ŞAHİD GÖZLƏR
Həyata məna qatan amillərdən biri də dəyərlərdir. İnsanın dəyəri dəyərlərinə verdiyi əhəmiyyət ilə düz mütənasibdir. Dəyərlər tamamilə mənəvi xarakter daşıyır. Odur ki, heç bir dəyərin maddi qarşılığı olmadığı kimi, onu müəyyən bir ödəniş ilə əldə etmək də mümkün deyil. İslam dininin əsas məqsədlərindən biri də məhz insanı dəyərlər sistemində yoğurmaq və şəxsiyyət sahibi etməkdir.
Hər bir insan öz dəyərlərini etdiyi fədakarlıqlar sayəsində mənimsəyir. Fədakarlıq göstərilməyən heç bir dəyərin kökü sağlam olmaz.
Bəşər övladı üçün ən vacib dəyərlərdən biri də, heç şübhəsiz, onun vətənidir. Vətəni üçün edilən və ediləcək fədakarlıqlar hər bir şəxsə görə fərqlənir. Hər bir vətəndaşın borcudur ki, gücü nisbətində öz vətəni üçün müəyyən fədakarlıqlar etsin. Çünki bizim mədəniyyətimizdə ana ilə vətən eyni dərəcədə dəyərlidir.
İslam dini vətən sevgisi və vətən üçün ediləcək fədakarlıqlara xüsusi əhəmiyyət verir. Çünki vətən elə bir dəyərdir ki, o olmazsa heç kim öz dəyərlərinə sahib çıxa və lazımlı şəkildə yaşaya bilməz. Hər birimiz icra etdiyimiz vəzifə və işlədiyimiz iş sahəsində yüksək keyfiyyət göstərərək vətənə olan mənəvi borcumuzu ödəyə bilərik.
Vətəni sevmək qədər onu mühafizə etmək, yağı düşmənlərdən qorumaq da hər birimizin borcudur. Vəzifəsindən asılı olmayaraq bu, bizim mənəvi borcumuzdur. Bu duyğusunda şübhəsi olanların vətəni sevməkdən danışmağa haqqı yoxdur.
Vətəni qorumaq vətəndaşlıq borcumuz olduğu kimi, həm də bizim dini borcumuzdur. Hz. Peyğəmbərin (s.ə.s) bu mövzuda biz müsəlmanlara dəyərli müjdələri vardır. Bu hədislər bizə vətəni qorumağın hər bir müsəlmana vacib olduğunu göstərir. İbn Abbasdan nəql edilən rəvayətə görə, Hz. Peyğəmbər belə buyurmuşdur: “İki cüt göz vardır ki, onlara cəhənnəm atəşi toxunmaz: Allah qorxusundan ağlayan gözlər və Allah yolunda keşik çəkən gözlər”. (Tirmizi)
Canlarını düşmən gülləsinə sipər edərək öz həyatını vətən üçün fəda edən hər bir vətən keşikçisinə təşəkkür və dua borcluyuq. Çünki onlar öz həyatlarını təhlükəyə ataraq bizim təhlükəsizliyimizi təmin edirlər. Məhz hər birimiz üçün çox dəyərli olan həyatlarını vətən üçün fəda etdiklərinə görə Uca Allah onlara şəhidlik zirvəsini vəd edir. Şəhidlik elə bir ali mərtəbədir ki, cismən ölü olsalar da, Allah dərgahında diri kimi qəbul edilirlər. Şəhidlik peyğəmbərlərin belə qibtə etdiyi bir dərəcədir.
Hz. Peyğəmbərin (s.ə.s) vətən mühafizəçiləri üçün belə bir müjdəsi də vardır: “Müsəlmanların sərhədlərini bir gecə qorumağın savabı bir ayın orucu və ibadətindən daha xeyirlidir. Əgər orada ölərsə, sağ ikən etdiyi yaxşı əməllərinin savabı ona yazılmaqda davam edər, fitnədən qorunar”. (Müslim, Tirmizi və Nəsai) Savabı namaz və oruc ibadəti ilə müqayisə edilən bu vətən borcu qarşılığında xeyirli əməllərimizin savablarının şəhid olduqdan sonra da davam edəcəyi müjdəsi necə də böyük bir bəxtiyarlıqdır.
ŞƏRHLƏR