İMAM NƏVƏVİ

İMAM NƏVƏVİ

İmam Nəvəvi hicri 631 ilin Məhərrəm ayında, Şamın Neva qəsəbəsində dünyaya gəldi. Ona doğulduğu yerə nisbətlə Nəvəvi deyilmişdir. Adı Yəhya olmasına baxmayaraq, Əbu Zəkəriyyə künyəsindən istifadə etmişdir. Bu, ümumiyyətlə adı Yəhya olanların istifadə etdiyi bir ünvandır. Hələ kiçik yaşlarında atası Muhyiddin əfəndi tərəfindən Quran təhsili alması üçün məktəbə göndərildi. Özü ticarəti sevmədiyi halda bəzən atasının dəmirçi dükanında işləməli olmuşdu.

18 yaşında atası onu Şamda yerləşən Rəvahiyyə mədrəsəsinə göndərmişdi. İmam Nəvəvi əvvəlcə burada tibb elminə maraq edib, İbn Sinanın “əl-Qanun fit-tibb” kitabını oxumağa başladı. Lakin elmin bu sahəsi onun ürəyincə olmadığı üçün daha sonra özünü tamamilə hədis elminə verdi. Çox güclü zəka və qüvvətli yaddaşa sahib idi. Kiçik yaşda Qurani-Kərimi dörd ay yarıma, Şafei məzhəbinin təməl kitablarından sayılan ət-Tənbeh adlı əsəri səkkiz ay yarıma əzbərləmişdi.

Hər gün müəllimlərindən on iki fərqli fənn oxuyardı. Zaman keçdikcə üsul, nəhv, lüğət və bu kimi elmlərin incəliklərinə vaqif oldu. Az müddətdə elmdə dövrünün ən böyük alimlərindən oldu və bəşəriyyətin irşadı, xoşbəxtlik və səadəti üçün bir çox kitab yazdı. İmam Nəvəvi İslam tarixində ən qabaqcıl fiqh alimlərindən biridir. Hicri 7-ci əsrin hədisçilərindən, məşhur İslam hüquqçularından və Şafei alimlərinin böyüklərindəndir. Bütün İslam tarixi boyunca İslam alimləri arasından ən elmli on ad zikr ediləcək olsa, İmam Nəvəvi bu seçilmiş on fəqihdən biri olardı.

Gecələrini Quran oxumaq və kitab yazmaqla keçirərdi. Bir gecə yenə kitablarını yazmaqla məşğul ikən otağı işıqlandıran çıraq söndü. Buna baxmayaraq əli eynilə çıraq kimi işıq saçmış və bu şəkildə yazmağa davam etmişdir. Hədis elminə ən xırdalıqlarına qədər vaqif idi. Nəvəvi Xalid b. Yusif təriqi ilə Ənəs bin Malikdən: “Bir kimsə səmimi qəlbdən şəhid olmağı arzu etsə, felən şəhid olmasa da şəhidlik savabına nail olar.” hədisini təxric etmişdir.

Şeyx b. Fərəh də deyir ki: “Şeyx Muhyiddin (İmam Nəvəvi) üç mərtəbəyə nail olmuşdu: birincisi, Elm; ikincisi, zöhd və üçüncüsü isə, yaxşılığı əmr edib, pislikdən uzaqlaşdırmaq.” Bu mərtəbələrin hər biri bir adamda olsaydı, heç şübhəsiz bunların biri üçün da olsa o adamdan feyz almaq üçün səfərə çıxmağa dəyər.” Zəhəbi isə onun haqqında belə deyir: “Hədis alimlərinin əfəndisidir. Səhih hədisləri zəif və uydurma rəvayətlərdən asanlıqla ayırardı… Yaxşılığı əmr, pislikdən çəkindirmə xüsusunda tayı-bərabəri yoxdur, aza qane olan, sadə geyinən, ağır və heybətli bir adam idi.”

İmam Nəvəvi sahib olduğu mövqeyindən asılı olmayaraq hər kəsə təbliğ edər, hətta hökmdarlara belə məktublar yazardı. Onlara xətalı davranışlarını xatırladar, ilahi əzabdan qorxmalarını istəyərdi. Evliliyin onu məşğul edəcəyini düşündüyü üçün heç evlənməmişdi. Hicri 655-ci ildə Əşrəfiyyə mədrəsəsində müəllimliyə başlamış, sonra da burada müəllim işləmişdir. Mədrəsədə dediyi dərs müqabilində aldığı maaş ilə kitab alar, onları oxuduqdan sonra da mədrəsənin kitabxanasına hədiyyə edərdi. Ədəbə zidd olduğunu düşünərək heç vaxt hamama getməmişdir. Gündə yalnız bir dəfə yeməklə kifayətlənərdi. Şübhəli şeylərdən şiddətlə uzaq duran İmam Nəvəvi yaşadığı Şam ərazisində yetişən meyvələrdən belə yeməmişdir.

Haqsızlığa heç vaxt boyun əyməyən Nəvəvi Sultan Baybarsın hüzuruna çıxaraq, şamlıların əlindən zorla alınan bağçalarının geri verilməsini, müdərrislərin maaşlarının azaldılmamasını, döyüş vergilərinin ləğv edilməsini istəmişdir. Sultan Baybars bu vergilərin tatarların hücumlarına qarşı  əsgər və silah-sursat tədarükü məqsədiylə qoyulduğunu, bu səbəblə də hüquqi olduğunu söyləmiş, bunun caiz olduğuna dair fətva verməsi üçün Nəvəviyə israr etmişsə də, alim bunu qəbul etməmişdir. İmam Nevevi sultan Baybarsa öz saraylarındakı dəbdəbəli əşyaları sataraq ordunun ehtiyaclarını qarşılaya biləcəyi söyləyə bilmişdir.

Zöhd və təqvada da son dərəcə üstün olan İmam Nəvəvi tövsiyəsində belə buyurur: “İnsanlar Uca Allaha qulluq və ibadət etmək üçün yaradılmışdır. İnsanlar səadətə qovuşmaq üçün yaradılış məqsədlərinə uyğun davranmalı və dünyaya düşkün olmaqdan qaçınmalıdırlar. Dünya nemətləri fanidir. Dünya əbədi qalınacaq bir mənzil deyil. O, axirətdə səadətə çatdıran bir minik kimidir. Sevinc, keyf, zövq və səfa yeri deyil, ayrılıq yeridir. Ağıllı adamlar bu fani dünyaya düşkün olmayıb qulluq vəzifəsini haqqıyla yerinə yetirənlərdir.”

İmam Nəvəvi hədislərdən fiqhi hökm çıxarmaq mövzusunda son dərəcə mahir idi. Lakin əsla mübahisəyə girməz və heç kimin qəlbini qırmazdı. İki dəfə həccə gedən İmam Nəvəvi ikinci həccindən sonra doğulduğu yerə qayıtmış, 45 yaşında orada vəfat etmişdir. 45 illik qısa ömründə 42 kitab və əsər yazacaq qədər həyatını və vaxtını bərəkətli hala gətirmişdir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz