QARTAL YUVAYA QAYIDIR
Bir neçə il bundan əvvəl azərbaycanlı millət vəkili dostlarımızdan biri belə bir xatirəsini bölüşmüşdü: “Avropa parlamentində keçirilən toplantılardan birində erməni millət vəkili azərbaycanlı millət vəkilinə belə sual verir:
- Sizdə milli-mənəvi duyğular və tarix necə öyrədilir?
Millət vəkili dostumuz bu sahədə təlim-tədrisin yüksək səviyyədə olduğunu bildirir. Ardınca ermənidən bu sualı nə üçün verdiyini soruşur. Erməni millət vəkili deyir:
- Əgər bu dərslər və təlimlər səthi öyrədilirsə, bizə sərf edir, siz gələcəkdə Qarabağı unudacaqsınız. Yox, milli-mənəvi dəyərlər və tarixi faktlar ciddi şəkildə öyrədilirsə, bizim gələcək üçün heç bir şansımız yoxdur. Mütləq Qarabağı bizdən alacaqsınız”.
28 il əvvəl bu torpaqlardan sürgün edilən gənclər böyüdü. Milli-mənəvi dəyərlərlə tarix şüuru, torpaq və bayraq sevgisi, şəhadət müjdəsi ilə yetişdi. Bu gün milli və mənəvi duyğularla dolu Azərbaycan əsgəri tarixə qızıl hərflərlə dastan yazır. Qəhrəman Azərbaycan ordusu işğal edilmiş torpaqlarını azad edərkən canı bahasına böyük şücaət və qəhrəmanlıq sərgiləyir. Bütün dünya bu mühüm hadisələrə və tarixə şahidlik edir. Azərbaycanın Ali Baş Komandanı və cəsur əsgərləri hər gün xalqına yeni müjdələr verir.
27 sentyabr səhəri Ermənistanın xaincəsinə günahsız insanlara və torpaqlarımıza təhrikedici hücumuna möhtərəm Prezidentimiz İlham Əliyevin təlimatı ilə güclü ordumuz misli ilə cavab verdi. Ordumuz işğal edilmiş torpaqlarının böyük bir hissəsini və bir sıra strateji nöqtələri geri aldı və almağa davam edir.
Möhtərəm Osman Nuri Topbaş əfəndi:
“Geri qalmış millətlərlə inkişaf etmiş millətlər arasında bir dirhəm fərq var. O da bir ovuc yetişmiş insandır”, - deyir. Bu gün bir daha bu gerçəyə şahid oluruq. Yetişmiş bir ovuc insanın istehsal etdiyi İHAlar, SİHAlar başda olmaqla yeni üstün strategiya ilə ortaya qoyulan çalışmaların əhəmiyyəti bir daha öz əksini tapır. “Vətəni ən çox sevən insan Vətəni üçün ən çox çalışandır”.
Bu mürəkkəb prosesdə Türkiyə Cümhuriyyətinin möhtərəm prezidenti Rəcəb Tayyib Ərdoğanın, dövlət xadimlərinin, fikir adamlarının və türk xalqının dəstəyi Azərbaycan ordusuna və xalqına ruh yüksəkliyi verir.
Bir neçə il əvvəl Çexiyanın paytaxtı Praqada baş tutan AB-Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə yönəldilən tənqidlər qarşısında söylədiyi “Burada Türkiyə yoxdur, amma mən varam”, sözü məclisə damğa vurmuşdu. Sarkisyanın sammitdəki çıxışının əsas mətninin Türkiyəni ittiham edici soyqırım iddialarından ibarət olduğunu görən cənab İlham Əliyev ona: “Türkiyənin burada təmsil olunmadığını bilərək bundan istifadə edirsiniz. Amma mən buradayam və sizə cavab verirəm”, - demişdi.
Azərbaycanın milli dəyərləri və torpaq bütünlüyü Türkiyənin ən əhəmiyyətli beynəlxalq strategiyasının başında gəlir. “Bir millət, iki dövlət”, bir ürək şüarı ilə tarixin dərinliklərindən gələn dostluq və qardaşlıq Türkiyə və Azərbaycan arasında bu gün də hər iki dövlət rəhbərinin səyləri ilə daha da möhkəmlənərək zirvəyə çatmışdır. Bu qardaşlıq həm Türkiyəyə, həm də Azərbaycana böyük güc verir.
Bu günlərdə Azərbaycan türkü böyük bərabərlik ruhu ilə mühüm qələbələrə imza atır. Mərd xalqımız böyük birlik, qardaşlıq, comərdlik və fədakarlıq nümunəsi göstərir. Əlbəttə ki, güclü Azərbaycan dövləti əsgərlərinə və təmas xəttində düşmən hücumuna məruz qalan sivil vətəndaşlarına hər cür dəstəyi verməyə qadirdir. Lakin bu xalqın əlindəki çörəyi də ikiyə bölərək cəbhə bölgəsindəkilərə göndərməsi göz yaşları ilə izlədiyimiz böyük fədakarlıq mənzərəsidir.
Zəfər yolunda şəhidlərimiz var və bu zəfər onların fədakarlığı bahasına başa gəlir. Əziz şəhidlərimizin xatirəsi bu millətin qəlbində yaşamağa davam edəcək. Bu gözəl vətən uğrunda sevə-sevə canlarını fəda edən əziz şəhidlərimizi yad etmək və onların şücaətini yeni nəsillərə çatdırmaq hər birimizin ülvi vəzifəsidir.
Allah-Təala Qurani-Kərimdə: “Allah yolunda öldürülənlərə qətiyyən ölü deməyin. Onlar diridirlər, lakin siz bilmirsiniz”, - buyurur.
Şəhid olmaq bütün zamanlar üçün məkanın fövqündə olmaq və dirilik deməkdir. Şəhid olmaq canımızı torpaq, vətən, bayraq, azadlıq və əziz dəyərlər uğruna qurban verərək ruhumuzu ölümsüzləşdirmək deməkdir.
Qəhrəman Azərbaycan ordusu işğal edilmiş torpaqlarını azad edərkən canı bahasına misligörülməmiş şücaət və qəhrəmanlıq sərgiləyir. Heç bir mülki vətəndaşa zərər vermir. İşğal edilən torpaqlardan çaqqal kimi qaçanlar məsum xalqa bomba yağdırır. Eynilə Xocalıda etdikləri kimi qətliam törədirlər.
Təəssüf ki, hər zamankı kimi dünya kor, kar və ikiüzlülüyünü qoruyur. Bir tərəfdən Ermənistana silah verənlər, yardım edənlər özlərini obyektiv kimi göstərirlər. Bunu böyük mütəfəkkir Cəmil Meriç necə də gözəl ifadə edir: “Zülmün olduğu yerdə tərəfsizlik namussuzluqdur”.
Dastan yazılan bu savaşda milli və mənəvi dəyərlərimiz üçün vətən, torpaq və bayraq uğrunda qəhrəmanlıq göstərən hər bir igidimizi şükranlıq duyğuları ilə yad edirik. Qazilərimizə Allahdan şəfa və uzun ömür diləyirik. Doğma Qarabağımız uğrunda bizə bu gözəl torpaqları canları bahasına yenidən qazandıran qəhrəman fədailərimiz başda olmaqla bütün şəhidlərimizi rəhmət və minnətlə yad edirik. Ruhları şad olsun! Məkanları cənnət olsun!
ŞƏRHLƏR