ŞƏHİDLƏR ÖLMƏZ
Var olan hər bir xalq özünə məxsus ömür yolu keçərək yüzilliklərlə, minilliklərlə öz kimliyini qoruyub-saxlamağa çalışır. Dünya səhnəsində öz rolunu mənfur qonşularımız kimi hiyləgərcəsinə, xayənətkarcasına oynayan xalqlar da var; alicənablıq, igidlik, mərdlik abidəsinə çevrilərək tarixin yaddaşına həkk olanlar da. Fərəh hissi ilə qeyd edək ki, millətimiz hər zaman tarixin amansız sınaqlarından üzüağ çıxıb. Taleyinə dəfələrlə qırğınlar, istilalar, yadelli həmlələri yazılsa da, hər zaman öz mənliyini qorumağı bacarıb bu ulu xalq. Yenidən küllərindən baş qaldırıb.
Ötən əsrin əvvəllərində və son rübündə yaşanan bir sıra dəhşətli hadisələr də məhz Azərbaycanın qismətinə yazıldı. Hələ əsrin əvvəllərində yaşadığımız erməni soyqırımının və zorla qurulan Sovet hakimiyyətinin qurbanlarını unutmadan, yaralarımız sağalmadan, bir daha ağrılı, qanlı-qadalı günlər yaşadıq. Təkcə bir gecədə -Qanlı 20 Yanvarda- silahlı Sovet ordusu tərəfindən şəhid edilən 130 vətəndaşımızı düşündükcə insan dəhşətə gəlir. Öz müstəqilliyinə can atan, istismarçı imperiyanın buxovlarından azad olmağa çalışan yüzlərlə, minlərlə insanın üstünə tankları sürmək hansı vicdanın qəbul edəcəyi işdir?! O günləri düşünmək hər bir azərbaycanlı üçün ağırdır, amma bir o qədər də şərəfdir. Biz bir gecənin içində torpaqları şəhid qanı ilə suvarılan əzəmətli bir xalqıq. Müstəqillik qurban tələb edir və azadlığı uğrunda şəhidlər vermiş torpaq ülvidir. Biz sevinirik ki, bizim qurbanlar təsadüf nəticəsində şəhid olmadılar. Onlar nəhəng imperiya tanklarının üstünə göz görə-görə addımlayaraq şəhadət şərbətini içdilər. Qurban verilərkən ən yaxşı olanlar seçilir. Onlar da bu millətin ən yaxşılarından idilər və torpaqlarımız uğrunda özlərini qurban etdilər. O gecə paytaxt Bakımızın küçələri ağır texnikadan açılan güllələrin səsi ilə lərzəyə gəldi, amma bütün bunlar qorxuda bilmədi qoca şəhəri. Mərd oğul və qızlarımız qatil gülləsinə qurban gedərkən, bir yandan da o güllə səslərinin altında körpələrimiz doğulurdu doğum evlərində. Bu da o demək idi ki, biz varıq və var olmağa davam edəcəyik. Sanki düşmənə inad olsun deyə gözünü dünyaya o gecə açan körpələrimiz xeyrin təmsilçisi, əlində odlu silahlarla şəhərdə meydan sulayan qatil imperiya isə şərin təmsilçisi idi.
Şəhid olmaq ülvi amal uğrunda ölümə göz yummaqdır. Allah üçün, vətənin, millətin azadlığı, ana-bacıların namusu uğrunda canını fəda etməkdir şəhid olmaq. Şəhidlər üçün müqəddəs kitabımızda belə buyurulur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” Şəhidlərin qiyamət günü hansı mövqedə olacağına işarə edən hədisi-şəriflərdən birində belə buyurulur: “Şəhidləri yumayın. Çünki onların hər bir yara və qan damlasından qiyamət günü ətrafa müşk ətri yayılar.” (Əhməd b. Hənbəl, III, 299, V, 431; Nəsai, Cənaiz, 82) Həmçinin o böyük Nəbi şəhidlik rütbəsinin nə qədər uca olduğunu dilə gətirərək buyurur: “Cənnətə girən heç kim dünyadakı hər şey ona verilsə də, dünyaya geri qayıtmaq istəməz. ancaq şəhid müstəsnadır. O, qarşılaşacağı ikrama görə yenidən dünyaya qaytarılıb on dəfə də öldürülməyi istəyər.” (Buxari, Cihad, 6; Müslim, İmarə, 108, 109; Nəsai, Cihad, 33)
Şəhidlərin məzarı xalqın qəlbindədir. Xalq yaşadıqca, onlar da yaşayacaqdır. Şair necə də gözəl söyləyir:
“Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?
Göməlim gəl səni tarixə” desəm, sığmazsın…
…Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə aguşunu açmış duruyor Peygəmbər.” (M.A.Ersoy)
Çünki
“Olar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.” (B. Vahabzadə)
Qanlı 20 Yanvar hadisələrinin 22-ci ildönümündə onları hörmətlə yad edirik. Qəbirləri nurla dolsun. Müstəqilliyimizi onlara borcluyuq. Şəhidlər ölməz, vətən bölünməz!
ŞƏRHLƏR