“HAQQ NAZİLƏR, AMMA ÜZÜLMƏZ!”
Hər haqsızlıq zülmdür. Haqsız yerə başqasının malını almaq, namusuna sataşmaq zülmdür. Yalan vədlə və ya halal olmayan hər hansı bir yolla insanların haqqını qəsb etmək zülmdür. Silahsız və günahsız insanları öldürmək zülmdür. Günah işləmək və düşmənçilikdə həddi aşmaq zülmdür. Özünü haqlı, başqasını haqsız göstərmək üçün mübahisə etmək və qarşısındakını alçaltmağa çalışmaq zülmdür. Varlının borcunu ödəməyi gecikdirməsi zülmdür. Keçmişdə baş verən hadisələrdən ibrət almamaq zülmdür. Zülmə səbəb və vasitə olmaq da zülmdür...
Bu dünyada zülm edən zalımların qısa bir müddət rahat gəzib dolaşmaları bizi aldatmasın. Çünki Allah-Təala onlara haqsızlıqdan əl çəkmələri üçün möhlət verir. Belə ki, Rəsulullah (s.ə.s): “Heç şübhəsiz ki, Allah zalıma möhlət verər. Onu yaxaladıqda isə qaçmasına fürsət verməz”, - buyurmuş, sonra da bu ayəni oxumuşdur:
“Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!” (Hud, 102; Buxari, Təfsir, 11, 5)
Yuxarıdakı hədis və ayədə ifadə edildiyi kimi, Uca Allah bu möhlətin sonunda zalımları şiddətli bir şəkildə yaxalayacaqdır. Bu vaxt artıq onların bir yerə qaçmaları mümkün olmayacaq.
Allah-Təala bəndələrinə qarşı mərhəmətli olduğundan günahkarları cəzalandırmağa tələsməz. Onlara zülm və pis işlərindən tövbə etmələri üçün möhlət verər. Hətta bir çoxunun cəzası o qədər ağırdır ki, onu axirətə saxlayar. Zalımlar indiki rahatlığa aldanmamalı, etdikləri əməllərin qazanc kimi qalacağını zənn etməməlidirlər. Bunu yaxşı bilməlidirlər ki, “Allah möhlət verər, lakin laqeyd qalmaz”. Yəni müəyyən bir müddət üçün zalımlara möhlət verər, ancaq vaxtı gələndə lazım olanı edər. Uca Allah buyurur:
“Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar)”. (əl-Həcc, 48)
“(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözlər hədəqəsindən çıxar”. (İbrahim, 42)
Zülm heç bir zaman əbədi deyildir, sonu puçdur. Zülm edən kim olursa olsun, nə qədər güclü olursa olsun, hansı müasir silahlara sahib olursa olsun, möhlət vaxtı bitəndə cəzasını çəkəcəkdir. Zalımların əsl acı aqibəti isə axirətdədir. Bir ayədə zülm edənlərin cəhənnəmdə saxlanılacağı xəbər verilərək belə buyurulur: “Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!” (Məryəm, 72)
Bunun üçün zülmə bulaşmış kimsələr dərhal tövbə edib haqsızlıq etdiyi insanlara haqlarını geri verməli və halallıq almalıdırlar. Əks halda qiyamət günü onların vəziyyəti heç də yaxşı olmayacaq. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Kimin üzərində din qardaşının namusu, vicdanı və ya malıyla bağlı bir zülm varsa, qızıl və gümüşün olmayacağı qiyamət günü gəlmədən əvvəl o kəslə halallaşsın. Əks təqdirdə onun saleh əməlləri varsa, etdiyi zülm müqabilində savablarından alınıb (haqq sahibinə veriləcəkdir). Əgər yaxşılıqları yoxdursa, zülm etdiyi qardaşının günahlarından götürülərək onun üzərinə yüklənəcəkdir”. (Buxari, Məzalim, 10; Riqaq, 48)
Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “Kim bir qarış boyda yerə zülmlə sahib olarsa, o yer yeddi qat altıyla birlikdə boynuna dolanar”. (Buxari, Məzalim, 13) Hədisdən başa düşüldüyü kimi, haqsızlıq bir qarış da olsa, insanı zalım etməyə və şiddətli əzaba düçar etməyə kifayətdir. Zahirən bir qarış kimi görünən o torpağın altı yeddi qatdır. Zalımın nəzərindəki kiçik bir zülm əslində çox böyük və dərin yaralar açır. Torpaq xüsusunda haqsızlıq etmək insanlar arasında çox yayılan bir zülm növüdür. Qonşunun həyətini qəsb etmək bir nəfərin deyil, o həyətdəki hər kəsin haqqını qəsb etməkdir. Ona görə Hz. Peyğəmbər (s.ə.s) zülmə xüsusilə diqqət çəkmiş və cəzasının şiddətli olacağını bəyan etmişdir.
Digər bir hədisi-şərifdə isə belə buyurulur: “Qiyamət günündə haqlar sahibinə mütləq veriləcəkdir. Hətta buynuzsuz qoyun üçün buynuzlu qoçdan qisas alınacaqdır”. (Müslim, Birr, 60)
Yuxarıdakı hədisdə zülmün əsla qarşılıqsız qalmayacağı, istər kiçik olsun, istər böyük, bütün haqların mütləq sahiblərinə geri veriləcəyi bildirilir. Necə deyərlər, “haqq nazilər, amma üzülməz”. Bunun daha aydın başa düşülməsi üçün Rəsulullah (s.ə.s) misal çəkmiş və buynuzsuz qoyunun onu vuran buynuzlu qoçdan haqqını alacağını bildirmişdir. Məsul olmayan heyvanlar belə etdikləri haqsızlıqların cəzasını ödəmək məcburiyyətində qalırsa, davranışlarından məsul olan insan etdiyi hər bir hərəkətinin aqibətini düşünməlidir.
ŞƏRHLƏR