HƏYAT DƏFTƏRİNDƏN
Bəs bizdə birlik yox idi?!..
Bu gün dostumla əsgərlərə bəzi ləvazimatlar almaq üçün topdansatış mağazasına girdik. İçəridə bir nəfər də var idi. Görkəmindən o qədər də imkanlı birinə bənzəmirdi. Satıcı ilə söhbətimdən əsgərlərə bazarlıq etdiyimizi anlamışdı. Birdən yaxınlaşdı. Utana-utana 20 manat pulu mənə uzatdı. Dedi, qardaş, bağışla, üstümdə olan budur. Bu mənzərə mənə o qədər təsir etdi ki, sanki yer ayağımın altından qaçdı.
Ağlamamaq üçün özümü zorla saxladım. Onun verdiyi 20 manat bizim bütün bazarlığımızdan dəyərli idi. Dönüb dostuma baxdım, onun da gözləri dolmuşdu. Bəs biz millət kimi formalaşmamışdıq?! Bəs bizdə birlik yox idi?! Bəs biz vuruşan millət deyildik?!
Böyük Vətən Müharibəsi bütün stereotipləri dağıtdı. Millətimlə fəxr edirəm. Yaşasın Azərbaycan!
Leytenant Səid Rəşidzadə
Ehtiyatda olan baş leytenant Səid Rəşidzadənin Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olması ailəsi ilə yanaşı dostlarını, hər kəsi çox təsirləndirib. Səid Aprel döyüşlərində şəhid general Polad Həşimovla çiyin-çiyinə günlərlə vuruşmuşdu. 2016-cı ildə Talış yüksəkliklərinə doğru irəliləyən taborun zabiti olan Səid arzusuna tam çatmadığına görə, ehtiyatda olmasına baxmayaraq, bu müharibəyə də öndə gedən könüllülərdən oldu. Axı onun böyük arzusu yarımçıq qalmışdı. Səidin məqsədi baba yurdunu, atası, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımlının bir vaxtlar müdafiə etdiyi, haqqında ağızdolusu həsrətlə danışdığı doğma elini düşmən tapdağından azad etmək, Şuşanı, Xankəndini fəth etmək idi. O, rəşadətli ordumuzun işğaldan azad etdiyi Hadrut yüksəkliklərindən dədə-baba yurdunu fəxrlə seyr edərkən şəhidlik zirvəsinə yüksəldi, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Allah rəhmət eləsin, inşallah, tezliklə döyüş yoldaşları onun arzusunu reallaşdırıb, ruhunu şad edəcək.
Qəhrəmanımızı tanıyaq
"Dünən gecə Zaqatalaya şəhid qəhrəmanımızı yola salırdıq. Milliyyətcə saxur idi.
Sizə bu qəhrəmanın necə öldüyü haqqında danışacağam və hekayəmdən sonra başa düşəcəksiniz necə fərqli millətlərlə dolu güclü xalqımız var. Ermənilərin nə qədər alçaq varlıq olduğunu da görəcəksiz.
Bir qrup əsgərimiz erməniləri mühasirəyə aldı və düşmən ağ parça sallayaraq təslim olduğunu göstərdi. Əsgərlərimiz onların yanına gələndə isə onlar igidlərimizin üstünə bir neçə əl bombası atdı. Həmin bu gənc zabit dərhal əsgərləri itələdi və bombaların üstünə atıldı. Nəticədə yalnız o şəhid oldu, digər əsgərlərimiz yüngül qəlpə yaraları aldılar və düşməni məhv etdilər".
“Olmaz, mən də onlarla olmalıyam!”
İki əsgər yaralanıb, yaralı əsgərlərdən biri o birinin yarasını bərk sıxaraq qanaxmanın qismən qarşısını alır. Baxmayaraq ki, özü də yaralıdır. Öz yarasına heç fikir vermir. Həkimlər gəlib ikisini də götürmək istəyəndə o biri yaralını maşına oturdub özü dala qayıtmaq istəyir. Amma yaralıdır, həm də ağır. Heç cürə maşına oturda bilmirlər ki, hospitala aparsınlar. Axırda bir təhər maşına oturdub hospitala gətirirlər. Bu əsgərin yarasına 16 tikiş qoyurlar və deyirlər ki, qalmalıdır.
Həkimlər bir də xəbər tuturlar ki, yaralı əsgər qaçıb öz hərbi hissəsinə.
Yanında yatan xəstəyə deyib ki, "Yoldaşlarım orada mənsiz hücuma gedəcək?! Olmaz, mən də onlarla olmalıyam!"
Babanın üzündəki qüruru görməyə dəyərdi
Bir gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba mərkəzə (Asan xidmət) yaxınlaşdı. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara göndərmək istəyirəm. Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım ki, qayıtdı ki, azdı? Dedim, ay baba, sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdi bu...
Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabılar ürəyimi dağladı.. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi...
Sonda "Əsgərə məktub" da yazıb elə getdi.. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi...
ŞƏRHLƏR