İlahi Əxlaqı Yaşamaq
Kainat ilahi həqiqətlərin təhsil edildiyi bir məktəb, imtahan olunmaq üçün dünyaya göndərilmiş olan cinlər və insanlar da bu məktəbin tələbələri nisbətindədir.
Bu məktəbdəki mənəvi təhsil son nəfəsə qədər davam edəcək, nəticədə insan oğlu müsbət və ya mənfi əməlləriylə torpağın sinəsindəki yerini alacaqdır.
Rəbbimiz bu dünyaya gəlişi və buradan da axirətə səfərin sirr və hikmətlərini layiqincə idrak edib həyatımızı ona görə tənzim edə bilməyimiz üçün bir çox ilahi bəyanla bizi irşad etməkdədir. Necə ki, Onun Qurani-Kərimdən ilk əmri “Yaradan Rəbbinin adıyla oxu!” (əl-Ələq, 1) ayəsidir. Bu ayə ilə murad edilən ən geniş məna isə;
Möminin xüsusilə Quranı, kainatı, hadisələri və şəxsən öz yaradılışını təfəkkür edib bu ilahi qüdrət axışları qarşısında duyğu və fikir dərinliyinə gələ bilməsi, ardından da bütün bunların zahiri səbəblərlə pərdələnmiş əsmayi-ilahiyyə tərkiblərindən ibarət olduğu idrakına çata bilməkdir. Son olaraq da həyatını bu həqiqətlər işığında formalaşdıra bilməsidir. Beləliklə könlünü Allahın cəmali sifətlərinin müstəsna təcəlligahı qıla bilmək cəhdi ilə yer üzündə Allahın şahidi olaraq İslamın nəzakət, zərafət və gülər üzünü davranışlarında sərgiləyə bilməsidir.
Yəni könüllər Allahın “oxu” əmrinə itaət çərçivəsində mikrodan makro aləmlərə qədər kainatdakı bütün varlıqlarda mövcud olan Uca Yaradanın qüdrət möhürlərini müşahidə edərək Onun ismi-şərifləriylə mənəvi bir təhsildən, yəni təqva təlimindən keçməlidir. Çiçəklər həyatlarının davamı üçün daima suya möhtac olduqları kimi qəlblər də feyz və ruhaniyyətin davamı üçün təqvaya möhtacdır. Necə ki, ayeyi-kərimədə də buyurulur:
“…Allahdan qorxun (təqva üzrə olun)! Allah (sizə bilmədiklərinizi) öyrədir!..” (əl-Bəqərə, 282)
əl-MUSAVVİR…
Möminin ilahi əsma təcəllilərindən pay götürüb səviyyə qazana bilməsi üçün məsələn, kainatdakı bütün varlıqları misilsiz gözəllik və mükəmməlliklə şəkilləndirən əl-MUSAVVIR ilahi isminin təcəllilərini ibrət nəzəriylə tamaşa etməsi zəruridir. Çünki kainat ilahi qüdrət mənbələrindən daşan təcəllilər sərgisidir. İnsan deyilən müəmma da ilahi əsmanın kamil bir təcəlligahıdır.
Allahın nuruyla görən, eşidən və hiss edən qəlblər hər şeydə ilahi təcəlliləri idrak edər. Zərrədən kürrəyə qədər bu aləmdə nə varsa hamısı ilahi bir sənət əsəri və hər yer sanki ilahi qüdrət nəqşlərinin sərgiləndiyi bir muzey hökmündədir.
Əsər müəssirin, sənət sənətkarın güzgüsüdür. Qəlb gözü kor olmayan bir bəndə nəyə baxsa, kainatın hansı zərrəsi üzərində təfəkkür etsə Rəbbinin sənətini müşahidə edər, Mütləq Sənətkara olan sonsuz bir heyranlığın həzz və səadətinə qərq olar. Gördüyü hər mənzərə onu zehnən və qəlbən Yaradıcısına çatdırar.
Həqiqətən, kainatdakı hər zərrə elmini “mərifət” sayəsində artıra bilən insan üçün Allahın varlığına, birliyinə və sonsuz qüdrətinə bir dəlildir. Eyni zərrə idrakı bu səviyyəyə çatmamış olanlar üçünsə Haqqı tapmağa bir pərdədir. Yəni kainatdakı bütün varlıqlar iman şüuruyla baxdıqda Allaha aparan bir dəlil olduğu halda idrak koru olanlara bir pərdədir. Buna görə də təbiət alimlərinin əksəriyyəti maddi varlıqları tədqiq edərkən Allah-Təalanın qüdrət və əzəmətinə vaqif ola bilmədikləri halda, bəziləri də idraklarını maddəyə həbs edib materialist bir zehniyyətin köləsi olmaqdadırlar. Lakin onlara yönələn idraklardakı fərqlilik insanı eynilə ağ-qara kimi zidd nəticələrə gətirib çıxarır.
Deməli, kamil bir mömin kainata baxışda idrakını ilahi sirr və hikmətləri qavraya biləcək bir vəsfə yüksəldə biləndir. Bu isə eynən şüşə qırığını almaza çevirə bilmək qəbilindən, insan idrakının ixlas, təqva və məhəbbət yüklü ibadətlərlə inkişafına bağlıdır.
Bu səbəblə də yer üzünü dolduran saysız gözəlliklərin – dağların, dəryaların, küləklərin səssiz bəyanlarına qarşı mənən kor və kar qalaraq Allahın əl-Musavvir ismi-şərifinin təcəllilərini idrakdan uzaq qalanlar həyatın ən qafil və çaşqın yolçularıdır…
əl-BARİ…
Bunun kimi “əl-BARİ / Yaradan” sifətinin təcəllilərini də qəlb gözüylə seyr etmədən kamil mənada mənəvi təhsildən söz açıla bilməz. Cəmadat (cansız varlıqlar), nəbatat, heyvanat və insanları bütün orqanlarını bir-birinə uyğun olaraq mükəmməl bir ahəng və tənasüb içində yaradan Rəbbimizin ilahi hökmranlığı qarşısında bəndənin heyran olması, kainatdakı ekoloji intizam və ilahi nizamın ehtişamını qəlbən idrak etməsi şərtdir.
Hər bir varlıq mömin könülləri bu düşüncələrə sövq etməlidir. Məsələn, insan öz barmaq izinə baxdıqda Allahın sonsuz yaratma və təsvir qüdrətinin əzəmətini müşahidə edərək bu ilahi təcəllilərin ehtivasından dərin nəsiblər ala bilməlidir. Ancaq bu səviyyədəki bir idrak vasitəsilə bütün kainat sirr və hikmətlər bəyan edən bir kitab halına gələ bilər.
Kainatdakı hər bir varlığın hansı ilahi isimdən təcəlli etdiyini bilmək elmin mərifət səviyyəsinə yüksəlməsi deməkdir ki, bəşəri elmin zirvəsi də budur. Bu təcəllilərdəki ilahi muradı qavramaq isə Allahın vəli qullarına xas olan kəşf və kəramət halıdır.
Kamil möminlər də könlü ilahi əsma və sifətlər üzərində mərkəzləşdirərək şəxsiyyət və xarakterini o ilahi mənbədən feyz alaraq formalaşdırmağın Allahın məhəbbət və rizasına vəsilə olacağı şüuruyla yaşayarlar.
Ayeyi-kərimədə buyurulur:
“Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin!..” (əl-Əraf, 180)
Müfəssir Bursəvi bu ayənin təfsirində belə deyir:
“Allahın ad və sifətləriylə həmhal olub əxlaqlanmaq surətiylə Allaha dua edin. O sifətlərlə həmhal olmaq məqbul əməl və saleh niyyətlərlə mümkündür…
Məsələn, raziqiyyət (ruzi vermək) sifətiylə həmhal olmaq Allahın verdiyi ruzilərdən möhtaclara paylamaqla və heç nəyi əsirgəmədən mümkündür. Digər sifətləri də bununla müqayisə et.” (Ruhul-Bəyan)
ər-RƏZZAQ
Həqiqətən Allah-Təalanın bütün məxluqata qarşı boynuna götürdüyü yeganə mükəlləfiyyət ruzidir. Heç bir canlı öz ruzisini tamamlamadan ölməz. Bu səbəblə də ruzi təlaşında olmaq iman şüuruna ziddir. Ayeyi-kərimədə belə buyurulur:
“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir…” (Hud, 6)
Rəbbimiz bütün məxluqatına hər an saysız ilahi süfrələr açaraq ruzilərini verir. Üstəlik Rəzzaq olan Rəbbimiz yer üzündəki hər cins məxluqata ayrı-ayrı süfrələr açmaqdadır. Məsələn, bir qoyunun yeyə biləcəyi bir çox şeyi insan yeyə bilməz. İnsanın yeyə bildiklərinin də bir çoxunu qoyun yeyə bilməz. Yəni ruzi nemətləri də çox həssas bir ilahi tənzim və bölgüyə görə lütf edilir.
Biz də yediyimiz hər loğmada bu ilahi lütfləri xatırlamalı, yeməyə bismillahla başlayıb, həmd ilə bitirməli və Rəbbimizə daima şükür duyğuları içində olmalıyıq. Hətta acları doydurmaq, susuzlara su ikram etmək surətiylə məxluqatın ruzilənməsinə xeyirli bir vasitə ola bilməyə çalışmalıyıq.
Çünki nemətlərə şükür iki şəkildədir:
Biri, bütün nemətlərin Haqqın lütfü olduğu idrakı içində olmağın bir ifadəsi olaraq ləfzi, yəni sözlü olaraq şükür etmək, digəri isə, o nemətlərdən məhrum olanlara da ikram etməkdir. Bu da feli bir şükürdür ki, mütləq ifa edilməlidir.
Bu iman üfüqünü aşağıdakı qissə necə də gözəl xülasə edir:
Şəqiq Bəlxi həzrətləri dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmaq qərarına gəlir. Buna görə də uzaq diyarlara getməli olur. Yola çıxmazdan əvvəl çox sevdiyi və hörmət etdiyi dostu İbrahim bin Ədhəmin yanına gedib onunla halallaşır. Lakin uzun müddət görünməyəcəyi zənn edilən Şəqiq bir neçə gündən sonra geri qayıdır. İbrahim bin Ədhəm Şəqiqi məsciddə görüb heyrətlə:
“Nə tez qayıtdın?” –deyə soruşur. Şəqiq Bəlxi:
“Səfər əsnasında çox qəribə halla qarşılaşdım, ona görə qayıtdım.” –deyir.
İbrahim bin Ədhəm:
“Xeyirdir!.. Nə gördün?” –deyə soruşur. Şəqiq danışmağa başlayır:
“Səfər əsnasında istirahət etmək üçün bir kənara çəkilmişdim. Orada kor və topal bir quş gördüm. Öz-özümə “Görəsən bu quş burada təkbaşına necə yaşayır, nə yeyir, nə içir?” deyə düşünürdüm ki, bu zaman ağzında yem daşıyan bir quş gəlib çıxdı. Bu hadisə dəfələrlə təkrarlandı. Bu mənzərə qarşısında: “Bu quşu kimsəsiz yerdə ruziləndirən Allah əlbəttə mənim də ruzimi verər.” dedim və geri qayıtdım.”
Bu cavabdan sonra İbrahim bin Ədhəm həzrətləri belə deyir:
“Sənin halına mat qaldım. Nə üçün özünü başqasının yardımıyla yaşayan şikəst bir quşun yerinə qoydun, amma həm özü üçün çalışan, həm də digər düşkünlərə yardıma can atan quş kimi olmağı düşünmədin?!”
Bu sözlərdən sonra Şəqiq Bəlxi həqiqəti anlayır. Dərhal İbrahim bin Ədhəmin əlini öpür və ticarətinə qayıdır. (Yusuf əl-Qardavi, Fəqirlik problemi və İslam)
Ailəsinə, qohum-əqrəbasına və ətrafındakı insanlara ikram edəcək ilahi əxlaqı yaşama cəhdi Allahın məhəbbət və rizasına qovuşduran bir fəzilətdir. Mömin də ruzi məsələsində yanlış təvəkkül anlayışına qapılmayıb gücü çatdığı müddətdə səy göstərməli və beləliklə ruzidən çox Rəzzaqın ardınca düşmə fərasətini qazanmağa çalışmalıdır.
MALİKUL-MÜLK
Rəbbimiz Malikul-Mülkdür. Bütün mülkün əsl sahibi və hökmdarıdır. O, öz mülkündə istədiyi kimi hərəkət edər. İstədiyinə çox, istədiyinə az ehsan edər. Lakin hər kəsi də verdiyi nemətlər nisbətində məsul tutar.
Dünya sevgisi və mal qazanma ehtirası qəlbləri ən çox qəflətə salan xüsuslardan biridir. İnsanın bu zəifliyini Uca Rəbbimiz belə bəyan edir:
“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.” (əl-Fəcr, 15-16)
Var-dövlətin səadət də, fəlakət də gətirə biləcəyini, zəhginliyin də, kasıblığın da ilahi bir imtahan olduğunu layiqincə dərk edən Allah dostları hər iki haldan da mənən qazanclı çıxmağın idrakı içində yaşayarlar. Allah-Təala nemətlərini artırdıqda israf, xəsislik və azğınlıqdan çəkinərək ondan Haqqın rizası yolunda istifadə etməyi bilərlər. Allah nemətlərini azaltdıqda isə bunun da özləri üçün xeyirli olduğunu düşünərlər. Çünki dünya sərvətinin bir çoxları üçün müsibət səbəbi olduğunu xatırlayıb hallarına şükür edər və qəlb sükunətiylə səbrin ləzzətini yaşayarlar.
Mömin də bu şüurla ilahi bölgüyə qane olub riza və təslimiyyət göstərməli, nəfsani ehtiraslarla ilahi hüdudları tapdamaqdan və başqalarına təqdir edilmiş olan mal və mülkə göz dikməkdən çəkinməlidir. Mülkün əsl sahibinin Allah olduğunu unutmamalı, özünə təqdir edilən mülkün müvəqqəti bir əmanət olduğunu xatirindən çıxarmamalıdır. İndi bəzi mülklərə “dövr edilən mülk” deyilir. Halbuki iman nəzəriylə baxdıqda bütün fani mülklər dövr edilən mülkdür.
Qəlbi Allah sevgisiylə dolu olan bir mömin həqiqətdə heç nəyə malik olmadığının idrakı içindədir. Çünki məhəbbət fədakarlıq tələb etdiyi üçün həris bir malikiyyətlə, yəni nəfsani bir azğınlıq arzusuyla əsla uzlaşmaz. Sevən sevdiyinin uğrunda hər şeydən keçər. Necə ki, mömin imandan ehsana gedən Haqq yolçuluğunda məsafə qət etdikcə dünyaya baxışındakı ölçüləri də eyni paralelliklə səviyyə qazanar.
İlahi əmr və qadağaların ümumi bəşəriyyətə təklif edilən ən minimum səviyyəsi olan şəriətdə “sənin malın sənin, mənim malım mənimdir” anlayışı keçərli olduğu halda;
Qəlbən istedadlı kimsələrin mənəvi kamilləşmə yolu olan təriqətdə bu nəzər nöqtəsi “sənin malın sənin, mənim də malım sənin” şəklində bir fədakarlıq mahiyyəti qazanır.
Bunun da üstü olan, Haqqın seçilmiş qullarının çata bildiyi həqiqət iqlimində isə “nə sənin malın sənin, sə də mənim malım mənim; hamısı Allahındır” prinsipi əsasdır.
İbrahim bin Ədhəm həzrətlərinin nəsihət istəyən birinə dediyi bu sözlər nə qədər mənalıdır:
“Əgər günah işləyəcəksənsə bari Allahın nemətini yemə! Həm Haqqın ruzisini yeyib, həm də Ona asi olmaq rəvadırmı?! Onun mülkündə oturub, Onun sözünü eşitməmək rəvadırmı?!”
Haqq yolçusu bu həqiqətlər işığında öz vəziyyətini, halını daima gözdən keçirməlidir. Həmçinin özünə təqdir edilən mal və mülk üzərində möhtacların da haqqının olduğunu unutmamalıdır. Necə ki, ayədə də belə buyurulur:
“Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var.” (əz-Zariyat, 19)
Mömin “…Sən onları simalarından tanıyarsan…” (əl-Bəqərə, 273) ayəsinin sirrinə məzhər olaraq möhtac qardaşının istəməsinə imkan vermədən onun sıxıntısını simasından anlaya biləcək fərasətə sahib olmalıdır.
əl-MUMİN…
Allah-Təalanın bir sifəti də əl-Mumindir. Rəbbimiz bu sifətini özünə iman gətirmiş qullarına da layiq görərək qullarının da bu ilahi əxlaqı yaşamalarını arzu etməkəddir.[1]
“Mumin” qəlblərdə iman nurunu parladan, özünə sığınanlara aman verən, onları əmniyyət içində saxlayıb qoruyan, rahatlıq verən, özünün və peyğəmbərlərinin doğruluq və sədaqətini ortaya qoyan, vədindən dönməyən kimi mənalara gəlir. Allah-Təala digər cəmali adları kimi “mumin” sifətiylə də vəsflənməyimizi arzu edir. Belə ki, biz qullarına “möminlər” deyə xitab edir. Bununla da bu sifətə layiq bir şəxsiyyət və xarakterlə dinini təmsil etməyimizi təlqin buyurur.
Mumin sifətinin qəlbə yerləşməsinin ən böyük əlaməti isə qulun daima özünü ilahi kameraların altında hiss edərək hər halıyla dininin gözəl təmsilçisi ola bilməsidir. Bu şəkildə ürəklərə iman aşılaması, mərhəmət saçması, özünü və ətrafındakıları hər cür pislikdən mühafizə edib etimad və əmniyyət təlqin etməsidir.
“Müsəlmanların ən fəzilətlisi kimdir?” sualına Həzrət Peyğəmbər r:
“Dilindən və əlindən müsəlmanların əmin olduğu kəsdir.” cavabını vermişdir. (Buxari, İman 4, 5, Riqaq 26)
Bunun əksinə, sözündə durmayan, güvənilməz kimsələr haqqında da Rəsulullah r in çox dəhşətli xəbərdarlıqları vardır. Bunlardan ikisi belədir:
“Edəcəyi pisliklərdən qonşusu əmin olmayan cənnətə girə bilməz.” (Müslim, İman 73)
“Əmanəti (güvənliyi) olmayanın imanı da yoxdur.” (Əhməd, III, 135)
Bir möminin ətrafındakılara güvən verməməsi imanının zəifliyinə və hətta iman həssaslığını itirdiyinə işarədir. Artıq onda möminliyin sadəcə adı qalmış, ibadətlərinin içi boşalmış, geriyə yalnız səmimiyyətsiz bir mənzərə qalmış deməkdir.
Necə ki, Həzrət Ömər t ibadətlərin belə, gözəl əxlaq zəminində bir qiymət ifadə etdiyini nə gözəl dilə gətirir:
“Bir adamın qıldığı namaza, tutduğu oruca baxmayın. Danışarkən doğru söyləyib-söyləmədiyinə, özünə nə isə əmanət edildikdə ona riayət edib-etmədiyinə, dünyaya meyil etdiyi zaman halal-harama diqqət edib-etmədiyinə baxın!”[2]
Biz də bu ilahi sifətdən nəsib alaraq Rəbbimizin sevib razı qaldığı kamil bir “mömin” ola bilməyə cəhd etməliyik.
əs-SABUR
Rəbbimiz çox səbirlidir. Günahkar qullarından intiqam almaq üçün tələsməz. Əksinə, onların tövbəyə yönəlik hallarını islah etmələri üçün səbirlə saysız fürsətlər lütf edib möhlət verər.
Mömin də dininə xidmət yolunda başına gələn əza və cəfalara səbir etməyi bilməli, bu ilahi sifətdən pay almağı bacarmalıdır. Hirslənib tələsik hökm verməməli, şikayət və sızlanmağı tərk etməli, müsibətlərin bütün şiddətiylə onu yaxaladığı bir anda da səbrin sonundakı neməti düşünərək qəlbi səviyyəsini qorumalıdır.
Rəbbinin rizasını istəyən əvvəlcə özü Onun təqdirinə razı olmalıdır. Kim Allahın təqdirinə razı olaraq yaşayarsa, o kimsə daima ilahi rəhmət təcəlliləri altında olar. Ağır xəstəlik, bəla və müsibətlərin içində də olsa… Çünki Allah onun hər zaman yar və yardımçısıdır. Sonda onu mükafatlandıracaq. Bu xüsusda Əyyub u ın halı gözəl bir nümunədir. O, başına gələn dözülməz bəlaları böyük bir səbir və təslimiyyətlə qarşılayıb Allahın təqdirinə riza göstərmişdir. Allah da onun haqqında “nə gözəl quldu” buyurmuşdur.
Sözün qısası, bu xüsuslarda səbir lazımdır: İbadətdə, müamilələrdə, bolluqda, qıtlıqda və s… Çünki hər şey ilahi imtahan ləvazimatıdır. Bunun üçün xüsusilə Kitab və Sünnənin əmrləri istiqamətində yaşaya bilmək cəhdində olmaq və Allaha dəvət xidmətində yorulmamaq, bezməmək və həyatın hər mərhələsində səbirli olmaq lazımdır.
Allah dostu Xatəmi Əsam həzrətləri belə buyurur:
“Gözəl əxlaqın ən mühüm təcrübə nöqtəsi əziyyətlərə səbir etmək və külfətə dözməkdir. Başqasının pis xasiyyətindən şikayət etmək, insanın öz əxlaqının pisliyinə dəlalət edir. Çünki gözəl əxlaq eyni zamanda əziyyətlərə qatlanmaq deməkdir.” (Ehya, III, 161)
Dünyanın fani olduğunu, oradakı cəfalara səbir etməyin əbədi səadət sərmayəsi olacağını bilən bir mömin də qarşılaşdığı müsibətlərin yükünü qəlbinə qoymaz, həyatın dəyişən şərtləri qarşısında müvazinətini pozmaz, qəlbinin Rəbbindən başqasına yönəlməsinə imkan verməz.
əl-KƏRİM…
Rəbbimiz hədsiz dərəcədə comərddir, böyük lütf və ehsan sahibidir. Allah qatında kərəm sahibi, yəni qiymətli və etibarlı olmaq da bu dünyada kərim olmağa, yəni comərdliyə bağlıdır. Necə ki, İbn Abbas v dan kərəmin nə olduğu soruşulduqda:
“Allah-Təala Qurani-Kərimində
“…Allah yanında ən kərəmliniz (hörmətli olanınız) Allahdan ən çox qorxanınızdır…” (əl-Hucurat, 13) buyurduğu kimi təqva sahiblərinin halıdır.” (Ehya, III 123, )
“əl-Kərim” adından pay almış olan möminlər gecə-gündüz demədən, gizli və aşkar şəkildə infaq edərək qəlblərini sanki bir səbil halına gətirərlər. Həzrət Ömər t ın gecə vaxtı belində un çuvallarıyla kasıbların yaşadığı məhəllələri gəzməsi, Zeynəlabdin həzrətlərinin gecə qaranlığında kasıblara ərzaq daşımaqdan belinin yara içində qalması Haqq dostlarının kərəmindən sadəcə iki misaldır.
Allah ayeyi-kərimədə “Allahın sənə ehsan etdiyi kimi sən də (insanlara) ehsan et…” (əl-Qəsəs, 77) buyuraraq öz comərdliyinin bir bənzərinin də qullarında görməyi arzuladığını bəyan etməkdədir. Bunun üçün ilahi əxlaqı yaşamaq istəyən bir mömin əlindəki nemətlərdən möhtaclara da paylamalıdır. Əlindən, dilindən, halından, sözündən, sözün qısası maddi və mənəvi bütün imkanlarından ikram edərək Haqqın rizasını axtarmalıdır. Necə ki, belə bir arayış içində olanlara Rəbbimiz bu müjdəni verməkdədir:
“Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (əl-Əraf, 56)
ər-RƏHMAN, ər-RƏHİM…
Allah-Təalanın Rəhman və Rəhim isimlərindən nəsiblənərək bu əxlaq ilə yaşaya bilmək hər yerə rəhmət saçmaqla mümkündür. Çünki mərhəmət imanın ən gözəl meyvəsi və ilk nəticəsidir ki, məhrumlar üçün şəfqətli bir sığınacaq olmağı tələb edir. Qurani-Kərimdə qarşımıza çıxan ilk ilahi isim Rəhman və Rəhimdir. Fatihə surəsinin başındakı bəsmələni -əslində başqa bir surədə keçən ayə olduğu halda- burada təbərrükən qeyd edilmiş qəbul etsək də, o surədə də qarşımıza ilk olaraq Allahın Rəhman və Rəhim adları çıxır.
Allahın rəhmət təcəllilərindən layiqincə nəsib almış bir mömin də başda insan olmaq şərtiylə heç bir məxluqatın səsli və ya səssiz fəryadına biganə qala bilməz, əlindən gələn heç bir yardımı əsirgəməz. Necə ki, Haqq dostu Mövlana həzrətləri bu ilahi əxlaqdan aldığı nəsiblə belə deyir:
“Şəms (q.s) mənə bir şey öyrətdi: “Dünyada bircə mömin üşüyürsə, isinməyə haqqın yoxdur.” Mən də bilirəm ki, yer üzündə üşüyən möminlər var və mən artıq isinə bilmirəm!..”
Yəni Şəms Təbrizi həzrətləri Mövlanaya Allahın qullarının üşüməsindən ürpərən bir vicdan həssaslığı öyrətmişdi. Həqiqətən bədənin isinməsi patlarla mümkündür. Lakin vicdanın isinə bilməsi yalnız mərhəmət təzahürü olan davranışlarla qəlbin Haqqa yaxınlaşmasına bağlıdır. Bu misal məxluqatın hər cür məhrumiyyəti qarşısında faydalanılacaq şablon kimidir. Buna görə də hər cür fəlakət və səfalət mənzərələrinin bədənlərdən əvvəl vicdanları ürpərtməsi lazımdır. Belə olduğu zaman Haqqa istiqamətlənən vicdani ürpərişlər könülləri isidib səadətə qərq edər.
Şübhəsiz ki, bu hal möminlərin Yaradandan ötrü yaradılanlara qarşı sahib olacaqları mərhəmət üfüqünün bir təzahürüdür. Rəhmət Peyğəmbəri Həzrət Məhəmməd r də əshabına cənnətə girə bilmələri üçün mərhəmətli olmalarının zərurətini, lakin bu mərhəmətin də yalnız bir-birilərinə qarşı deyil, bütün məxluqata şamil olmasının vacibliyini ifadə etmişdir. (Bax. Hakim, IV, 185/7310)
Bütün məxluqata şamil olan saysız-hesabsız mərhəmət təzahürlərindən bir misal da susuzluqdan ölmək üzrə olan bir köpəyi sulayan günahkar bir qadının ilahi əfvə nail olduğunu, bunun əksinə, pişiyin alcığına əhəmiyyət verməyib ölümünə səbəb olan bir qadının da mərhəmətsizliyi səbəbiylə cəhənnəmə düçar olduğunu bəyan etmişlər. (Bax. Buxari, Ənbiya, 54; Müslim, Səlam 151, 154, Birr 133)
Bu səbəblə günahları da, savabları da böyük-kiçik deyə ayırmamaq və heç birini əhəmiyyətsiz görməmək lazımdır. Çünki Allahın rəhməti də, qəzəbi də bəzən böyük, bəzən orta, bəzən də kiçik görünən şeylərə görə təcəlli edər. Qulun vəzifəsi hər vəziyyətdə dərin bir iman fərasətiylə hərəkət etməkdir.
Digər tərəfdən Rəbbimizin rəhmət və mərhəməti qəzəbindən üstündür. Yəni O, cəzanı haqq edən bir çox günahkar qulunu səmimi bir tövbə ilə bağışlayar və yenə qullarının kiçicik yaxşılıqlarına belə şəninə yaraşan comərdliklə bol-bol əcrlər ehsan edər. Mömin də daima bu rəhmət üslubuyla hərəkət etməli, həlakedici deyil, dirildici və cücərdici ruha sahib olmağa çalışmalıdır.
Bu ilahi əxlaqı yaşamağın bir misalını Əbu Hüreyrə t belə nəql edir:
“Biz bir müharibədə kafirlərin yox olması üçün Allah Rəsulu r in bəddua etməsini istədik. O isə «Mən lənət etmək üçün yox, rəhmət olaraq göndərildim.» buyurdu.” (Müslim, Birr, 87)
Rəbbimiz Rəsulunu “…Möminlərə qarşı şəfqətli, mərhəmətlidir!” (ət-Tövbə,128) şəklində təqdim və təltif edir. Biz də möminlər olaraq qəlbimizi rəhmət dərgahı qılmalı, Rəhmanın qulu və Rəhmət Peyğəmbərinin ümməti olduğumuzu hər fürsətdə isbat etməyə çalışmalıyıq.
Rəbbimiz hər birimizi bütün ilahi isim və sifətləri üzərində layiqincə təfəkkür edən, onların tələb etdiyi gözəl əxlaq ilə yaşayan və beləcə, ilahi məhəbbət və dostluq iqliminə vasil olan qullarından eyləsin!
Amin…
[1] Ancaq bunu da yaddan çıxarmamaq lazımdır ki, Allahın sifətlərindən birinin hər hansı bir insana istinad edilməsi məcazidir və Onun “muxalitəun lilhavadis”, yəni sonradan yaradılmış heç bir şeyə bənzəməmək sifəti zəminində tələqqi edilməlidir. Əks təqdirdə bu sifətlərdən biriylə hər hansı bir insanın vəsfləndirilməsi şirk olardı. Beyhəqi, Sünənul-Kübra, Darul-Fikr, ts.,VI, 288; Şuabul-İmân, IV, 230, 326.
[2] Beyhəqi, Sünənul-Kübra, Darul-Fikr, ts., VI, 288; Şuabul-İman, IV, 230, 326.
ŞƏRHLƏR