Dünyadan
Azərbaycanlı xanım beynəlxalq hafizlik müsabiqəsində iştirak edib
İordaniya Haşimilər Krallığında qadın hafizələr arasında beynəlxalq Qurani-Kərim Tilavəti müsabiqəsi keçirilib. Müsabiqədə müxtəlif ölkələri təmsil edən xanım hafizələrlə yanaşı Azərbaycan nümayəndəsi də çıxış edib. Belə ki, İordaniyada ölkəmizi “Şəbnəm” İslam kollecinin hafizlik müəlliməsi Cəmilə Nəbiyeva təmsil edib. Yarışmada uğurla çıxış edən təmsilçimiz təşkilat komitəsi tərəfindən “Təşəkkürnamə” diplomu ilə təltif olunub.
Qeyd edək ki, təşkilat komitəsi yarışmaçılar üçün maraqlı ziyarət proqramı hazırlayıb. Müsabiqə iştirakçıları İordaniya ərazilərində yerləşən müxtəlif tarixi ziyarətgahları, o cümlədən, Əshabi-Kəhf mağarasını, Həzrəti Yuşa ibn Nun (ə.s) və Həzrəti Əbu Ubeydullah ibn Cərrahın məqbərələrini, eləcə də Kral Hüseyn məscidini və Ölü dənizi ziyarət ediblər.
Müsəlmanların əleyhinə verilmiş sərəncam ləğv edildi
Macarıstanın Konstitusiya məhkəməsi Asotthalom bələdiyyəsinin müsəlmanlara bəzi məhdudiyyətlər qoyan sərəncamını ləğv edib. Məhkəmə bu addımı atmaqda səbəb kimi qəbul edilmiş sərəncamın konstitusiyaya zidd olduğunu göstərib.
Qurumun açıqlamasında ictimai nəzarətçi Laszlo Szeklynin etirazına baxıldığı, bələdiyyələrin konstitusiya ilə bağlı məsələlərdə məhdudlaşdırıcı sərəncam verə bilməyəcəyi, konstitusion hüquqlar və bununla bağlı məsələlərin ancaq qanunla tənzimlənəcəyi vurğulanıb.
Açıqlamada həmçinin, həmin sərəncamın müsəlmanların sərbəst ibadət etmələrini məhdudlaşdırdığı da bildirilib.
Qeyd edək ki, Asotthalomun bələdiyyə başçısı Laszlo Toroczkai 2016-cı il noyabrın 24-də qəbul etdiyi sərəncamla şəhərdə məscid və minarə tikilməsini, azan oxunmasını, çadra və niqab geyinilməsini qadağan etmişdi.
İctimai nəzarətçi Laszlo Szekely isə ötən ilin dekabr ayında həmin sərəncamın ləğv edilməsi üçün Konstitusiya məhkəməsinə müraciət etmişdi.
Dünya Müsəlmanları Gənclik sammiti keçirilib
Sudanın paytaxtı Xartumda Dünya Müsəlmanları Gənclik sammiti və sərgisi keçirilib. İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və Dünya İslam Formunun təşkilatçılığı ilə keçirilən sammitdə 100-dən çox ölkədən 7 minə yaxın gənc müsəlman akademik iştirak edib.
3 gün davam edən tədbirin əsas mövzusu, “Güc və ədalətin təsis edilməsində gəncliyin strategiyası” olub.
Tədbirdə iştirak edən Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy bildirib ki, İslam dünyası öz gücünü gənclərdən alacaq.
Tədbirdə ölkələrin mədəniyyət fəaliyyətlərindən nümunələrə də yer verilib. Bu çərçivədə keçirilən sərgidə Mehtər konserti, xəttatlıq və əbru sənətindən nümunələr nümayiş edilib.
May ayında Bakıda IV İslam həmrəyliyi oyunları keçiriləcək
Azərbaycanın paytaxtı Bakıda “2017 IV İslam Həmrəyliyi Oyunları” keçiriləcək. Beynəlxalq tədbirin 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulur. Təşkilat komitəsinin verdiyi məlumata görə, idman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Bakı Olimpiya Stadionunda beynəlxalq tədbirin möhtəşəm açılış və bağlanış mərasimləri keçiriləcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat arasında olacaq.
ABŞ-ın ilk müsəlman qadın hakimi öldü
Amerika Birləşmiş Ştatlarının ilk müsəlman qadın hakimi vəfat edib. Yerli mətbuat Nyu York əyalətinin Ali məhkəməsində hakim olan Şeyla Abdussalamın meyitinin Hudson çayından tapıldığını qeyd edib.
Bədənində heç bir yara izi olmayan xanım hakimin ölümünün səbəbi məhkəmə tibbi ekspertizasının araşdırmalarından sonra məlum olacaq.
Qeyd edək ki, 1994-cü ildən bəri Ali məhkəmədə hakim olan 65 yaşlı Şeyla Abdussalam 2013-cü ildən bəri qurumun rəhbər heyətindəki 7 əsas hakimindən biri olub.
ŞƏRHLƏR