Hazırcavablar
İPƏK PALTAR
Bir gün Telemsan padşahı Sultan Yəhya saray əyanı ilə birlikdə şəhəri gəzməyə çıxmışdı. Onun və ətrafındakıların dəbdəbə və ehtişamı qarşısında gözləri qamaşan xalq da Sultana hörmət üçün qorxuyla ayağa qalxıb: “Padşahım çox yaşa!” -deyərək alqışlamağa başladılar. Ancaq xalqdan bir az kənarda yalnızlığa dalmış, dünyadan azad və nuru ətrafı parladan bir nəfər sultanın gözünə sataşdı. Yanındakılardan o nur üzlü qəribin kim olduğunu soruşduqda:
“- Sultanım, məşhur Tunuslu Şeyxdir. Bir mağarada inziva halında yaşayır.” -dedilər.
Sultan daha da maraqla atını Tunuslu Şeyxin yanına sürdü və:
“- Əynimdəki bu ipək paltarla namaz qılmaq olarmı?” –dedi.
Tunuslu Şeyx bu suala cavab vermək istəməyib onu saraydakı alimlərdən soruşmasını söyləsə də Sultanın israrlı xahişi ilə belə dedi:
“- Bir köpək düşünün ki, ölü bir heyvan tapır və onu mədəsi şişənədək yeyib içini və çölünü pisliyə bulaşdırmış olduğu halda bövl edərkən üstünü batırmamaq üçün ayağını havaya qaldırmaq dərdindədir!..”
Sultan hayqırdı:
“- Nə demək istəyirsən?”
“- Bunu demək istəyirəm ki, sizin mədəniz və cisminiz ən ağır haram yükləri və insan haqları ilə dolu olduğu halda ipək paltarla namaz qılmağın caiz olub-olmadığını soruşursunuz?!”
Bu mənalı sözlər Sultanın qəlbinə dərindən təsir etdi. Bu təsir səbəbi ilə dərhal üzərindəki paltarları çıxarıb atdı. Sonra belindəki qılıncı da çıxarıb atdı və ona heyrətlə baxan xalqa:
“- Ey müsəlmanlar! Haqqınızı halal edin və özünüzə bir padşah tapın!” -deyərək Tunuslu Şeyxin ardından getdi və onun sadiq tələbəsi oldu.
HƏR OXUYAN
Molla Pənah Vaqifi Qarabağda gözü götürməyənlər, onun paxıllığını çəkənlər də az deyildi. Çünki o, əsil-nəsəbi, malı-mülkü, olmaya-olmaya vəzirlik mərtəbəsinə qalxmış, həm də nadan və bacarıqsız nücəbaların saraya ayaq açmasına yol verməmişdi. Buna görə də düşmənləri onun hər addımını izləyib, el arasındakı nüfuzunu qırmağa çalışmışdılar.
Bir dəfə xan nəslinə mənsub olan bir şəxs böyük məsciddə Vaqif üçün ayrılmış hücrəyə soxulub namaz qılmağa təşəbbüs göstərəndə, xidmətçi onu saxlayıb, bu yerin vəzirə məxsus olduğunu söyləyir. Lakin bu adam xidmətçinin etirazına əhəmiyyət verməyib özünü içəri salmağa çalışır. Xidmətçi: -Ay ağa, başa düşün, bu yerin sahibi var, - deyə, onu içəri buraxmır.
Şəxs sual verir: -Söylə görüm, o, vəzir olduğu üçünmü belə canfəşanlıq göstərirsən?
Xidmətçi: -İndi nə etmək olar? Hər kəsə bir şey nəsib olanda, onun payına da vəzirlik düşüb, -cavabını verir.
Şəxs: - O vəzirdirsə, mən də xanam, - deyə lovğalandıqda, xidmətçi saymazyana söyləyir: - Ağa, ad insanı ucaltmır, insan adı ucaldır.
Şəxs: - Sən onun elminə işarə vurursansa, bəlkə mən ondan çox oxumuşam, - deyir. Xidmətçi səbir edə bilməyərək, sözün cavabını aşağıdakı məntiqlə tamamlayır:
- Üzr istəyirəm, ağa, axı hər oxuyan da Molla Pənah olmur!
Mübahisəyə kənardan qulaq asanların hamısı bu sözü təqdir edib alqışlayırlar. Elə o vaxtdan da həmin kəlam yaddaşlara hopub qalmışdır.
ŞƏRHLƏR