Müsahibə Murad Akkoç - TRT-nin Bakı təmsilçisi

Müsahibə Murad Akkoç - TRT-nin Bakı təmsilçisi

İrfan: Salam, Murad bəy! Yaşanan son hadisələrin ilk günlərindən etibarən TRT bölgədədir. TRT niyə orada idi?

M.Akkoç: Əvvəla bunu qeyd edim ki, 12 iyul tarixində Ermənistan atəşkəsi pozaraq hücuma keçməyə cəhd göstərdiyi zaman, xüsusilə də bu hücumlar Tovuz istiqamətində olanda çox diqqət çəkmişdi. Çünki bu bölgə işğal olunan bölgə deyildi, normal Ermənistan sərhəddi idi. Hadisələr baş vermədən əvvəl də əlimizdə məlumat var idi ki, o bölgəyə Ermənistan PKK ilə əlaqəli bəzi ünsürləri yerləşdirib. Yəni bölgədə bir gərginlik yaşanacağı əvvəldən gözlənilirdi.

 Təmsilçiliyin xəbər komandasını – Fatih Avanos, İlkin Umudov və Dursun bəyi o bölgəyə göndərmişdik. Həmin günlərdə generalımız və əsgərlərimizin şəhid olması xalq nəzdində də böyük bir reaksiyaya səbəb oldu. Bu ruh yüksəkliyini də arxamıza alaraq xalqımıza son dəqiqə xəbərlərini çatdırmaq üçün TRT Haber və TRT Avaz kanallarımızla bölgədə çalışmalara başladıq. Bundan əvvəl də cəbhə xəttində olmaq üçün daim tələblərimiz olurdu, Sərhəd Qoşunlarından, Müdafiə Nazirliyindən icazə alaraq cəbhə xəttindəki təlimləri, alınan yeni silahlardan istifadə edilməsini və əsgərlərimizin əhvali-ruhiyyəsini müşahidə etmək üçün xəbər proqramlarında bu mövzulara yer verirdik. TRT Haberin ən çox izlənən proqramı “Sıcak Nokta” bu mövzuları tamaşaçılara çatdırmaq üçün xüsusi icazə ilə Bakıya gəldi. Və sərhəd xəttini, Tovuz bölgəsini daha yaxından izləməyə başladıq. Bilirsiniz, 14 iyulda orada 76 yaşında Tovuz sakini öz evində artilleriya atəşi nəticəsində, həyətinə düşən mərmi ilə şəhid oldu. O yaxınlıqda heç bir hərbi baza və ya texnika yox idi. Kənd daim atəş altında idi. Bu hadisələri xəbər olaraq çəkdikdən sonra o bölgədə qaldıq, baş verən hadisələri yaxından müşahidə etdik. Bunu da xüsusi ilə vurğulamaq istəyirəm ki, TRT Baş direktorumuz İbrahim Eren bəy bu mövzulara çox həssas yanaşır. Bizi bu bölgədəki hadisələr mövzusunda daim oyanıq olmağımız, hər an tətikdə olmağımız xüsusunda tənbehləyir.

- Hadisə yerindən necə xəbər alırsınız?

- Dediyim kimi, hərəkat başlamadan əvvəl biz zatən bölgədə idik. Sentyabrın 27-i baş verən hücuma qarşı əks-hücum başladı. Biz bundan dörd gün əvvəl, ayın 23-də orada idik. Onda hələ vəziyyət nisbətən sakit idi. Hətta bu gedişimiz diqqət çəkmişdi, demişdilər ki, nə baş verir, niyə buradasınız?.. Biz də dedik ki, baş verənləri dünyaya eşitdirəcəyik. Əlbəttə, bizim – TRT-nin, Anadolu Ajansının orada olmağımızla yerli kanalların orada olması bir deyil. AzTV, İctimai TV, ARB, ATV... onlar da öz vəzifələrini layiqincə yerinə yetirirlər, amma bizim yayınımız həm Türkiyə baxımından, həm də bütün dünyanı məlumatlandırmaq baxımından əhəmiyyətlidir. Hücum günü jurnalistlərimiz Bakıya yenicə qayıtmışdılar ki, gecə saat 12 radələrində buradan yenidən yola saldım. O gün atəş səslərinin çoxaldığı xəbərini almışdıq. Əməkdaşlarımız gecə 3-də Bərdəyə çatdılar. Səhərə yaxın hərəkat başlayanda onu ilk ağızdan dünyaya çatdırdılar.

- Belə bir düşmən qarşısında müharibə müxbirliyi də təhlükəlidir, elə deyilmi?

- Əlbəttə! Elə orada müxbirimiz Fatih Avanos yayına girmək üçün ilk bağlantını qurmaqda ikən yanlarına üç top mərmisi düşdü. Mərmilərdən biri 150-200 metr aralıya düşdü. Biri də çox yaxınlarına düşdü, lakin partlamadı. Ora kənd yeri idi, hərbi birliklər yox idi. Lakin ermənilər buna baxmadan dinc sakinlərin yaşadığı həmin ərazini atəşə tutmuşdular. Bu hücum anını TRT Haber və Anadolu Ajansı dərhal bütün dünya ictimaiyyətinə son dəqiqə xəbəri olaraq çatdırdı. Ermənistanın dinc sakinləri hədəf aldığını bütün dünya eşitdi. Düzdür, biz nə qədər çalışsaq da, dünyanın baxış bucağı fərqlidir. Erməni lobbisi var gücü ilə həqiqətləri dəyişməyə çalışır. Onlar bu tip xəbərləri “Azərbaycanın iddiasına görə” deyərək verirlər. Halbuki düşən bombaları, həlak olan sivilləri göstəririk, bundan daha açıq fakt ola bilərmi? Məsələn, Naftalan rayonunda bir ailənin beş üzvü həlak oldu, onların ikisi uşaq idi.

- Döyüşlərdə Türkiyənin dəstəyi nə dərəcədə hiss olunur?

- Mən “TurAz Qartalı” təlimlərində və daha əvvəlki təlimlərdə müşahidələr aparmışdım. Bu təlimlərdə çox gözəl nailiyyətlərimiz oldu. “TurAz Qartalı”nda da biz bunları tamaşaçılarımıza günbəgün çatdırdıq. Bu müşahidələrim məndə qələbəyə dair böyük ümid hissi oyatdı. Yeri gəlmişkən, mənim Azərbaycana ilk gəlişim 1994-cü ildə olmuşdu. O zaman TRT Haberin kameramanı idim. Həmin vaxt Laçın, Kəlbəcər kimi rayonlar işğal olunmuş, insanlarımız yurd-yuvalarından didərgin düşmüşdü. Nə güclü silah var idi, nə də nizamlı ordu. O vaxtdan bəri içimdə bir arzu var idi ki, Azərbaycan inkişaf etsin və hətta Türkiyədən də daha güclü hala gəlsin. (müsahibəmizin bu dəmində salondan TRT əməkdaşlarının alqış səsləri eşidildi). – Gördüyünüz kimi, Ali Baş Komandanımız Cənab İlham Əliyev Zəngilanın azad edildiyinin müjdəsini verdi, çox gözəl bir müjdə oldu, sizinlə birlikdə izlədik, bu tarixi anı heç vaxt unutmayacağam.

- Əməkdaşlıq etdiyiniz başqa kanallar varmı?

- Biz TRT ailəsinin üzvüyük. Üç il əvvəl, TRT Avaz koordinatorluğundan buraya gəldim. İbrahim Eren bəy sağ olsun, baş direktorumuz, əsl Azərbaycan aşiqidir, bizə daim tapşırıqlar verir, nəzarət edir və dəstəyi ilə güc verir. Ayın 27-dən sonra da bütün müxbirlərimiz, xəbər agentliklərimiz üç-dörd gün dayanmadan yayına davam etdi. TRT Haber, TRT Avaz, TRT Word, TRT Arapça, TRT Kürtçe... onların da jurnalistlərinin gəlməsini təmin etdik, hamısı bütün yayınlarında %85 Azərbaycanda baş verənləri ələ aldılar. Türkiyənin Səsi radiomuz var, 41 dildə yayım edir, onlarla da birgə proqramlarımız olur. AzTV və İctimai TV ilə beş ortaq xəbər proqramımız oldu. Gəncəyə gecə vaxtı raket atıldığı zaman hadisədən dörd dəqiqə sonra bizim üç tele-kanalımız yan-yana dayanıb canlı yayına başlamışdı. Mən özüm də orada idim. Düzdür, çox acı mənzərə idi. Biz oteldən çıxıb baxdıq ki, 500 metr qədər məsafədə bütün küçənin şüşələri tökülüb, evlər dağılıb. O anda “Sıcak Nokta” verilişi efirdə idi, zəng etdim ki, efirdən ayrılmayın, canlı yayıma bağlanacağıq. Bunu da deyim ki, Azərbaycanda bütün qurumlar TRT adını eşidəndə hər mövzuda köməklik edirlər, etimad göstərirlər. Davam edən bir müharibənin içindəyik, belə bir şəraitdə işləmək rahat deyil. Bu mənada ən yüksək səviyyədə, cumhurbaşqanlığı ilə, səfirliyimiz ilə təmas halında işləməyə davam edirik.

- Təkcə ordu olaraq deyil, xalq olaraq bütövlükdə bu müharibədə müşahidə etdiklərinizi necə xülasə edərdiniz?

- Bu mənada müşahidə etdiyimiz çox qürurverici mənzərələr oldu. Xalqın böyük bir səfərbərlik ruhu içində cəbhəyə, bölgədə çətin vəziyyətdə qalan xalqa yardıma başladığını gördüm. İş adamları, QHT-lər, yardım fondları, səssizcə pul toplayıb bölgələrə yardım aparan adsız qəhrəmanlar... Məsələn, Füzuli bölgəsinə getdik, baxdıq ki, bizdən əvvəl oraya yardım üçün gedən, yardım aparan şəxslər var. Paltardan, qida maddələrindən tut pampersə, coraba qədər göndərilən yardımları gördüm. Yemək bişirib paylayanları gördüm. Mən bunları görüb xalqımızla böyük qürur duydum. Türkiyədən də göndərilən bir çox yardımlar var, yardımlara qoşulan iş adamları var. Bu mənada Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldum. 1994-cü ildə buraya gəldiyim zaman altı saat çörək növbəsində gözlədikdən sonra aldığı çörəyi mənə uzadan insanlardakı o yardımlaşma, paylaşma ruhunun ölmədiyini bir daha gördüm. Evləri dağıldığı halda o bölgəni tərk etməyən insanımızın mətanətini, cəsarətini gördüm. Onların iradəsi bizə də güc verir. Dünya güclərinin qərəzli yanaşması qarşısında Cənab İlham Əliyevin qərarlılığı, Cənab Rəcəb Tayyib Ərdoğanın başından bəri Azərbaycanın haqq davasında yanında olduğunu ifadə etməsi bizə böyük inam verir. İnanıram ki, yeraltı, yerüstü sərvətləri ilə Azərbaycan dünyanın ən zəngin, ən güclü ölkələrindən biri olacaq.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz