BİZİ BİZ EDƏN İNSANLAR

BİZİ BİZ EDƏN İNSANLAR

Dünya tək-tənha yaşanılacaq bir yer deyil. Var olmaq, yaşamaq və inkişaf etmək üçün ətrafımızdakı insanlarla ünsiyyət qurmağımız ən əsas vəzifələrimizdən biridir. Belə olduğu təqdirdə bir ömür boyu qarşımıza çıxa biləcək insan tiplərini tanımaq da hər birimiz üçün maraqlı olmalıdır. Odur ki, başlayaq:

1. Dəstək olanlar: Bir xəyal meydana gəldiyi andan etibarən eynilə körpə uşaq kimi qayğıya möhtacdır. Kimlərinsə onun inkişafına dəstək verməsinə ehtiyac duyar. Bu insanlar həqiqətən çox önəmli insanlardır. Biz onlara çox zaman həyat yoldaşı, övlad, ata-ana, qardaş-bacı və ya dost-tanış deyirik. Onlar xəyallarımızı heç bezmədən dinləyər, öz görüşlərinə görə və imkanları daxilində dəstək olmağa çalışarlar. Bəzən 4-5 yaşındakı oğlunuz belə ən önəmli xəyallarınızdan birini reallaşdırmaq üçün sizə motivasiya qaynağı ola bilər.

2. Mane olanlar: Bunlar hər zaman xəyallarınızın qarşısına bir maneə qoymaq istəyərlər. Bəzən istəyərək, bəzən də istəməyərək bunu edərlər. Əslində mane olmağa çalışan bu tiplər sizin daha da prinsipial olmağınıza, gücünüzü toplayıb yenidən başlamağınıza imkan yaradan enerjinizin çoxalmasına səbəb olarlar. Onlar sizə mane olmaq istədikləri halda bu yolda daha da mətin addımlarla addımlamağınıza səbəb olduqlarını çox gec anlayarlar. Bilərəkdən sizə mane olmaq istəyənlər ümumiyyətlə sizin xəyallarınızı qısqanan, o xəyallara çatmaq üçün enerji və ya həvəsləri olmayanlardır.

3. Önünüzü açanlar: Bunlar yoldakı qarları təmizləyən ağır texnika kimidir. Çox zaman sizi sevdikləri ya da xəyalınıza çatmaq üçün nə qədər çox çalışdığınızı görüb həyatınızı asanlaşdırmaq istədikləri üçün yer üzünə enmiş mələklərdir. Onlar bunu bəzən fərqində olmadan, bəzən də fərqində olaraq edərlər. Sizin üçün uyğun olanı xəbəriniz olmadan da etməyə çalışarlar. Çətin və bir o qədər də xoşagələn hal isə sizin önünüzü açan bu insanlara heç gözləmədikləri anda təşəkkür etməyinizdir.

4. İlham verənlər: Bu çox qəribə bir kateqoriyadır. Hər an hər yerdə ola bilərlər. Bunlar həyatın hər anına qarışmış və sizinlə istənilən an qarşılaşa bilən insanlardır. Məsələn, siz orta məktəbdə son siniflərdə oxuyur və avtobus dayanacağında dayanıb o anda universitet üçün hansı ixtisası seçəcəyiniz haqda fikirləşərkən “tibb” universitetindən çıxan ağ önlüklü, gələcəyin həkimi olacaq bir gənc sizin həkim olmanıza ilham qaynağı ola bilər. Bəzən də sevgi və həvəslə öz işini yaxşı görən, duyğu və ritmini sizə göstərən bir dönər satıcısı sizin “kumir”inizə çevrilər. İşin çətin tərəfi isə bir daha geri qayıdıb onlara təşəkkür etmə imkanınızın olmamasıdır. Bu ilhama qarşı edəcəyiniz yeganə şey sizin də başqalarına ilham verməyinizdir. Zəncir ancaq bu şəkildə qopmadan davam edər.

5. Sizinlə eyni xəyalı yaşayanlar: Bu insanlar yol yoldaşlarınızdır. Xəyallara gedən yollar çox zaman uzun və çətinliklərlə doludur. Bu yolçuluq təkbaşına çıxılmayacaq qədər enişli-yoxuşlu ola bilər. Sizinlə eyni xəyala sahib olanlar yolda yaralandığınız zaman sizə ilk yardımı göstərən və yaralarınızı saran insanlardır. Təbii ki, siz də onlara. Bu insan və insanlar eyni xəyalı paylaşdıqları üçün bir-birilərinə yaxşı gündə də, pis gündə də dayaq olarlar. Bunun qarşılığında xəyallarını eyni istək və coşqu ilə paylaşmaq istəyərlər. Şəxsi həyatınızda belə bir insan yoxdursa dərhal tapmağa çalışın, işlədiyiniz işdə yoxdursa ya işə götürün, ya da onun yanında işə girin.

6. Siz və sizi siz edən xüsusiyyətləriniz: Bu kateqoriya özü də çox maraqlıdır. İnsan hər şeyin başlanğıcı öz beyni olmasına baxmayaraq nə özünə, nə də onu o edən xüsusiyyətlərinə əhəmiyyət verməz. Ən çətin anlarda belə əhvalını necə yüksək tutduğunu, necə əsla geri durmadığını hər zaman unudar. Xatırmalaq üçün güzgüyə və keçmişinə baxması lazım gələ bilər. Çətin şərtlər altında xəyalını gerçəkləşdirmək üçün göstərdiyi səyin ona öyrətdiklərini arada bir xatırlaması ruhuna, bədəninə yaxşı təsir bağışlayar. Bəzən tək qalıb düşünərək, bəzən də güzgüyə baxıb gülümsəyərək.

Əminəm ki, hər biriniz öz xəyallarınızı gerçəkləşdirərkən qarşılaşdığınız bu 6 növ insanı düşünməyə başladınız. Sizdən xahişim odur ki, ilk ağlınıza gələnlərdən bir telefon zəngini və könüldən edilən bir təşəkkürü əsirgəməyin. Siz bu anda bu iş üçün axtarılsaydınız necə də xoşbəxt olacağınızı düşünün. Xəyallarınızı heç buraxmayın. Kiçik-böyük bütün xəyallar həyatın dadıdır, rəngidir; çata bilsək də, çata bilməsək də. Unutmayın, bəzən axtarmaq xoşbəxtlikdir, əldə etmək yox. Son olaraq, dostu Allah olanın, dünya düşməni olsa da, bütün xəyallarına çatması mümkündür. 

Dəyişdirə bilməyəcəyiniz bir keçmiş geridə durarkən, şəkilləndirib sahib ola biləcəyiniz bir gələcək sizi gözləyir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz