Hər Gün Bir Sünnəsini...
Nəbilər silsiləsinin ilk və son halqası, təmiz soylu, aləmlərə rəhmət olaraq göndərilən, insanlığın ən xeyirlisi, Allahın bəşəriyyətə ən böyük neməti, Yaradanın şahid qıldığı, həyatına and içdiyi, adını ucaltdığı bir insan...
Elə bir insan ki, yaradılışımızın səbəbi, həyatımızın şəfası, İslam və imanın əzəli və əbədi nuru, şəxsiyyətimizi formalaşdıran ən gözəl nümunə, hər iki dünyada şəfaətçimiz... Bəşər aləmində gözəl əxlaqın: nəzakət, lətafət və zərafətin zirvəsində olan yeganə şəxsiyyət...
Məhəbbətin zirvəsi, qəhrəmanlığın zirvəsi, səbrin, mətanətin zirvəsi, comərdlik, qayğıkeşlik və fədakarlığın zirvəsi, böyük qənimətlər və dünya nemətləri qarşısına sərilsə də zöhd, vəra, qənaət və təvazökarlığın zirvəsi, mərhəmət və şəfqətin, möhtaclara yardımın zirvəsi, ixlas və təqvanın zirvəsi, riza və şükür halının zirvəsi...
Bütün fəzilət və gözəllikləri misilsiz nümunəvi şəxsiyyətində cəmləşdirən, könül aləmini nadir, zərif və incə çiçəklərdən, gözəl qoxulu güllərdən hazırlanmış bir cənnət bağçası kimi bizə təqdim edən mübarək insan Həzrət Məhəmməd Mustafa (s.ə.s)-dir.
Onun həyatı yaşanmış Qurandır, İslamdır. Müsəlmanın nümunə götürəcəyi həyat çərçivəsidir. Peyğəmbərimiz (s.ə.s)-in sözləri və prinsipləri həm öz həyatında, həm də qiyamətə qədər davam edən ümmətinin həyatında əməldə yaşanan ən mükəmməl nümunələr toplusu olmuşdur.
Abdullah bin Deyləmi sünnəyə eşq ilə bağlılığın əhəmiyyətini belə ifadə edir:
“Bildiyimə görə dinin (yox olub) getməsinin başlanğıcı sünnənin tərk edilməsi ilə olacaqdır. İpin ilmə-ilmə açılıb nəhayət qopması kimi din də sünnələrin bir-bir tərk edilməsiylə əldən gedər.” (Darimi, Müqəddimə, 16)
Yəni sünnələrin bir-bir həyatımızdan çıxması, Allah qorusun, əbədi nicatımızı saman çöpünə bağlı hala gətirir.
Məhz bu nöqtədə öz-özümüzə bəzi sualları soruşmaq yerinə düşər:
Biz o cənnət bağçasından əsən ruhaniyyət ruzigarlarından nə qədər istifadə edə bilirik?
Ailə həyatımız nə qədər onun həyatına oxşayır?
Ticari həyatımız nə qədər onun göstərdiyi tərzdədir?
İctimai həyatımız nə qədər onun qoyduğu ölçülər çərçivəsindədir?
Onun qəlbi ümməti üçün riqqətlə döyünərkən yoxsullar, çarəsizlər, kimsəsizlər, məzlumlar, yetimlər və hidayət gözləyənlərə qarşı biz nə qədər hissiyyatlıyıq?
Onun gözəl əxlaqına qarşılıq olaraq ümməti kimi biz İslamın gülər üzünü, könül iqlimini, ruhaniyyətini, zərafət, nəzakət və gözəlliyini nə qədər təmsil edə bilirik?
Siyəri-Nəbini ən yaxşı bilənlər həyatları ən çox Rəsulullah (s.ə.s)-in həyatına oxşadanlardır. Onu ən yaxşı tanıyanlar təqva həyatı yaşayan və onun sünnəsini diqqətlə yaşayıb məhəbbət və həsrətlə o rəhmət günəşinə hilal olanlardır.
Allah Rəsulu (s.ə.s)-i tanımağın və ona məhəbbətin ən böyük dəlili sünnəsini gözəlcə tətbiq edə bilməkdir.
Həzrət Əli (r.a) Peyğəmbərimiz (s.ə.s)-in əmisinin oğlu və kürəkəni idi. Onun yanında böyümüş və peyğəmbərliyin əvvəlindən Peyğəmbərimizin vəfatına qədər iyirmi üç il onunla bərabər olan bir insandır. Bir gün, oğlu Hüseyn (r.a) ondan babasının əxlaqını anlatmasını istəmişdi. O da belə cavab vermişdi:
“Həzrət Peyğəmbər, gülərüzlü, gözəl xasiyyətli, yumşaq qəlbli idi. Heç vaxt kobudluq və sərtlik etməmişdir. Onun ağzından heç bir nalayiq söz çıxmazdı. Başqalarının hərəkət tərzini tənqid edib ayıblamaz, sevmədiyi bir hərəkət və ya hadisə qarşısında bir söz söyləməz, belə bir hərəkət işləyən adam öz hərəkət tərzinin bəyənilib təsdiqlənməsini istəyəcək olardısa, Rəsuli-Əkrəm (s.ə.s) onu qınamadan, qəlbini qırmadan bundan vaz keçirər, ya da sükut edərək qarşısındakına məmnun qalmadığını hiss etdirərdi.”
Onun ümməti olduğumuzu iddia edirik. Ümmət adına layiq olmaq üçün heç olmasa hər gün onun bir sünnəsini həyatımıza tətbiq edək.
Onun sünnəsini yaşayaq, onun yolu ilə getməyə çalışaq ki, son nəfəsimizdə onun kimi “Rəfiqi-Əla”ya, yəni “Uca Dost”a deyə bilək. Çünki bu dünyada gedilən yollardan yalnız onun yolu o “Uca Dosta” gedir. Onun əlindən tutaraq bu dünyadakı həyat yolçuluğunu tamamlayanlar necə də xoşbəxt kimsələrdir.
ŞƏRHLƏR