Aciz Möcüzü Necə Anlatsin?

Aciz Möcüzü Necə Anlatsin?

Ya Rəsulallah! Səni yazmaq, Səndən bəhs etmək istədim. Amma haradan başlayım, bilmədim. Necə yazım, çarə qılmadım. “Buna gücüm çatarmı?” –deyib əl saxladım, “Qismətimmi görən?” –dedim, sonra da düşündüm, düşündüm…

Əslində hər şey Sənin haqqındadır və hər şey Səni anladır: Kainat Səndən danışır. Kitablar Səndən yazır. Şairlər Səni tərənnüm edir. Güllər güllüyündən utanır, bülbüllər Səni qısqanır. Əbu Cəhllər, Əbu Ləhəblər Sənin adın gələndə heç nə bacarmayıb acı-acı həsəd aparır.

Adəmdən bəri Sən varsan. Sənin nübüvvət nurun var aləmdə: Yetimin gülüşündə, kasıbın qəlbində, haqlının yanında, haqsızın qarşısında… İsanın İncilində, Musanın Tövratında, Cənnətin girişində, hətta Ərşin üstündə Sənin yerin var!

Səni seçən seçmiş… Səni sevən sevmiş… Səni sevdirən sevdirmiş… Səni bildirən bildirmiş… Səni lütf edən lütf etmiş… Əxlaqın ən gözəlini, həqiqətin ən özəlini sənə vermiş... Səni insanlığa bəxş edən, öz adı ilə yan-yana yazmış Sənin adını. Sənə itaəti Özünə itaət bilmiş, Sənə üsyanı Özünə üsyan… 

Dillər Səndən necə gözəl sözlər danışmış, qələmlər Sənin haqqında necə gözəl yazılar yazmış. Dostdan-düşmənə, mömindən-kafirə, uşaqdan-böyüyə qədər hamı Sənin barəndə bircə ifadədə birləşmiş: “Muhəmmədul-Əmin!”

Bəli, Sən dünyanın ən əmini, ən etibarlısı, ən sədaqətlisi, ən güvəniləni, ən doğrusu və ən düzgünüsən. “Şübhəsiz ki, Sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4)

Bəli, Sən insanlığın ən rəhmlisi, ən şəfqətlisi, ən mərhəmətlisi, ən duyğulusu, ən həssası və ən yuxa ürəklisisən. Çünki “Sən aləmlərə  rəhmət olaraq göndərilmisən” (əl-Ənbiya, 107)

Belə olanda biz qullar aciz, Sən möcüzsən, ya Məhəmməd! Bəs, aciz möcüzü necə anlatsın? Əlbəttə, bu, çox çətin bir məsələdir. Ancaq burada Səni bizə göndərən Uca Rəbbimiz imdadımıza çatır, qısa və məzmunlu bir kəlamla Sənin bizə “üsveyi-həsənə” (ən gözəl örnək) olduğunu öyrədir:

“Həqiqətən, Allahın Rəsulu Allaha, axirət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl- Əhzab surəsi, 21)

 Bəli, Allah Rəsulunun ülvi həyatı və mübarək şəxsiyyəti, sırf insan idrakına sığa bilən təzahürləri ilə belə bəşəri davranışlar mənzuməsinin zirvəsini təşkil edir. O, təbliğ vəzifəsini, insanlığa birbaşa özü nümunə olmaqla başa çatdıran zirvə bir peyğəmbər və yeganə bir nümunədir. (Üsveyi-Həsənə l, Ö.Çelik, M.Öztürk, M. Kaya)

Bir Peyğəmbər aşiqi Onu nə gözəl tərənnüm edir:

 

Həzrəti Muhəmməd Haqqın səsidir

Hər iki dünyanın əfəndisidir.

Ərəbi-əcəmi O Nur isidir.

Zaman o gül kimi gül görmüş deyil

Sən də o gözəlin önündə əyil

                     

Sirət və surəti tamam olunca

Nəbilər fihristi xitam bulunca

Ən sonra o gəldi vaxtı dolunca

Arınıb süzüldü kamala ərdi

Bu səbəblə Allah -Həbibim, -derdi.

 

Aləmdə hüsnünə yoxdur bir bədəl

Belə hökm eyləmiş təqdiri-əzəl

Son Rəsul olmalı gözəldən gözəl

Feyzini gözəllər həp ondan alır

Yanında gözəllik pək sönük qalır.

(Mahmud Kaya, “Qəsideyi-bürdəni türkcə söyləyiş”)

Seviləni sevmək bizim üçün ən böyük səadətdir. Yaradan sevmiş, sevdiklərinə sevdirmiş. Allah sevdimi -belə sevər, sevdirdimi -belə sevdirər!!! Əzəldən əbədə bir sevgi körpüsü inşa edər… Və bu sevgi körpüsündən neçə-neçə bəxtiyarlar keçər. Sevgi bulağından neçə-neçə bəxtiyarlar içər…

Bəxtiyar olmaq, özü də iki cahanda! Dünyada sevgi əkib axirətdə sevgi biçmək. Dünyada min bir imtahandan keçib axirətdə siratdan keçmək. Dünyada yorulub Cənnətdə dincəlmək. Dünyada susayıb Kövsər hovuzundan içmək!…

Bəs bu necə olacaq? Təbii ki, bu, səhabələrin Peyğəmbərə bağlılığı kimi özəl bir münasibətlə mümkündür. Onun sözünü hər şeydən öncə, hər şeydən öndə qəbul etmək və onların yolundan getməklə, Peyğəmbərə onlar kimi müraciət etməklə!…

Bilal, Musab, Osman, Əli, Ömər kimi, “canım Sənə fəda olsun, Ey Allahın Rəsulu!” Əbu Bəkr, Əbu Hüreyrə, Əbu Üseyd, Əbu Zərr kimi, “anam-atam Sənə fəda olsun, Ey Allahın Rəsulu!” -deyə bilməklə…

Onlar Rəsulun yolunda “olum”a deyil, ölümə can atdılar. Ondan dünyalıq almağa yox, Ona yardım etməyə can qoydular. Kiməsə öyrətməyə yox, Ondan öyrənməyə getdilər. Orda gülməyə yox, ağlayanları güldürməyə üstünlük verdilər. Onlar maddiyyata deyil, mənəviyyata yönəldilər. Ona görə də bütün insanlardan seçildilər. Həzrət Peyğəmbərin (s.ə.s) “Əshabım (göydəki) ulduzlar kimidir, hansına uysanız hidayəti taparsınız.” (Camius-Sağir, Süyuti (Feyzul-Qədir 4, 76); İbn Abdil-Bərr, Camiul-Elm (2, 91) kəlamı ilə təltif edildilər. Onlar öz dövrləri ilə yanaşı zəmanəmizin də ulduzlarıdırlar. Günəş də, ulduzlar da qiyamətə qədər birlikdədirlər. İnanan hər kəsə yön göstərməyə davam edərlər.

Bu gün də hər kəsin bir ulduzu var. Adını bilmirəm haradan, kimdən, necə alan bəzi zəmanə ulduzları. Özdə deyil, sözdə ulduz olanlar. Bir şeyin əsli varkən saxtası ilə maraqlanmaq nə qədər doğru?..

Əsl ulduzunu seç ki, yolun aydın olsun!

Qoy saxta ulduzlar başqalarının olsun!

 

 

Hacı Arif Heydəroğlu

haciceylan@yahoo.com

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz