ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANIN PAYTAXTI OLMUŞ ŞƏHƏR ƏRDƏBİL

ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANIN PAYTAXTI OLMUŞ ŞƏHƏR ƏRDƏBİL

Şumer mənbələrində qeyd olunduğuna görə Ərdəbilin tarixi 5000 ilə gedib çıxır. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Şəhər Qərbdən Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur. 2006-cı ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 412,669 nəfər əhalisi var. Əksəriyyəti azərbaycanlılardan ibarət olan şəhərdə çox az sayda (1%-dən az) farslar var.

İran Ensiklopediyasının müəllifi Dehxuda Fidovsi və Yaqut Həməviyə istinad edərək yazmışdır: “Sasani sülaləsinin nümayəndəsi Firuz tərəfindən salınmış Ərdəbil şəhəri mühüm iqtisadi rola malik olan Zaqafqaziya və Azərbaycan şəhərləri arasındakı ticarət yolu üzərində bina edilmişdir. Oradan meyvə qurusu, xalça və yun ixrac edilirdi. Əməvilərin dövründə isə Azərbaycanın paytaxtı Marağadan buraya köçürülmüşdür.”

Bir çox alimlər buradakı şəhərin əsasının Sasani şahı Firuz tərəfindən qoyulması fikrini qəbul etmirlər. Çünki şəhərin adı hələ Atropatenada Atropatidlər sülaləsinin dövründən yazılı mənbələrdə çəkilir. Bu isə şəhərin əsasının da farslar (Sasanilər) yox, atropatenlilər tərəfindən qoyulduğunu sübut edir.

Ərdəbil şəhərində olmuş Yaqut Həməvi əsərində bu şəhərin abadlığı, əhalisi, sənətkarlıq və ticarəti haqqında geniş məlumat verir. O, bu şəhəri Bazani Firuz adı altında təsvir edir.

Sasanilər dövründə mərzbanlıq mərkəzlərindən biri də bu şəhər olmuşdur. Şəhərin iqtisadi və ictimai əhəmiyyətindən istifadə edən ərəblər öz ordularını burada saxlayırdılar. Sonralar Yusif ibn Divdad Azərbaycanın paytaxtını Marağadan Ərdəbilə köçürmüşdü. Monqol yürüşləri dövründə şəhər əhali tərəfindən inadla müdafiə olunsa da monqollar şəhəri ələ keçirərək əhaliyə divan tutmuş və şəhəri dağtmışdı.

Ərdəbil öz xalçası və ipəyi ilə şöhrət tapmışdır. Həmçinin İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiyəddin və Şah İsmayılın məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.

Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Dəniz səviyyəsindən 4820 m. hündürlüyə malik olan Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də "Fındıqlıq" adlanan meşəliklərdir ki, bu da Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir.

Səfəvilər dövlətinin qurulduğu tarix İranın Mədəniyyət şurası tərəfindən Ərdəbil Milli Günü kimi adlanmışdır.

1220-1221-ci illərdə şəhərdə olmuş Əbuon şəhərin abadlığı və bolluğu haqqında belə yazır: “Səfalı və ürəkaçan yerdə bina edilmiş bu böyük şəhərin bol suyu, meyvə ağacları və çoxlu ərzaq malları var. Xəzər dənizindən Ərdəbilə iki günlük yoldur. Şəhərdən bir günlük məsafədə yerləşən meşələr olduqca əzəmətlidir. Şəhərə düşmən təhlükəsi üz verdikdə əhali qaçaraq bu meşədə özünü qoruya bilir.”

Elxanilər və Teymurlular dövründə də inkişaf edən Ərdəbil şəhəri xüsusilə Səfəvilərin hakimiyyəti zamanında Ərdəbil ictimai-iqtisadi nöqteyi-nəzərdən özünün yüksək səviyyəsinə yüksələrək Yaxın Şərqin ən məşhur şəhərlərindən birinə çevrilmişdi.

1746-cı ildə Muğanın Ultan qalasında (Suqovuşanda) Nadir şahın tacqoyma mərasimi keçirildikdən sonra o, bu hadisəni Ərdəbildə təntənə ilə qeyd etmişdr. Qacarların hakimiyyəti dövründə isə Azərbaycanın başqa şəhərləri kimi Ərədil də yavaş-yavaş öz əhəmiyyətini itirməyə başladı.

XIX əsrin əvvəllərində Abbas Mirzənin göstərişi ilə fransız generalı Qardan Ərdəbildə müdafiə xarakterli qala tikintisinin layihəsini verir və inşaata rəhbərlik edir. Qala xalq tərəfindən Narınqala adlandırılır. Rza şahın dövründə sökülən qalanın yerində yeni binalar, o cümlədən poçt-teleqraf binası inşa edilir.

Şəhər daim təcavüzlərə məruz qaldığından şəhərdə qədim dövrün abidələri o qədər də çox deyil. Ruinqala şəhər ətrafında olan ən qədim abidələrdən biridir. Ərdəbil Cümə məscidi də qədim abidələrdən olmaqla, Azərbaycanın ən qədim məscidlərindən biri, Azərbaycan memarlığının qiymətli incisidir. Məscid Səlcuqlular dövründə tikilmişdir. Mütəxəssislərin qeyd etdiyinə görə Ərdəbil Cümə məscidi ərəb işğalından sonra şəhərdə salınmış ilk abidədir. Uca minarəsinin uçmasına baxmayaraq məscid öz əzəmətini qoruyub saxlamışdır. Səfəvilər dövründə yaradılmış memarlıq abidələri isə şəhərə xüsusi əzəmət və gözəllik verir. Burada Azərbaycan incəsənətinin ən qiymətli nümunələrindən olan Şeyx Səfi türbə kompleksi xüsusilə diqqətə layiq əsərdir. Türbədə Şeyx Səfinin məzarı üstündəki sənduqə Seyid Sədrəddin Musa dövründə hazırlanmışdır. Bu türbənin arxasında Seyid Sədrəddinin oğlunun məzarı, onun yanında isə Xacə Əli Siyahpuşun məzarı yerləşir. Şeyx Heydər və Şah İsmayıl Xətainin türbələri kompleksi tamamlayır. Həmçinin Həlimə xatun və Fatma xatun türbələri də buradadır. Şeyx Səfi türbə kompleksinə daxil olan Çinixana binası da gözəl memarlıq nümunəsi hesab olunur. Buraya Çinixana adı ona görə verilmişdir ki, binanın divarlarında hər çini qabın özünə məxsus, sənətkarın istedad və zövqünə uyğun olaraq yerlər hazırlanmışdır. Azərbaycan ustaları tərəfindən hazırlanan qablar və onların divardakı yerləri adamı heyrətə salır.

Ərdəbil xalçaçıları tərəfindən toxunmuş Şeyx Səfi xalçası Azərbaycan xalçaçılıq tarixinin ən mükəmməl nümunələrindəndir. Həmin xalça İngiltərənin Viktoriya və Albert muzeyində saxlanılır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz