AĞLA, QƏRƏNFİL, AĞLA

AĞLA, QƏRƏNFİL, AĞLA

Göylər yaman qarışıq,

Ağla, qərənfil, ağla!

Sis gəlir qan qarışıq,

Ağla, qərənfil, ağla!

 

Dünyada vəsvəsə var,

Sirr düyünlü kisə var.

Bu gecədə nəsə var,

Ağla, qərənfil, ağla!

 

Bu gecə - ifrit gecə,

Bu gecə - nifrət gecə.

Qudurmuş bir it gecə,

Ağla, qərənfil, ağla!

 

Gecə fitnə toxuyur,

Kim yazır, kim oxuyur?!

Bu hava qan qoxuyur,

Ağla, qərənfil, ağla!

 

Bu gecə - cəllad gecə,

Bu gecə - zülmət gecə,

Bu gecə - zillət gecə,

Ağla, qərənfil, ağla!

 

Göy qübbə Yerə çökür,

Hönkürür hönkür-hönkür,

Bu gecə ağrı çəkir:

Ağla, qərənfil, ağla!

 

Sanki dünya dağılır,

Darğın göylər boğulur,

Bu gecə şər doğulur,

Ağla, qərənfil, ağla!

 

Donuxub bəşər indi,

Meydan yenə şərindi.

Qopacaq məhşər indi,

Ağla, qərənfil, ağla!

 

Gecə qurşun doğacaq,

Qanlı qoşun doğacaq,

Qan bayquşun doğacaq,

Ağla, qərənfil, ağla!

 

Əliyalınlar üstə

Tank gəlir dəstə-dəstə.

Cəlladlar durub qəsdə:

Ağla, qərənfil, ağla!

 

Yoluna güllə çıxsaq,

Əvəzi: güllə ancaq!..

Dost –zəif, düşmən – alçaq!

Ağla, qərənfil, ağla!

 

Getməyə yerimmi var,

Adilmi, kərimmi var?!

Qarabəkirimmi var?!

Ağla, qərənfil, ağla!

 

Yol dirəndi yoxuşa,

Gəlməzmi Ənvər paşa

Bu dərdi çaxsın daşa? –

Ağla, qərənfil, ağla!

 

Qanımızı nə çəkdi?!

Ömür solmuş çiçəkdi...

Nuru paşa gecikdi,

Ağla, qərənfil, ağla!

 

Düşünülmüş planlar,

Gerçəklənmiş yalanlar...

Şahə qalxıb ilanlar,

Ağla, qərənfil, ağla!

 

Qəfil toplar qışqırır,

Göz qorxuzur, diş qırır.

Bu gecə qan fışqırır,

Ağla, qərənfil, ağla!

 

Qırırlar – bizik deyə!

Haqqına düzük deyə!

Astarsız üzük deyə,

Ağla, qərənfil, ağla!

 

Ev-eşik gülləbaran,

Kəsilmir güllə bir an.

Qurşun yeyir gənc, piran,

Ağla, qərənfil, ağla!

 

Doxsan -  bizə nəs ildi:

Haqq-ədalət nazildi.

Nəfəsimiz kəsildi,

Ağla, qərənfil, ağla!

 

Gecə əriməz daha,

Çətin çıxaq sabaha...

Bu fəryada, bu aha

Ağla, qərənfil, ağla!

 

La ilahə illəllah!

La ilahə illəllah!

Qurşağa çıxdı günah!

Qaldımı haqqa pənah?!

Ağla, qərənfil, ağla!

 

Canlardan o sədd hanı?!

Can gedib, cəsəd hanı?!

Əcəldən fürsət hanı?!

Ağla, qərənfil, ağla!

 

Qərənfil - şəhid qanı!

Qan götürdü dünyanı...

Ağla, inlət meydanı,

Ağla qərənfil, ağla!

 

Cavanlara qıydılar,

Tanklar altda qoydular.

Qanım içib doydular,

Ağla qərənfil, ağla!

 

Sinə yırtsın analar!

Saç qopartsın analar!

Ərzi qabartsın analar,

Ağla, qərənfil, ağla!

 

Hər şəhidə bir düzüm,

Abşeron - qan dənizim.

Sən - mənim ağlar gözüm,

Ağla qərənfil, ağla!

 

Uzaq mənzil, acı yol,

Yoldu, yol, əlacı yol!

Şəhidlərə bacı ol…

Ağla qərənfil, ağla!

 

Bağ öldü, xəzəl ağlar,

Bülbüllər əzəl ağlar.

Gözəllər gözəl ağlar:

Ağla, qərənfil, ağla!

 

Millətin bağrı zədə,

Vurnuxur qorxu, hədə,

Ağla öz dərdinə də,

Ağla, qərənfil, ağla!

 

Nə ocaqdı çatmısan?!

Fələyi ağlatmısan!

Al qanıma batmısan,

Ağla, qərənfil, ağla!

 

Eşq, sevda giləsiydin,

Xonçada gələsiydin,

Toylarda güləsiydin,

Ağla, qərənfil, ağla!

 

Daha səni gördükcə

Gözə batar o gecə.

Bu gücsüzə, o gücə

Ağla, qərənfil, ağla!

 

Kərbəla - qan çöllərə,

Puç olan qönçələrə,

Nazənin incələrə,

Ağla, qərənfil, ağla!

 

Bəxti asılan qıza,

Hünərdə aslan qıza

Toyu yas olan qıza

Ağla, qərənfil, ağla!

 

Ağla, ürək boşalsın,

Ünün göyə baş alsın.

Ağla, dağlar yumşalsın,

Ağla, qərənfil, ağla!

 

Bu təklənmiş şirlərə,

Bu arxasız ərlərə,

Bu talesiz nərlərə,

Ağla, qərənfil, ağla!

 

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara,

Ağla, qərənfil, ağla!

 

Bu bədənsiz qollara,

Bu uçurum yollara,

Bu yiyəsiz qullara,

Ağla, qərənfil, ağla!

 

Bu səngiməz ağrıya,

Bu qan sızan sarğıya,

Bu Allahsız qurğuya,

Ağla, qərənfil, ağla!

 

Bu qara yazılara,

Bu körpə quzulara,

Bu ölən arzulara,

Ağla, qərənfil, ağla!

 

Hara gedir bu qanlar?!

Od püskürür vulkanlar!

Boş əlimiz – qalxanlar,

Ağla, qərənfil, ağla!

 

Xeyrə şər üstün gəldi,

İniltili ün gəldi…

Ağlamalı gün gəldi,

Ağla, qərənfil, ağla!

 

 

 

 

 

 

 

 

 

Qanlı 20 Yanvar şəhidləri haqqında

 

On doqquz yanvarda doğum evləri

Ölümdən, qırğından xəbərsiz idi.

O gün Bakımızda axşamdan bəri,

Ölüm ilə həyat üzbəüz idi.

 

Güllə səslərini çağa səsləri,

Batırdı o gecə, şükür allaha!

Doldu şəhidlərin boşalan yeri,

Naşükür olmayaq, vallah, bir daha!

Gedən oğulların, axan qanların,

Əvəzi su səpdi yanan qəlbimə,

O şənbə gecəsi doğulanların,

Onundan doqquzu oğlanmış demə.

 

Zalimin zəfəri başdan qələtdir,

Zamanın səsini biz də dinlərik.

Dünya gücümüzə yaxşı bələddir,

Hələ biçilməmiş əkilənlərik!

 

Mart, iyun 1990

Bakı – Şəki

 

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

 

Zalım öyünməsin zülmləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.

 

O şənbə gecəsi, o qətl günü,-

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü şəhidlər.

 

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.

 

Onlar susdurulan haqqı dindirər,

Qaraca torpağı qiymətləndirər.

Donan vicdanları qeyrətləndirər,

Axı, el qeyrəti çəkdi şəhidlər.

 

Bilirik, bu bəla nə ilkdi, nə son,

Ölürkən uğrunda bu ana yurdun.

Quzu cildindəki o qoca qurdun,

Doğru, düz cildini çəkdi şəhidlər.

 

Dözdü hər zillətə, dözdü hər şeyə,

“Dünyada mənim də haqqım var”,- deyə

Kütləni xalq edən müqaviləyə

Qanıyla qolunu çəkdi şəhidlər.

 

İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumu əkdi şəhidlər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz