HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Həzrət Mövlana q.s - 4-
Mövlana həzrətləri buyurur:
“Allah eşqi üçün çalış, Allah eşqi üçün xidmət et! İnsanların qəbul və ya rədd etməsi ilə sənin nə işin var?!”
İxlas, yəni sırf Allahın rizasını qayə bilmək Haqq-Təala qatında əməllərin ən mühüm qəbul şərtidir. Niyyət xalis olduqdan sonra imkansızlıq səbəbindən həyata keçirilə bilməyən saleh əməllərə belə Rəbimiz savab yazar. Hətta qəlbdəki niyyətin xalisliyi nisbətində Allah-Təala qulunun azını çoxaldar, lütf və kərəmi ilə işlənən kiçik bir əmələ görə dağlar qədər böyük savab ehsan edər. Hədisi-şərifdə belə buyurulur:
“Dinində ixlaslı ol! O zaman (işlədiyin) az əməl belə sənə kifayət edər”. (Hakim, Müstədrək, IV, 341)
Xorasan məliki Amr bin Leysin halı buna gözəl bir misaldır. Vəfatından sonra saleh və mötəbər bir adamın yuxusuna girmişdi. Aralarında belə bir söhbət olmuşdu:
- Allah səninlə necə rəftar etdi?
- Allah məni bağışladı.
- Hansı əməlinə görə bağışladı?
- Bir gün zirvəyə çıxmışdım. Oradan əsgərlərimə baxır, saylarının çox olmasından həzz alırdım. Ürəyimdən:
“Kaş Rəsulullah r zamanında yaşayaydım, Ona kömək edəydim”, - deyə keçirdim. Məhz həmin niyyətimə görə Allah-Təala məni əfvinə və məğfirətinə məzhər etdi”. (Qazı İyaz, Şifa, II, 28-29)
Bir hədisi-şərifdə buyurulduğu kimi:
“Möminin niyyəti əməlindən xeyirlidir”. (Süyuti, Camius-Sağir, II, 194)
Bədən üçün ruh nə mənaya gəlirsə, əməl üçün də xalis niyyət bir o qədər mühümdür. Bunun müqabilində ibadət və saleh əməllərdə səmimiyyətsizlik, riya və göstəriş isə zahirən dağ boyda möhtəşəm görünən əməlləri belə kiçildərək əcrini yox edər. Çünki Allah qatında əsas olan insanın qəlbindəki niyyətin xalis olub-olmamasıdır.
Ayeyi-kərimədə buyurulur:
“…Kim Rəbbinə qovuşmağa ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”. (əl-Kəhf, 110)
Çünki tövhid əqidəsi müştərəkliyi qəbul etmir. Ona görə ibadət və saleh əməllər sırf Allahın rizasını qazanmaq üçün icra olunmalıdır.
Allah üçün ediləcək olan ibadət, xeyir-həsənat və xidmətlərə fanilər şərik qoşularsa, yəni Allahdan başqasının da təqdirini qazanmaq kimi nəfsani bir qayə qarışarsa, həm o əməlin əcri zay olar, həm də -nəbəvi ifadə ilə - “kiçik şirk” sayılan riya/göstəriş günahı işlənmiş olar. Bu isə imana zərər verən hədsiz dərəcə təhlükəli haldır.
Bir gün Həzrət Peyğəmbər r:
- “Sizin üçün ən çox qorxduğum kiçik şirkdir”, - buyurdu.
Yanındakılar:
- Kiçik şirk nədir, ey Allahın Rəsulu? – deyə soruşdular.
Rəsulullah r bu cavabı verdi:
- “Riya, yəni göstərişdir. Qiyamət günü insanlar əməllərinin qarşılığını alarkən Allah-Təala riya əhlinə belə buyuracaq:
- “Dünyada ikən əməllərinizi göstərdiyiniz adamların yanına gedin! Görün onların yanında etdiklərinizin qarşılığını tapa biləcəksinizmi?”. (Əhməd, V, 428, 429)
Başqa bir hədisi-şərifdə bildirildiyinə görə qiyamət günü əleyhinə hökm veriləcək ilk insanlar -zahirən- şəhid, alim və comərd zəngin olacaq. Lakin onlar əməllərinə Allah rizası xaricində, insanların xoşuna gəlməyi də qarışdırdıqları üçün Allah-Təala onların əməllərini rədd edəcəkdir.
Məsələn, hər kim sağlığında məscid, məktəb, Quran kursu tikdirər, sonra namını yaşatmaq niyyəti ilə həmin binaya öz adının verilməsini şərt kəsərsə, bu əməlinin əcrini zay etmiş olar. Ancaq vəfat etdikdən sonra xeyir-dualarla yad edilməsi məqsədi ilə ailəsi və ya övladları tərəfindən həmin binaya adının verilməsində heç bir qəbahət yoxdur.
Niyyətlərdə ixlas sirrinə riayətin bu qədər mühüm olmasına baxmayaraq bəzi xam nəfslər “təvazökarlıq” pərdəsi altında “qürur”lanma xəstəliyinə tutulurlar. Etdikləri saleh əməlləri insanlara göstərərək, beləliklə, cəmiyyətdə özlərinə etibar qazanmağa və fanilərin iltifatını cəlb etməyə çalışırlar. “Bəndəniz, yalnız on dəfə həccə gedə bilmişəm. Fəqir həftədə bircə xətm oxuya bilir. Təəssüf ki, indiyə qədər cəmi bir məscid tikdirə bilmişəm…” kimi ifadələrlə, guya, Allaha təqdim etdikləri əməlləri insanlara da satmağa çalışırlar. “Təvazökarlıq fəxri” adlanan və zahirən fəzilət kimi görünsə də, əslində əməlləri gözə soxmaqdan ibarət olan bu çirkin hal həmin saleh əməllərin əcrini insanın öz əli ilə puça çıxarması deməkdir.
İxlası qorumaq üçün saleh əməlləri mümkün mərtəbə gizli saxlamaq lazımdır. Lakin gizli saxlanması mümkün olmayan bir saleh əməli tərk etmək də doğru deyil. Məsələn, riyakarlıq olması qorxusu ilə camaatla namaza getməmək nəfsin hiylə toruna düşməkdir. Yaxud “mən riyadan uzaq, xüşu ilə namaz qıla bilmirəm, elə isə üzümə çırpılacaq bir namazı qılmaqdansa qılmamaq yaxşıdır”, - deyib namazı tamamən tərk etmək şeytanın tələsinə düşməkdir.
Bu nöqteyi-nəzərdən zərurət halında və ya xeyrə təşviq məqsədi ilə saleh əməlləri və xeyir işləri açıqdan icra etməkdə qəbahət yoxdur. Bu təqdirdə isə qəlbi qürur, təkəbbür, riya və göstəriş kimi mərəzlərdən qoruyub sadəcə Allahın rizasını hədəfləmək şərtdir.
Unutmayaq ki, Rəbbimiz daima bizdən səmimiyyət istəyir. Niyyətlərimizdə də ixlas sahibi olmağımızı arzu edir. Ona etdiyimiz qulluğumuzu qarşılıqsız, sırf Allah rizası üçün ifa etməmizi istəyir. İbadətlərə riya və göstərişlə faniləri ortaq etməyin həzin nəticələrinə qarşı xəbərdarlıq edir:
“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar…” (əl-Bəqərə, 264)
Allah-Təala başqa bir ayədə də belə buyurur:
“Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını onlara veriləcək cənnət qarşılığında satın almışdır…” (ət-Tövbə, 111)
Elə isə möminlər olaraq fikirləşməliyik ki:
Canı da, malı da bizə lütf edən Allah-Təaladır. Üstəlik bu nemətlərdən rizası istiqamətində istifadə edənlərə cənnəti vəd edir. Bu qədər möhtəşəm bir mükafatı Allahdan başqa kim verə bilər? Hansı faninin buna gücü çatar? Elə isə fanilərə riyakarlıq edərək Allah üçün ediləcək ibadətlərə və icra olunan əməllərə onları şərik qoşmaq gerçək mömin üçün əbəs məşğuliyyətdən başqa nədir? Candan və maldan fədakarlıqla əda edilən ibadət və itaətləri Allaha təqdim etmək var ikən onlara faniləri ortaq etmək qədər böyük bir axmaqlıq, aldanış və zərər ola bilərmi?
Necə ki, Həzrət Aişə anamız bu həssas ölçüləri nəzərə alaraq sədəqə verəcəyi zaman həmin sədəqənin əcrini zay etməmək üçün həddən artıq diqqət edərdi. Yoxsulun etdiyi duaya belə eynilə qarşılıq verərdi. Ondan:
- Həm sədəqə verirsən, həm də dua edirsən, nə üçün belə edirsən? – deyə soruşanda bu cavabı vermişdi:
- Onun etdiyi duanın sədəqəmin qarşılığı olmasından qorxuram. Mənə etdiyi duanın eynisini ona da edirəm ki, sədəqəm xalis olsun. Beləcə infaqın mükafatını yalnız Allahdan gözləmiş oluram”.
Həzrət Əli t ilə pak xanımı Həzrət Fatimə anamız özləri möhtac olduqları halda yeyəcəklərini yoxsula, yetimə və əsirə infaq etdikləri zaman eyni həssaslıqla belə demişdi:
“Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”. (əl-İnsan, 9-10)
O nümunəvi şəxsiyyətlər ixlaslarını mühafizə edə bilmək və əməllərinə dünyəvi mənfəət kölgəsi düşürməmək üçün həddən artıq həssas ölçülərə diqqətlə riayət edirdilər.
Unutmayaq ki, qiyamət günü ibadət və fədakarlıqlarımızın əcrini verəcək olan varlıq yalnız Allah-Təaladır, fanilər deyil.
Elə isə:
“اِلٰه۪ي اَنْتَ مَقْصُود۪ي وَ رِضَاكَ مَطْلُوب۪ي”
“Ya İlahi! Məqsədim yalnız Sənsən, tələbim də sadəcə Sənin rizandır” duası qulluq həyatımızın hər anında könül səmamızda əks-səda verməlidir.
Mövlana həzrətləri buyurur:
“Bu fani dünya bazarında mənəvi qızıl əldə etmək üçün müştəri axtarırsan? Allahdan daha yaxşı müştəri varmı?”
Ağıllı tacir ticarətdən qazanc əldə etmək üçün malını müştərisinin bəyənəcəyi keyfiyyətdə hazırlayar və müştərisinin bəyənəcəyi kimi sərgiləyər.
Mömin də Allah-Təalanın rizasının qazanılacağı, beləliklə də cənnətin satın alınacağı bazar hökmündə olan bu dünyada bütün ibadət, əməl və xeyir-həsənatını Allahın razı qalacağı səviyyədə yerinə yetirməli və Allaha bəyənəcəyi şəkildə sərgiləməlidir.
Çünki bu dünya bazarında Həzrət Əbu Bəkr t-ın dediyi kimi, gecə ilə gündüz sərmayəmiz, saleh əməllər ticarət mallarımız, cənnət qazancımız, cəhənnəmsə -Allah qorusun- zərər və iflasımızdır.
Onu da əsla unutmamalıyıq ki, bu bazarda ən karlı ticarət comərdlər comərdi olan Allah-Təala ilə ediləndir. Çünki heç bir bəşər Allah-Təalanın verəcəyi qarşılığı verə bilməz. Haqq-Təala quluna bəxş etdiyi nemətlərin şükür hissi ilə özünə təqdim edilməsinin əvəzində bəndənin ixlası nisbətində, birdən yeddi yüz mislinə qədər mükafat ehsan edər.
Ayeyi-kərimələrdə belə buyurulur:
“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.” (əl-Bəqərə, 261)
“…Allaha könül xoşluğu ilə borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz…” (əl-Müzzəmmil, 20)
Məhz arif möminlərin nəzərində ən karlı qazanc comərdlərin comərdi olan Allah-Təalanın şanına yaraşan sonsuz mükafatlara nail olmaqdır.
Bu həqiqəti necə də gözəl ifadə edən bir hadisə belədir:
Həzrət Əbu Bəkr t-ın xəlifəlik etdiyi illərdə Mədineyi-Münəvvərədə qıtlıq baş vermişdi. O əsnada Həzrət Osman t-ın Şamdan yüz dəvə yüklü buğda karvanı gəlmişdi. Karvanı görənlər buğda almaq üçün Həzrət Osmanın yanına qaçırlar. Hətta bir dirhəmlik buğdaya yeddi dirhəm təklif edirlər. Həzrət Osman t isə:
- Xeyr, sizdən çox verən var, ona satacağam, - deyir.
Səhabələr məyus vəziyyətdə ondan ayrılıb xəlifənin hüzuruna çıxırlar. Baş verənləri danışıb Həzrət Osmanın bu hərəkətinə görə xəyal qırıqlığına uğradıqlarını bildirirlər.
Həzrət Əbu Bəkr t isə fəzilət sahibi o böyük səhabənin bu hərəkətinin arxasında bir hikmət olduğunu hiss edərək:
- Osman haqqında pis qərar verməyə tələsməyin. O, Rəsulullah r-in kürəkəni və cənnət yoldaşıdır. Yəqin ki, sözünü səhv başa düşmüsünüz, -deyir. Sonra birlikdə Həzrət Osmanın yanına yollanırlar. Həzrət Əbu Bəkr t:
- Ey Osman, əshabi-kiram sənin bu sözündən məyus olub, - dedikdə Həzrət Osman t:
- Bəli, ey Rəsulullahın xəlifəsi, bunlar birə yeddi verirlər, halbuki onlardan daha xeyirli olan Allah birə yeddi yüz verir. Biz buğdanı birə qarşı yeddi yüz verənə satdıq, - buyurur.
Beləliklə də yüz dəvə yükü buğdanı Allah rizası üçün Mədinənin kasıblarına paylayır. Karvandakı yüz dəvəni isə qurban kəsir.
Buna çox sevinən Əbu Bəkr t Həzrət Osmanın alnından öpərək:
“Səhabələrin sənin sözündəki incə məqamı başa düşmədiklərini hiss etmişdim”, - buyurur.
Budur, öz mənlik və varlıqlarından keçərək Allahda fani olan ali ruhlar. Onlar elə möhtəşəm bir vüsal iqliminə girərlər ki, artıq gözləri və könülləri Allah-Təaladan başqasını görməz olar. Haqqa vüslət həzzi ilə məst olarlar. Bu ruhi coşqunluqla da canlarını və mallarını Allah yolunda xərcləmək onlara bütün dünyəvi ləzzətlərdən daha qiymətli hala gələr. Eynilə Yunus Əmrə həzrətlərinin “Ballar balını tapdım, pətəyim yağmalansın” misrasında dilə gətirdiyi vəcd və istiğraq iqlimində yaşayarlar.
Məhz bu fani dünya bazarında ən xeyirli müştərinin sonsuz lütf və kərəm sahibi Allah-Təala olduğunun idrakına varan arif möminlər can və mal əmanətini bir gün məcburən tərk etmədən əvvəl, əldə fürsət var ikən könüllü surətdə Allaha təqdim edə bilməyi canlarına minnət bilərlər.
Həmçinin ibadət və itaətlərinin yeganə müştərisinin Allah-Təala olduğunu dərk etmələri onları ibadətdə müstəsna ədəb, hörmət, nəzakət və incəliyə sövq edər.
Mərhum atam Musa Əfəndi q.s bir adama nə isə ikram edəcəyi zaman verdiyinin möhtacdan əvvəl Allahın qüdrət əlinə keçəcəyi şüuru ilə bu işi hədsiz nəzakətlə yerinə yetirməyə əhəmiyyət verərdi. Verəcəyi vəsaiti təmiz bir zərfə qoyduqdan sonra üstünə:“Möhtərəm filankəs! Hədiyyəmizi qəbul etdiyiniz üçün minnətdarıq” tərzində, könül alan zərif ifadələr nəqş edərək təqdim edərdi.
Əbu Leys Səmərqəndi həzrətlərinin bu ifadələri də sözügedən nəzakətin hikmətinə işarə edir:
“Verən alana təşəkkür ədası ilə ikram etməlidir. Çünki alanın qisməti dünyəvi ehtiyacının təmini, verənin qisməti isə ilahi riza və axirətdəki sonsuz lütfləridir. Elə isə verən daha karlıdır. Ona görə qarşısındakına təşəkkür etməlidir”.
Haqq dostları da belə buyururlar:
“İbadət insanı cənnətə, ibadətdə ədəb və təzimsə Allaha aparar, Ona dost edər”.
Mövlana həzrətləri buyurur:
“Həccə gedənlər orada Beytullahın sahibini axtarsınlar. Onu tapandan sonra Kəbəni hər yerdə görərlər”.
Allah-Təala biz bəndələrindən zahir və batin, şəkil və ruh, qəlb və bədən ahəngi içində bir qulluq həyatı yaşamağımızı istəyir. Məsələn, namazda bədənin qibləsi Kəbə olduğu kimi, qəlbin qibləsi də daima Kəbənin Rəbbi olmalıdır. Çünki Allah-Təala ilə bərabər olan qəlb harada olur-olsun, bir növ, Kəbə kimidir. Zahirən Kəbəyə yönəldiyi halda qəlbən Allahla olmayan kəs isə tamamilə bunun əksidir.
Necə ki, Allahdan qafil bir qəlblə edilən ibadətlərin xüşudan uzaq, şəkli hərəkətlərdən ibarət olduğu, yəni feyz və əcrdən məhrum qaldığı hər kəsin bildiyi bir gerçəkdir.
Deməli, qəlbi həyata diqqət etmək və onu qəflətdən qorumaq zəruridir. Qəlbi həyatı inkişaf etdirib, mərifətullahdan pay götürmək və qəlbən Allah-Təala ilə bərabər olmaq zəruridir. Bunun yolunun nədən keçdiyini bəyan edən Rəbbimiz belə buyurur:
اَلَا بِذِكْرِ اللّٰهِ تَطْمَئِنُّ الْقُلُوبُ
“…Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar”. (ər-Rad, 28)
İnsan üçün ən böyük səadət qəlbən Allahla bərabər olmaq və bu bərabərliyi könüldə sabit hala gətirməkdir. İnsan məhz bu mənəvi səviyyəyə nail olduğu təqdirdə həyatının hər mərhələsində Rəbbinə qulluq iqlimində ömür sürər.
Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:
“…Harda olsanız, O (Allah) sizinlə bərabərdir…” (əl-Hədid, 4)
“Biz ona (insana) şah damarından daha yaxınıq” (Qaf, 16)
“…Bilin ki, Allah insanla qəlbi arasına girər…” (əl-Ənfal, 24)
“Qullarım səndən Məni soruşanda (onlara de ki): Mən çox yaxınam…” (əl-Bəqərə, 186) Yəni Rəbbimiz bizə bizdən daha yaxın olduğunu xəbər verir.
İnsan üçün əsas məsələ də bu ayələrin məzmunundan qafil qalmamaqdır. Allahla daimi bərabərliyin qəlbi-feyzi ilə yaşamaq, bu hala nail olduqdan sonra hər yer möminin nəzərində eynilə Kəbə kimi ilahi feyzlərin təcəlligahına çevrilər. Yaxud Allah-Təala qulunu Kəbədə qazanacağı savabı qazandıracaq bir çox saleh əmələ nail edər.
Çünki insanı Allaha aparan vəsilələr məxluqatın nəfəsləri qədər çoxdur. Əsas məsələ daima Allah-Təalanın rizasını qazanma arayışında olan bir qəlb daşımaqdır.
Xüsusilə də ilahi nəzərgah olan qəriblərin qəlblərini dərddən qurtarmaq Allah-Təalanın rizasına çatmağın ən gözəl yollarından biridir. Molla Cami q.s belə deyir:
“Könül al, həcci-əkbərdir.
Bir könül minlərlə Kəbədən daha yaxşıdır.
Kəbə Azər oğlu İbrahimin tikdiyi binadır.
Könülsə Cəlil və Əkbər olan Allahın nəzərgahıdır”.
Onu da qeyd edək ki, heç bir ibadət bir başqasının yerini tutmaz. İnsanı həcc savabına, yaxud Kəbədə olmağın əcrinə nail edən heç bir qulluq təzahürləri də “həcc ibadəti”nin yerini tuta bilməz. Burada həcc də daxil olmaqla bütün ibadətləri Allah ilə bərabərlik şüuru içində əda etməyin lüzumundan söz açılır. Əks halda Allahdan qafil bir qəlblə əda edilən ibadətlərin əcrinin də, feyzinin də puça çıxacağı vurğulanır.
Allah-Təala hər birimizə ixlas şüuru versin. Bizi lütf və kərəmi ilə bu şüuru son nəfəsə qədər qoruyan bəxtiyar qulları arasına daxil etsin.
Amin!
ŞƏRHLƏR