RAYONLARIN DİLİNDƏN

RAYONLARIN DİLİNDƏN

Xankəndi

Mən Xankəndiyəm. Azərbaycanın ən cavan şəhərlərindən biri olsam da, yaşayış məskəni olaraq ən qədimlərindən sayılıram. Adı üstümdə, əzəldən bəri “xan” kəndiyəm. Qarabağ xanlığında xan ailələrinin və yaxınlarının istirahət üçün seçdiyi, dincəldiyi ən gözəl, ən mənzərəli, ən füsunkar təbiətli guşəsiyəm, Qarabağın. Sovet hökuməti qurulduqdan sonra qara xəbərlər bağladı yollarımı. 1923-cü ildə Qarabağın başına açılan oyunlar Azərbaycanın bağrına qara xəncər kimi sancıldı. Qarabağı ana yurdundan qopartmaq üçün qurulan planların ilkin hədəflərindən birinə çevrildim. Adımı dəyişib Stepanakert qoydular, hansı ki, o Stepan bundan beş il əvvəl Bakıda və Azərbaycanın bir çox bölgələrində Azərbaycanın müsəlman xalqına qarşı böyük qətliamlara səbəb olmuşdu. Onun adını daşımaq mənim üçün tarixdə ən ağır utanc oldu.

Ağır günlərim bununla bitmədi. 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istəyi ilə qanunsuz iğtişaşlara start verildi. Günahsız insanların namusuna uzanan kirli əllər ilk dəfə mənim bağrımda öz əməllərinə nail oldular, terror qüvvələri öz mərkli planlarını həyata keçirməyə başladılar. 1991-ci ildə doğma adımın geri qaytarılması, yenidən Xankəndi adlandırılmağım üzümün gülməsi üçün kifayət etmədi. Həmin ilin son ayında – 26 dekabr 1991-ci il tarixində erməni hərbi birləşmələri tərəfindən işğal edilərək illərlə davam edəcək olan Dağlıq Qarabağ uğrundakı müharibənin ilk qurbanı oldum. Səbirsizliklə azad olunacağım, qardaş şəhər və rayonlarıma yenidən qovuşacağım günü gözləməyə başladım...

 

Xocalı

Mən Xocalıyam. 1991-ci ildə Əsgəran rayonu ləğv edilərək rayon mərkəzi adını daşımaq mənim öhdəmə verilmişdi. Bölgənin hava limanı mənim ərazimdə yerləşirdi və bu ağır məsuliyyət bütün diqqətləri üstümə çəkmişdi. Əlif kimi mərd igidlər son damla qanına qədər məni qorumaq üçün and içdilər, canlarından keçdilər. Lakin kifayət etmədi. Torpaqlarımda baş tutan böyük qətliam qarşısında dünya susub qaldı, dağlarımda, meşələrimdə soyuq qış gecəsində donub qalan günahsızlar kimi. Neçə-neçə silahsız insanların, qocaların, körpələrin ah-naləsi hələ də qulağımda çınlayır.

Tarixin ən acı səhifələrindən biri olaraq soyqırımına səhnə oldum və 1992-ci il 26 fevral tarixində erməni silahlı qüvvələri tərəfindən işğala məruz qaldım. O gündən gözlərimi səmaya dikib bir gün hava limanıma qonacaq ay-ulduzlu təyyarələri, vertolyotları gözləməyə başladım...



Şuşa

Mən Şuşayam. 1752-ci ildə Pənahəli xan buraya qədəm qoyub şəhər halına gətirəndə adımı Pənahabad qoymuşdular. Sonra Şuşa dedilər. 17 məhəlləm vardı, hər məhəllədə hamam, məscid və bulağım vardı. Çoxsaylı sənətkar məhəllələrim vardı. Buradan yayılan bənzərsiz musiqi sənəti sayəsində adım dünyanın dörd bir yanına yayıldı. Qarabağın ən müasir, ən gözəl şəhəri deyərdim, özümə. Qarabağın qalası oldum. Göyə ucalan qoşa-qoşa minarələrim bu bölgənin Allah vergisi bir nemət olduğunu xatırladırdı, görənlərə. Bu gözəlliyim eyni zamanda düşmənin nəzərlərini də cəlb etmişdi. Elə buna görə də XX əsrdə üç dəfə böyük yanğınların içində qovruldum, bir çox gözəl əsərlərimi itirdim. Yenə də özümü ələ alıb ayağa qalxmağı bacardım. Bütün təxribatlara rəğmən Pənahəli xanın sarayını, Yuxarı Gövhərağa məscidini, Aşağı Gövhərağa məscidini, Xan qızı Xurşidbanu Natəvanın nadidə memarlıq abidəsi sayılan evini qoruyub saxladım. Molla Pənah Vaqifin məqbərəsinə, Üzeyir Hacıbəyovun xatirələrinə, Bülbülün əmanətlərinə sahib çıxmağa çalışdım. Ta ki, 8 may 1992-ci il tarixində işğal olunana qədər. O gündən bu yana qoşa minarələrdən yayılan azanlarım susdu, şikəstələrim səsini kəsdi, Xarıbülbül küsdü...

 

Laçın

Mən Abdallar, yox e, dilim dolaşdı, mən Laçınam. Əvvəllər adım Abdallar idi. 1926-cı ildə mənə Laçın adı verildi. “Abdal” sözünü unutdurmağa çalışdılar. Qədimlər bir təriqəti yaymaq üçün el-el dolaşan dərvişlərə “abdal” deyirdilər. Mənim sinəmdə torpağa müqəddəslik möhrünü vuran Soltanbaba türbəsi, Şeyx Əhməd türbəsi, Məlik Əjdər türbəsi, Xəlifə türbəsi kimi müqəddəs məkanlar həsrətlə ruhlarına fatihə oxuyacaq ziyarətçilərini gözləyir. Cicimli kəndimdə anadan olan Mir Həmzə Nigari həzrətləri Türkiyənin Amasiya şəhərində dəfn olunsa da, onun himmət və həsrət dolu duaları hələ də Cicimlinin ətəklərində əks-səda verir. Soltan Əhməd sarayı, Ağoğlan qəsri, Sadınlar qalacığı kimi qədim tikililər uçub-tökülməkdən qurtulmaq üçün onlara şəfqətlə toxunacaq əlləri gözləyir. Çünki 1992-ci ilin 18 mayından etibarən işğal altında qaldım. 1918-ci ildə Andronikin qoşununu bu torpaqlarda məğlub edən Xosrov bəyin ruhu övladlarını yenidən alovlanıb öz yurduna sahib çıxmağa səsləyir. Və əminəm ki, siz o səsi eşitdiniz. Tezliklə qələbə müjdəsini sevinc dolu səslərinizdən eşidəcəyəm...

 

Xocavənd

Mən Xocavəndəm. Adlı-sanlı “xoca”ların hörmətinə bu şərəfli ada layiq qörülmüşəm. Sovet dövründə adımı dəyişdilər, ərazimdə yerləşən Qaranlıq dağına görə adıma Aşağı Qaranlıq dedilər, bu da kifayət etmədi, bir müddət sonra Martuni dedilər. Nəhayət, 1991-ci ildə öz qədim adıma yenidən qovuşdum və Xocavənd oldum. Tarixi mədəniyyət abidələri baxımından mən özümü bölgənin ən əsas mərkəzi sayıram. Mənim ərazimdəki V əsrə aid alban kilsələri, qədim ocaqlar, qəbiristanlıqlar, pirlər, kümbəzlər və xüsusilə də Füzuli rayonuna yaxın ərazimdəki Azıx mağarası mənim bu iddiama əsas verir. 2 oktyabr 1992-ci il tarixində işğal edildim. Bu tarixi abidələrin əksəriyyəti bu gün erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmış haldadır. Ümid edirəm ki, bir gün yenə şəfqət əlinizlə bu tarixi mirası dirçəldərək məni dünyanın ən qədim yaşayış məskənlərindən biri kimi sevindirəcəksiniz.

 

Kəlbəcər

Mən Kəlbəcərəm. Mənim ərazimdə yaşı 30 min ildən çox olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qədim qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Elə mənim adım da qədim türk dilində “çay üstündə qala” mənasına gəlirmiş. Qaya üstündəki təsvirlərə görə özümü hər zaman Qobustana qardaş bilmişəm. Qarabağ müharibəsi başladıqdan sonra ən gərgin döyüşlərin bir qismi mənim ərazimdə baş verdi. Siz məni müdafiə etmək üçün günlərlə vuruşdunuz, könüllülərlə, helikopterçilərlə... 2 aprel 1993-cü il tarixində çay üstündəki qala süqut etdi, mən də əsirlərin arasına qarışdım. Torpağımda yatan qızıldan qiymətli qəhrəmanlarınız onları unutmadığınızı hiss etmək üçün onların şərəfinə ucaldılacaq qəhrəmanlıq abidəsini həsrətlə gözləyirlər.

 

Ağdərə

Mən Ağdərəyəm. Sovet dövründə, bir çox qonşu yaşayış yerləri kimi, mənim də adımı ermənilər dəyişdilər, Mardakert dedilər. Qarabağ müharibəsinin başlanğıcında ermənilər məni öz nəzarətinə götürsələr də, 1992-ci ildə Azərbaycan ordusu məni azad etdi və yenidən öz tarixi adıma qovuşdum, Ağdərə oldum. Lakin növbəti il ölkə daxilində baş verən çaxnaşmalardan, ordudakı nizamsızlıqdan istifadə edən erməni hərbçiləri 7 iyul 1993-cü il tarixində məni yenidən işğal etdilər. Çoxdandır dağ-dərəmdə üzü ağ, alnı açıq mərd insanları görmədiyimdən umsunmuşam...

 

Ağdam

Mən Ağdamam. Adımdan da gördüyünüz kimi, milli olduğumu, yerli olduğumu sübut etmək üçün başqa bir sübut-dəlilə ehtiyac yoxdur. Bilirsinizmi, tarixdə mənim üçün ən yadda qalan gün hansı gün olmuşdur? 1918-ci il oktyabrın 1-də osmanlı-türk generalı Nuru paşa Ağdama gəlmişdi. Onları çərkəzi geyimdə fəxri qarovul ilə qarşılamışdım. Onu qarşılamaq üçün zəfər qapısının yanına ruhanilər, komitə üzvləri və bütün xalq yığışmışdı. Onunla birlikdə Qarabağ süvari dəstələri və Qafqaz İslam Ordusunun qoşunu gəlmiş və buradan Şuşaya doğru hərəkət etmişdi. Şuşa mənsiz, mən də Şuşasız dözə bilmərik. Arzum budur ki, növbəti dəfə Şuşanı azad etmək üçün yenə mənim torpaqlarımdan hərəkətə başlayasınız, arxanızca su atım, əl açıb göylərə uzanan iki minarəli mərkəzi məscidimdə dualar oxuyub Allahdan sizin üçün zəfər diləyim. Bəli, 23 iyul 1993-cü il tarixində işğal edildim, amma heç vaxt onlara təslim olmadım. Pənahəli xanın sarayını əlimdən gəldiyi qədər qorumağa çalışdım, onun mətanətini, müqəddəs əmanətini itirmədim və zəncirlərimi qıracağım günü səbirzisliklə gözlədim. Sizi məşhur “Çay evi”mdə qonaq etmək üçün gözləyirəm.

 

Cəbrayıl

Mən Cəbrayılam. Qədim dövrlərdə bu bölgədə hökmranlıq etmiş olan Sultan Əhmədin yaxın adamlarından Cəbrayıl atanın şərəfinə bu ada layiq görülmüşəm. Təkcə Cəbrayıl Ata məqbərəsi deyil, Şıxlar türbəsi, Mazan nənə türbəsi, Mərmərnənə məqbərəsi, Dairəvi türbə, Xanəgah kimi bir çox türbə və müqəddəs məkanlar, Daş məqbərə, Divlər sarayı kimi tarixi abidələr bu bölgənin tarixi-dini əhəmiyyətini göstərən mənbələrimdəndir. 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilmişdim. Allaha çox şükür, 4 oktyabr 2020-ci il tarixində Azərbaycan ordusunun rəşadətli ərlərinin hücumu sayəsində yenidən azadlığıma qovuşdum. Ümidvaram ki, elə ərazimizdə yerləşən, 18 oktyabrda azad edilərək üçrəngli bayrağımıza qovuşan Xudafərin körpüsü kimi, əzəli Qarabağ torpaqlarının hər bir bucağından zəfər müjdələrinin gəlməsi üçün körpü olacağam.



Füzuli

Mən Füzuliyəm. İlkin adım Qarabulaq olub. Sonralar dəyişib Qaryagin eləmişdilər. Yaxşı ki, 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə adımı yenidən dəyişdilər və daha doğma, daha əziz bir adla əvəz etdilər: Füzuli. Tarixi abidələrim çoxdur. Ancaq mənim adım ən çox “Azıx mağarası” ilə birgə anılır. Hər nə qədər mağara Xocavənd rayonunun ərazisində olsa da, məsafə olaraq mənə çox yaxın, 15 km aralıda olduğu üçün adı hər zaman mənimlə birgə hallanır. Bu mənada Xocavənd məni bir az qısqansa da, biz qardaşıq, aramızdakı mehribançılığı bir mağaraya görə pozmarıq. Mənim ərazimdə Əcəmi memarlıq məktəbinin təsiri ilə formalaşmış bir sıra abidələr, türbələr var. Əhmədalı türbəsi, Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi və s. Həmçinin bir çox karvansara və qədim məscidlər, hamamlar... 23 avqust 1993-cü il tarixində mən də işğala məruz qaldım. Evləriniz, yurdlarınız kimi tarixi abidələrinizin də əksəriyyəti erməni vəhşiliyindən dağılıb töküldü. Amma onları yenidən dirçəldəcəyinizi bildiyim üçün səbirlə qayıdışınızı gözlədim. Nəhayət ki, 17 oktyabrda sevinc göz yaşları içində yenidən sizə qovuşdum. Sağ olun, igid vətən oğulları, sağ olun, Cənab Ali Baş Komandan!..

 

Qubadlı

Mən Qubadlıyam. Bərgüşad çayının iki sahilinə yerləşmişəm. Gözəllikdə hər zaman Gəncə ilə yarışmışam. Məşhur türk soyundan olan Qubadın adını daşıyıram, əsrlərdir, şərəflə. Torpağıma sancılan saysız türbələr və əfsanəvi abidələr bu torpaqlarda qədimdən bəri yaşayıb yaratdığınızı, doğulub boy atdığınızı sübut edir. 31 avqust 1993-cü il tarixində işğal olundum. Amma bütün dünya bilir ki, mən sizə aidəm. Belə də ki, daha heç nəyi kiməsə sübut etmək məcburiyyətində deyilsiniz, gəlin, “Gavur dərəsi” gavurlarla dolub daşır... İllərdir bu dərəni onlara məzar etmək və torpaqlarımı yenidən azad edib doğmalarıma qovuşmaq üçün qulağımı yerə dirəyib ayaq səslərinizi həsrətlə gözlədim. Qaçaq Nəbinin, Həcərin ruhu sizi səsləyir, dayanmayın, atları yəhərləyib tərpənməyin vaxtıdır! – deyirdi. Və çox şükür, oktyabrın 25-i yenidən sizə qovuşdum.

 

Zəngilan

Mən Zəngilanam. Araz çayının sol sahilində qərar tutmuşam. Tarixdə əsil adım Pircavan olmuşdur. Sovet dövründə adımdakı “pir” sözündən narahat olanlar adımı dəyişib Zəngilan qoydular. Adımdan asılı olmayaraq, istər Məmmədbəyli türbəsi kimi mənəvi abidələrim, istərsə də Koroğlunun adı ilə hallandırılan Ağ oyuq kimi digər tarixi daş abidələrim olsun, hər biri məni sizə bağlayan yaddaş kodlarımdır. Yaddaş demişkən, Ağ oyuq daşının üstündəki Orxan-Yenisey yazılarına nümunə sayılan qədim türk yazıları da bu yerə havayı yerə “Yazı düzü” deyilmədiyini göstərir.

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundum. İşğal olunmazdan əvvəl erməni silahlı dəstələri tərəfindən tam olaraq mühasirəyə alınmışdım və on minlərlə insan soyqırım təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirəyə düşən sakinlər Araz çayını keçərək xilas olmuşdular. O günləri nə mən unutdum, nə də sizlər. Nəhayət, 20 oktyabr tarixində xəyallarım gerçək oldu, yenidən azadlığıma qovuşdum. Yaxşı ki, varsınız!.. Allah sizləri qorusun!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz