BU PAYIZ BAŞQADIR

BU PAYIZ BAŞQADIR

Adətən təbiətin saralıb-solduğu, işıqlı gündüzün qısalaraq qaranlıq gecələrin uzanmağa başladığı payız fəslinin bəzi insanlarda pessimist ovqat oyatdığını deyirlər. Axı payız özü ilə qara buludlar gətirir və bizi mavi göy üzünə həsrət qoyur. Yarpaqlar saralıb-solur, təbiət öz təravətini itirir. Yaşanan qocalıq illərinə ədəbiyyatımızda ömrün xəzan çağı deyilməsi də bu mənada gözəl təşbehlərdən biridir.  

Əslinə qalsa, görə bilənlər üçün hər fəslin öz gözəlliyi, o cümlədən payızın da özünəxas romantik ab-havası var. Əslində payızın saraltdığı yarpaqlar yenidən dirilişə hazırlıqdan xəbər verir. Gətirdiyi qara buludlar şəffaf yağış suları yağdıraraq təbiətin kirini, toz-torpağını yuyur, göy üzünə açılan pəncərəmizi cilalayır, bizə əlvan göy qurşağı mənzərəsi bəxş edir. İsti ilə soyuğu bir arada yaşadır. Hər gün bir-birindən maraqlı mənzərələr seyr etdirir. Bu payızsa tamam başqadır.

Çünki bu payız öz gəlişi ilə uzun illərdən bəri həsrət qaldığımız gözəl Qarabağın təmiz havasını da gətirir. Sanki başımızın üstündəki hər bir yağmur buludu qaranquşa çevrilib xoş günlərin gəlişini müjdələyir bizə. Bu gün Qarabağ torpağını isladan hər bir damla sanki “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın” deyib yolumuzu gözləyən ana torpağın həsrət yağışına çevrilir. Saralıb yollara tökülən hər bir yarpaq sanki igid əsgərimizin mübarək qədəmləri altına sərilən qızılı saplarla toxunmuş Qarabağ xalısını xatırladır. Hər dəfə dinləyəndə bizi qəm dəryasına qərq edən “Anadır arzulara hər zaman Qarabağ” mahnısı artıq üzümüzə təbəssüm gətirir. İllərdir gözümüzdən axan həsrətli göz yaşları sevinc yaşları ilə əvəz olunur. Üzümüzdə çiçəklər açır: lalə, nərgiz, bənövşə, yox, yox, xarıbülbül... Şuşanın düzlərini bəzəyən o gözəl xarıbülbül də sanki bu il payızda açmaq istəyir. Torpağın bağrını dələrək igid Vətən oğullarını salamlamağa can atır.   

Bu gün şanlı ordumuz irəlilədikcə xain düşmən arxasına baxmadan qaçır. Vətən torpağı günü-gündən yad ünsürlərdən təmizləndikcə, hər gün Ali Baş Komandanımızdan xoş xəbərlər aldıqca son qələbəyə olan ümidlərimiz də artır. Bir yandan Xudafərin körpüsünə sancılan Azərbaycan bayrağı, Arazın o tayından əsgərlərimizi salamlayarkən sevincdən ağlayan cənublu qardaşlarımızın varlığı 30 il əvvəl yaşadığımız bütün acı xatirələrin ağrısını kölgədə qoyur. Haqq davamızda qardaş Türkiyənin yanımızda olması, minlərlə kilometr uzaqdan dost Pakistan xalqının səsimizə səs verməsi köksümüzü qabardır. Küçələrimizi bəzəyən mavi, qırmızı və yaşıl rəngli bayraqlar xəzan mövsümünü kölgədə qoyaraq bu payız bahar təravəti yaşadır bizə. Sevincimizin həddi-hüdudu yoxdur. Artıq bayram günlərində “Gələn bayramı Şuşada, Kəlbəcərdə, Laçında...” deməyəcəyimizi düşünməyin özü bir bayram ovqatı yaradır hər kəsdə. Bu gün üçrəngli bayrağa həsrət qalan Qarabağ səmasında artıq müqəddəs Azərbaycan bayrağı dalğalanır və şəhidlərin ruhu sevinir. Əlifin, Allahverdinin, Çingizin üzü gülür, Xan qızı Natəvan yolumuzu gözləyir. Ata yurdumuz, otuz il bundan əvvəl sönən isti ocağımız bizi gözləyir. Düşmən tapdağında azan səsinə həsrət qalan məscidlərimiz yenidən qapılarını üzümüzə açır. Şagird səsinə tamarzı məktəblərimiz yeni tədris ili üçün bəzənmək istəyir. Oğuz elinin Vətən zirvəsində qalanan zəfər tonqalımız artıq yanmaq üzrədir. Bu payız başqadır demişdik. Bu payız başqadır...

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz