Rəsulunuzu Belə Edərkən Gördüm

Rəsulunuzu Belə Edərkən Gördüm

Sevgi Allah-Təalanın yaratdığı insan oğluna verdiyi ən üstün hiss və duyğulardan biridir. Bəlkə də elə insanın mükərrəm olmasının ən əsas səbəblərindən biri onun varlığında sevgi iksirinin olmasıdır. 

Çünki varlıqlar içərisində yalnız insandır görmədiyini sevən. Sırf sevdiyi üçün həqiqi itaət edən. Həqiqi təslimiyyət sevgi ilə olur desək yanılmarıq hər halda. Çünki təslimiyyət və itaət müxtəlif səbəb və qayələrlə olur. Bəzən qorxudan, güclünün yanında yer alma istəyindən və s... Əsl təslimiyyətsə sevərək itaətdir. Heç bir qarşılıq gözləmədən, mənfəət güdmədən olunan itaətdir. Elə buna görə də “Yalnız sevən itaət edər” demişlər. Tarixi vərəqlədikdə bir çox cahangir hökmdarlar görürük, zamanında hər kəsin təzim etdiyi. Lakin bu gün nə ardıcılları var, nə də çox sayda sevənləri. Həqiqi, səmimi təslimiyyətsə sırf sevgiyə əsaslanır. Və sevgidən doğan təslimiyyət, itaət həyatın təlatümlü sularında, çətin yoxuşlarında zəifləmədən, büdrəmədən davam etməkdədir. Sevərək itaətdə itaət olunanın yoxluğunda heç nə dəyişmir. Çünki mayası ehsan duyğusuyla yoğrulmuşdur. O ehsan ki, insana daima sevdiyinin yanında olduğu hissini verir.

Sevgi ilə itaətin ən möhtəşəm nümunəsini Hz. Peyğəmbərin əshabında görürük. Onlar Rəsulullaha elə bir sevgiyə və itaətə sahib idilər ki, hələ Əbu Süfyan iman etmədiyi günlərdə “Elə bir hökmdar, elə bir lider görmədim ki, rəiyyəti onu Məhəmmədin əshabının sevdiyi kimi sevsin.” –demişdi.

Səhabeyi-Kiram onu canlarından çox sevirdilər. Və bu sevgi ilə itaət edirdilər. Məhz bu sevgi idi Vəhb bin Kəbşəni ta Uzaq Şərqə - Çinə dəvət üçün göndərən. Uhudda öz canlarını ona sipər edərək “atam, anam sənə fəda olsun” dedirdən.

Hər halını onun halıyla eyniləşdirmək səhabə nəslinin ən böyük dərdi idi. Bu xüsusda ən böyük örnəklərdən biri də Hz. Ömərin oğlu Hz. Abdullahdır. Səhabələr arasında zöhd və təqvasıyla tanınan bu səhabənin özünəxas xüsusiyyətlərindən biri də həyatı boyu Hz. Peyğəmbəri təqib edərək onun sünnəsinə hərfiyyən tabe olmasıydı. Allah Rəsulunun bir bulaqdan su içdiyini gördüyü üçün tez-tez həmin bulaqdan su içmiş, onun kölgələndiyi ağacın altında kölgələnmişdir. Bir dəfə Həcc əsnasında Cəbəli-Rahmə adlanan yerdə bir qayanın üstündə bir müddət oturmuşdu. Bunun səbəbini soruşanlara:

“Allah Rəsulu (s.ə.s) Vida Həccində bu qayanın üstündə bir müddət oturmuşdu.” –buyurdu... Həmçinin Abdullah bin Ömərdən hər hansı bir məsələ haqda fətva istəndikdə “bu fərzdir”, “vacibdir”, “məkruhdur” deməzdi. “Raeytu Rasuləkum yəfalu kəzə - Rəsulunuzu belə edərkən gördüm” deyərək, Allah Rəsulunun o xüsusdakı davranışını eynilə söyləyər və onun kimi edilməsinin vacibliyinə inanardı.

Bu idi əshabın Rəsulullah sevgisi, itaəti. Bilal Həbəşi onu o qədər çox sevirdi ki, onun olmadığı Mədinədə yaşaya bilmədi. Başını götürüb Dəməşqə getdi. Nə zaman azan oxumaq istəsə, “Əşhədu ənnə Muhammədər-Rasulullah” cümləsinə gəldikdə boğazında düyünlənən qəhər onu hıçqırıqlara boğaraq susmağa məcbur etmişdi.

Bu sevgi əsrlər kəçərək zəmanəmizə qədər gəlmişdir. Sonrakı nəsillər arasında da bu sevginin bənzərini yaşamağa çalışan şəxsiyyətlərin olduğunu müşahidə edirik. Burada onlardan da bir misal vermək yerinə düşərdi. Məşhur hədis alimi İmam Nəvəvi Hz. Peyğəmbərin sünnəsinə tabe olmağı həyatına düstur etmişdi. Hədis rəvayətləri arasında Rəsulullahın qarpızı necə yeməsiylə bağlı məlumat olmadığı üçün sünnəyə müxalif davranmamaq üçün ömrü boyu qarpız yeməmişdir.

Ona itaət hər birimizin borcudur. Əgər seviriksə tabe olmalıyıq. Yoxsa sevdiyimizi söyləmək quru bir iddiadan ibarət olar. Allaha yaxınlaşmaq istəyiriksə ona tabe olmalıyıq. Çünki Kəlmeyi-şəhadət sarayı onsuz düşünülməz.

Bir böyüyümüzün tez-tez verdiyi misalı burada oxucularla paylaşmaq istəyirəm. Allah uzun ömür versin, buyurur ki:

“Yaşadığımız həyatda Allahın Həbibinə nə qədər bənzəyirik? Düşünün ki, bir stəkan su içəcəksiniz. Bu hərəkətiniz ehtiyacınızı dəf etməklə birlikdə sizə savab da gətirə bilər, sadəcə su içməkdən ibarət də qala bilər. Suyu əlimizə götürüb oturaraq bismillahla, 3 qurtuma içsək bu davranışımızla Rəsulullaha bənzəmiş olarıq. Mələklər dəftərimizə belə yazarlar: “Ya Rəbb, bu qulunun su içməsi Rəsulunun su içməsinə bənzədi.” Amma başqa cür içsək bu səfər də mələklər: “Ya Rəbb, bu qulunun su içməsi Rəsulunun su içməsinə bənzəmədi” -yazarlar.”

Gəlin görək biz ona nə qədər bənzəyirik? Həyatımızın hansı mərhələsində onunla eyniləşirik? Ona itaət ömrə bərəkət, dünya və axirət səadətidir.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz