SƏBİR

SƏBİR

Səbir iki növdür: Allah üçün səbir və Allah ilə səbir.

Allah-Təala buyurur: “Səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyi ilədir”. (ən-Nəhl, 127),

“Sən öz Rəbbinin hökmünə səbir et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan)”. (ət-Tur, 48)

Alimlər arasında bu iki səbirdən hansının daha mükəmməl olması barədə fikir ayrılığı vardır. Bir qisim alimlər: “Allah üçün olan səbir daha mükəmməldir. Çünki Allah üçün olan şey Allah ilə olan şeydən daha mükəmməldir. Ona görə ki, Allah üçün olan şey qayədir. Allah ilə olan şey isə vəsilədir. Qayələr vəsilələrdən şərəflidir”, - demişlər.

Digər bir qisim alimlər isə belə demişlər: "Allah ilə olan səbir daha mükəmməldir. Hətta Allah üçün olan səbir ancaq Allah ilə olan səbirlə mümkündür. Belə ki, Allah-Təala "səbir et" buyurmuşdur, yəni Allah Öz elçisinə səbir etməsini əmr etmişdir. Burada əmr edilmiş olan səbir Allah üçün olan səbirdir. Sonra Allah-Təala: “Sənin səbir etməyin yalnız Allahın köməyi ilədir” (ən-Nəhl, 127) buyurmuşdur. Belə ki, hədislərin birində: "Mənimlə eşidir, mənimlə görür, mənimlə alıb-verir, mənimlə yeriyir" (Buxari, 6502) - buyurulmuşdur”.

Bir rəvayətdə: "Hər şeyə dözənlər mənim üçün dözürlər" (Əl-Quşeyri, Risalə, səh. 186.) - buyurulmuşdur. Səbri Allah ilə olmayan kəs səbrin sonundakı gözəl dərəcəyə çata bilməz. Eşitməsi, görməsi, alıb-verməsi, yeriməsi Allah ilə olmayan kəs də sevilən və Allaha yaxınlaşdıran dərəcəyə çata bilməz.

"Mən qulumun eşidən qulağı, görən gözü, alıb-verən əli, yeriyən ayağı olaram" hədisi, "Mənimlə eşidir, mənimlə görür, mənimlə alıb-verir, mənimlə yeriyir" hədisi ilə şərh edilmişdir. Hədisdə Allah-Təalaya Onun sevdiyi şeylərlə yaxın olmaq, hər an onun yaxınlığının fərqində olmaq ifadə edilmişdir.

Qulun qəlbini və ruhunu Allah sevgisi örtdükcə Allah ona o qədər yaxın olur ki, bu yaxınlıq ancaq belə ifadələrlə anladılır. Qulun səbri Allahın onunla olmasına görədir. Allahın onunla olduğuna qane olduqdan sonra başqalarının səbir edə bilməyəcəkləri şeylərə də səbir edər.

Əbu Əli Sina demişdir: "Səbir edənlər dünya və axirət səadətini əldə edib Allah ilə birlikdə olma şərəfinə nail olanlardır. Necə ki, Uca Allah: “...Həqiqətən, Allah səbir edənlərlədir” (əl-Ənfal, 46) - buyurmuşdur". (Əl-Quşeyri, Risalə, səh. 186)

Burada çox incə bir sirr vardır. O da budur ki, hər kim Allahın sifətlərindən birinə sarılarsa, o sifət onu Allaha yaxınlaşdıracaqdır. Allah-Təalanın sifətlərindən biri də "əs-Sabur" - çox səbirli olandır. Hətta qullarından gördüyü üsyan və nankorluğa Onun qədər səbir edən yoxdur.

Deyilənə görə, Allah-Təala Hz. Davuda (ə.s): "Mənim əxlaqımla tərbiyələn, çünki çox səbirli olmaq Mənim əxlaqımdandır", - deyə vəhy etmişdir. (Əl-Quşeyri, Risalə, səh. 185) Allah-Təala ad və sifətlərini sevdiyi kimi, bunların əlamətlərinin qullarında görünməsini də sevir. Çünki Allah gözəldir, gözəl davranışları sevir. Allah əfv edəndir, əfv edənləri sevir. Allah səxavətlidir, comərd olanları sevir. Allah hər şeyi haqqıyla biləndir, elm əhlini sevir. Allah təkdir, təki sevir. Allah çox qüvvətlidir və Allah dərgahında qüvvətli mömin zəif mömindən daha sevimlidir. Allah çox səbirlidir, səbir edənləri sevir. Allah "əş-Şəkur" - çox şükür edəndir, şükür edənləri sevir.

Uca Allah Öz sifətlərinin əlamətləri ilə vəsf olunanları sevdiyinə görə, qullar da bu sifətlərlə vəsf olunduqları qədər Allah onlarla bərabərdir. Allah-Təala məhz bu xüsusi bərabərliyi: "Mən qulumun qulağı, gözü, əli və onu dəstəkləyəni olaram", - buyuraraq açıqlamışdır. Allahla səbrin mahiyyəti də məhz qəlbin doğruluqda Allahla birlikdə səbat edib Ona bağlanmasıdır.

Səbrin ən çox ortaya çıxdığı və dəyər qazandığı imtahan səhnələrindən biri də döyüş meydanlarıdır. Qurani-Kərimdə belə buyurulur: “Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza qovuşduracağıq.”(əl-Ənkəbut, 69); “Allah yolunda layiqincə cihad edin...” (əl-Həcc, 78).

Hz. Cabirin (r.a) atası Uhud müharibəsində şəhid olmuşdu. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: "Şübhə yoxdur ki, Allah-Təala Cabirin atasını diriltdikdə ona: "Nə istəyirsən dilə", - deyə buyurdu. O da: "Ey Rəbbim, məni dünyaya təkrar göndər. Sənin uğrunda ikinci dəfə şəhid olmaq istəyirəm", - dedi". (Tirmizi, 3010; İbn Macə, 190, 2800; Əhməd, 3/321,286)

Allah Rəsulu (s.ə.s) demişdir: "And olsun ki, Allah uğrunda mənə edilən əziyyətlər heç kimə edilməmişdir". (Tirmizi, 2472; İbn Macə, 151; Əhməd, 120, 286; Əbu Yəla, 3423; İbn Hibban, 6560)

Allah-Təala Peyğəmbərə (s.ə.s) gözəl səbri əmr etmiş, o da: "İlahi! Qüvvətimin zəiflədiyini, çarəsiz qaldığımı ancaq Sənə ərz edirəm", - demişdir. (Təbərani, "əl-Kəbir". 13/73/181; əl-Heysəmi, "Məcmuə əz-Zəvaid" 6/35)

Nəticə olaraq səbir həyatımızın hər anında Uca Allaha sığınmaq, onunla birlikdəliyin şüurunda olmaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz