələrini genişləndirirdi. Həmçinin, 1920-ci ilin Novruz günlərində İranla Azərbaycan arasında hərtərəfli əməkdaşlıq saziş və müqavilələrinin imzalanması ilə səfirliyimiz Tehranda, baş konsulluğumuz Təbrizdə, konsulluğumuz Rəştdə, vitse-konsulluğumuz Ənzəli və Məşhəddə, konsul-agentliklərimiz isə Xoy və Əhərdə fəaliyyətə başlamışdı. Eləcə də 1920-ci ilin aprel ayında parlament ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Fransa, İtaliya, Finlandiya, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Ukrayna və Rumıniyada diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi. Bunlar da ilklər arasındadır.
Fəqət XI Qızıl ordunun işğalı ilə müstəqilliyini itirən Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakı sonlandı. Bu vəziyyət 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu ilə müstəqilliyin təkrar qazanılmasına qədər davam etmişdir. Müstəqilliyin yenidən bərpası isə xalqımızın milli-azadlıq ruhunun, müstəqil yaşama istəyinin və XX əsrin əvvəllərində Cümhuriyyətin mövcudluğunun nəticəsi idi.
ŞƏRHLƏR