RUHUN TƏRBİYƏSİ

RUHUN TƏRBİYƏSİ

Müqəddəs kitabımız Qurani-Kərimdə insanlara ədalət, ata-anaya itaət, sevgi, mərhəmət, qardaşlıq, sülh, etibar, doğruluq, dürüstlük, birlik-bərabərlik, yaxşılıq, ehsan, ismət, əliaçıqlıq, insaf, şirindilli olmaq, gülərüzlülük, təmizqəlblilik və s. kimi gözəl əxlaqi xüsusiyyətlər tövsiyə edilir. Eyni zamanda da zülm, haqsızlıq, riyakarlıq, ikiüzlülük, qeybət, qaşqabaqlılıq, xəsislik, eqoizm, qısqançılıq, kin, həsəd, arsızlıq, yalançılıq, israf, özbaşınalıq, asilik və s. kimi pis xüsusiyyətlərdən uzaq durmaları əmr edilir.

 Bütün bunlar bir daha müqəddəs kitabımız Quranda əxlaqa nə qədər böyük əhəmiyyət verildiyini göstərir. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in gözəl əxlaqı təşviq edən və pis xüsusiyyətləri tənqid edən hədisləri isə saysızdır. O, bu sözləri yalnız söyləməklə kifayətlənməmiş, özü şəxsən yaşayaraq insanlara nümunə olmuşdur. Bununla da  bəşəriyyətə və insanlara gözəl əxlaqı öyrətmişdir. Buna görə də Sevimli Peyğəmbərimiz (s.ə.s)-in yaşayışı və həyat tərzi İslam əxlaqının ən bariz nümunəsidir. Məhz bu səbəblə onun gözəl əxlaqından söz açmaq yerinə düşərdi. Çünki o, həqiqətən bizlərə hər mövzuda ən gözəl nümunədir.  

Rəsulullah (s.ə.s) gülərüzlü, nəzakətli və həssas insan idi. Daş ürəkli, sərt və qırıcı deyildi. Ağzından səhv və qaba bir söz qətiyyən çıxmazdı. Başqalarını tənqid etməz, heç kimin ayıbını üzünə vurmazdı. Səhv və xoşagəlməz bir hərəkət gördüyü zaman “İçinizdən bəziləri belə-belə hərəkət edirlər” -deyə bunları edənlərin kim olduğunu demədən və heç kimi incitmədən səhvlərini düzəldərdi. Heç kimin sözünü kəsməz, sonuna qədər dinləyərdi. Mübahisə etməyi sevməz, sözü həddindən artıq uzatmazdı. Özünə  aid olmayan işlərlə məşğul olmaz, heç kimin gizli işlərini də araşdırmazdı. Hətta özünə qarşı edilən pislikləri nə qədər böyük olsa da bağışlayar, əlinə fürsət düşdükdə belə intiqam almazdı. Belə ki, Məkkə müşrükləri onun yoluna tikan tökər, üstünə zir-zibil atar, haqqında dedi-qodular edərdilər. Belə bir anda o səbir edər, Allahın lütf və nemətinə düçar olduqda isə şükür edərdi. Bütün insanları bərabər tutar, onların arasında varlı-kasıb, ağa-kölə, böyük-kiçik deyə əsla fərq qoymazdı. Ona hər cəhətdən etibar edilər, verdiyi sözü mütləq vaxtında yerinə yetirərdi. Zarafatyana da olsa yalan danışmamışdır. Bu səbəblə ona hələ peyğəmbər olmamışdan əvvəl «Muhəmmədul-Əmin» deyilirdi. Müşrikləri toplayıb onları İslama dəvət edərkən soruşmuşdu: “Sizə bu dağın arxasında düşmən atlıları olduğunu desəm mənə inanarsınızmı?” Hamı: “Hamımız inanırıq, çünki sən yalan danışmazsan,” - deyə cavab vermişdi.

Məhz özü belə olduğu üçün hamının düzgün olmasını istəyərdi. Şəxsiyyətimizin formalaşmasında, bizə hər mövzuda ən gözəl nümunə, hər iki dünyamızda şəfaətçi olan Sevimli Peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyurmuşdur: “Doğruluqdan ayrılmayın, çünki doğruluq yaxşılıq və xeyrə aparır. Yaxşılıq və xeyir əməl də insanı cənnətə aparır. İnsan doğrunu axtardıqca Allah qatında sədaqətlilər zümrəsinə yazılır. Yalan danışmaqdan və yalançılıqdan çəkinin. Çünki yalan insanı pisliyə sövq edir. Pislik isə insanı cəhənnəmə aparır. İnsan yalan danışmağa davam edərsə, Allahın qatında yalançılar təbəqəsinə yazılır.”

Rəsulullah insanların ən comərdi və ən kərimi idi. O, əlinə düşənlərlə ehtiyacı olan insanların ehtiyacını ödəyərdi. Son dərəcə təvazökar idi. Bir məclisə getdiyi zaman insanların onun üçün ayğa durmasını istəməzdi. Harada boş yer tapsa, orada da oturardı. Yoldaşları onun işlərini görməyi özləri üçün şərəf hesab etdiyi halda, bütün işlərini həmişə özü görər, ev işlərində xanımlarına kömək edərdi. Özünün mədh edilməsini və ona həddindən artıq hörmət göstərilməsini istəməzdi. Kasıb insanlarla oturub-durmaqdan, yoxsulların, dulların, sahibsizlərin işlərini görməkdən zövq alardı. Bütün işlərini nizam-intizam içində görərdi. Namaz və ibadət, yatmaq və istirahət üçün ayırdığı vaxt, qonaqlar və ziyarətçiləri qəbul etdiyi saatlar hər zaman müəyyənləşdirilmiş olardı. Vaxtını boş keçirtməz, hər anını faydalı bir işə həsr edərdi. Xülasə, müqəddəs kitabımız Qurani-Kərimdə Allahın insanlarda görmək istədiyi yüksək əxlaqi sifətləri Əziz Peyğəmbərimiz söyləməklə qalmamış, onu şəxsən yaşamışdır.

Müsəlman ruhunun tərbiyəçisi əsl İslam əxalıqıdır. Hansı ki, Sevimli Peyğəmbərimiz (s.ə.s)-in əxlaqında olan xüsusiyyətləri öz ruhumuza aşılamaqla ruhu xəstələndirən pis xüsusiyyətlərdən uzaqlaşa bilərik. Əgər kimsə Allahın öz qulunda görmək istədiyi yüksək əxlaqi xüsusiyyətləri ruhunda qaynayıb-qarışmasına səy göstərmirsə, yaşadığımız cəmiyyətlərdə baş verən pisliklər, müsəlmançılığın deyil, ruhu pis xüsusiyyətlərlə xəstələnmiş insanların gördüyü pis əməllərin nəticəsidir.

Müsəlmançılıq deyəndə məhz Allahın öz qulunda görmək istədiyi ədalət, mərhəmət, ata-anaya ibadət bağışlama, şəfqət, doğruluq, dürüstlük, gülərüzlülük, təmizqəlblilik, təvazökarlıq, əhdə vəfa, etibarlı olmaq, sədaqətlilik, comərdlik və s. kimi yüksək əxlaqi xüsusiyyətlərə malik olan, xülasə, əsl İslam əxlaqına tam sahib çıxmış insanlar başa düşülməlidir. Beləliklə, müsəlmançılıq insanlara tamah, şəhvət, zülm, haqsızlıq, yalançılıq, riyakarlıq, xəyanət, kin-küdurət, ikiüzlülük və s. kimi Allahın bəyənmədiyi pis sifətlərdən uzaq olmağı əmr edir. Bununla da ruhu yüksək əxlaqi xüsusiyyətlərlə qidalanan insanların gördükləri işlər yaxşılıq və xeyirlə nəticələnər. Yaxşı və xeyir işlər görənlər isə Allah yanında sədaqətlilər təbəqəsinə yazılarlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz