Bir dua nümunəsi
Mənəviyyatı İslamla yoğrulmuş xalqımızın başda dil olmaqla bütün mənəvi dəyərləri onunla bəzənmiş, bir növ onun ruhunu əks etdirərək hər incisində öz təravətini hiss etdirmişdir. Bu, əslində həyatın həqiqət fəlsəfəsini axtaran əcdadın kainatın mənşəyi və mahiyyəti haqda gəldikləri gənaətin təzahürüdür. Bunu İslamda tapması isə elm və ağılla paralellik göstərən yeganə din olması səbəbilədir. Ona görə də bir müsəlmanın təbiətlə, fərdlə, cəmiyyətlə ünsiyyəti olduğu kimi kainatı yaradan Allahla da ünsiyyəti var ki, bunun əsasını ünsiyyət vasitəsi kimi ibadət və duaları təşkil edir.
Özü də bir ibadət olan dua mədəniyyəti keçmişdən bugünə insanımızın həyat tərzinin bir parçası olmuşdur. Həyatı boyu onun məna aləmini bəzəmişdir. Həyat axarında təbii olaraq müxtəlif dövrlərdə müxtəlif cür təzahür etmişdir. Rastlaşdığımız bir dua nümunəsi bu qəbildəndir.
Sərlövhəsi “dua” olan jurnalımıza 1868-ci ildə Car-Balakən bölgəsində yazılmış bir dua parçası ilə qoşularaq bunu həm oxucularımızla paylaşmaq, həm də əcdadımızın sözügedən məna aləminə birlikdə səyahət etmək istədik. Əlyazma Zaqatala Tarix Diyarşünaslıq Muzeyinə məxsus “Kəhf surəsi” cüzündən götürülmüş bitiş duasından ibarətdir. Çobankollu Həsən Molla Məhəmməd oğlu tərəfindən qələmə alınmış bu dua nümunəsi spesifik xüsusiyyəti ilə yanaşı bizə çox şeydən xəbər verir. Dua möhtəvasının ərəb əlifbasının 29 hərfinə həsr olunması buradakı yazı-pozu mədəniyyətində Quran dilinə olan aşinalıq və ona göstərilən əhəmiyyətdən, eyni zamanda bunun bir dua ilə əks etdirilməsi isə gündəlik həyatın hər anında dini dəyərlərin keyfiyyətindən və duanın yerindən xəbər verir.
Tarixi irsimizin bir nümunəsi kim nəsx dəsti-xətti ilə yazılmış bu əlyazma əsərin dua hissəsini oxucularımızla paylaşmaq keçmişimizə işıq tutmaq olsa da, bu duanın oxunması və ya dillərdə yenidən kim tərəfindənsə əzbərlənməsi isə bəlkə də onun müəllifinin əsl məqsədinə xidmət olacaqdır ki, duanın transkripsiya və mənası aşağıdakı kimidir:
“Allahummənfə`na bil-Əlfi ulfətən, və bil-Bəi bərakətən, və bit-Təi təvbətən, və bis-Səi səvabən və bil-Cimi cəzəən və bil-Hai hikmətən və bil-Xai xaləan və bid-Dəli dunuvvən və biz-Zəli zəkaən və bir-Rai rahmətən və biz-Zəi zulfətən və bis-Sini səadətən və biş-Şini şifaən və bis-Sadi sıdqən və bid-Dai ziyaən və bit-Tai təravətən və biz-Zai zafəratən və bil-Ayni ilmən və bil-Ğayni ğanəən və bil-Fəi fəlahan və bil-Qafi qarabətən və bil-Kəfi kifayətən və bil-Lami lutfətən və bil-Mimi mövizatən və bin-Nuni nuvviran və bil-Vavi vəslən və bil-Həi hidayətən və bil-Yəi yusran Birahmətikə Yə Ərhəmər-rahimin! Ya Hənnan! Ya Mənnan! Ya Burhan! Ya Rahim! Ya Kərim! Ya Allah! Birahmətikə Ya Ərhamərrahimin”
“Ey Allahım! Bizi (Quranın hər bir hərfi ilə) nemətləndir. Əliflə ülfətimizi, Bə ilə bərəkətimizi, Tə ilə tövbəmizi, Sə ilə savabımızı, Cim ilə mükafatımızı artır. Ha ilə bizə hikmət ver. Xa ilə günahlarımızı təmizlə. Dəl ilə bizi sənə yaxınlaşdır, Zəl ilə zəka, Ra ilə rəhmət ver. Zə ilə bizi cənnətinə yaxınlaşdır. Sinlə səadət, Şin ilə şəfa ver. Sad ilə bizi doğru qıl. Dad ilə bizə ziya, Ta ilə bizə təravət ver. Za ilə bizi müzəffər qıl. Ayn ilə elm, Ğayn ilə zənginlik ver. Fə ilə qurtuluş, Qaf ilə yaxınlıq ver. Kəflə ehtiyacımızı həll et. Lam ilə bizə lütf eylə. Mimlə bizi nəsihətləndir. Nunla bizi nurlandır. Vavla bizi vasil eylə. Hə ilə bizə hidayət ver. Yə ilə bizə asanlıq ehsan eylə!
Ey mərhəmətlilərin ən mərhəmətlisi! Ya Hənnan! Ya Mənnan! Ya Bürhan! Ya Rahim! Ya Kərim! Ya Allah! Bizə mərhəmətinlə rəhm eylə!”
ŞƏRHLƏR