Açın Qapıları, O Gəlir!
Həsən 9-10 yaşlarında idi. Mərhum Mustafa Akkadın məşhur “ər-Risalə/Çağrı” filmini seyr etmişdi evdə. Çox təsirlənmişdi. Filmin görünən oyunçularından çox görünməyən oyunçularına vurulmuşdu. İnsanın içinə işləyən bir musiqi sədaları altında gəldiyi hiss etdirilən, amma görünməyən Hz. Məhəmməd idi vurulduğu.
Filmdən sonra hər yeni günə, qəlbində onun sevgisi bir az da artmış olaraq oyandı. Məhəbbət nələrə qadirdir; evdə namaz qılan olmadığı halda Həsən namaza başladı. Əxlaqi cəhətdən yaşından tez kamilləşdi. Tez-tez ata-anasına xəbərdarlıq edirdi. Onlar da uşağın halının keçici və uşaqlıq həvəsi olduğunu düşünərək əhəmiyyət vermirdilər. Amma zənn etdikləri kimi deyildi. Həsən böyüyərkən bir tərəfdən də məhəbbəti böyüyürdü.
Bir gün məktəbdən üst-başı dağınıq halda evə gəldi. Sinif müəlliminin valideynini məktəbə çağırması ilə məsələ anlaşıldı. Həsən Peyğəmbərimizə pis sözlər söyləyən uşaqlarla dalaşmışdı. Müəllim Həsənin valideyninə ciddi xəbərdarlıq etdi. Uşaqlarının boş şeyə görə dava saldığını, tərbiyəsi ilə məşğul olmağın lüzumunu söylədi. Həsənin atası şəhərin adlı-sanlı avtoritetlərindəndi. Müəllimin dediklərinə əsəbiləşərək evdə oğlunu danladı. Amma Həsən geri addım atmadı. Peyğəmbərimizə kim pis söz deyərsə ona qarşı gələcəyini, hətta dalaşacağını söylədi.
Çox keçmədən valideynini yenə məktəbə çağırdılar. Yenə eyni mövzu…
Baharın gəlişini yaşayırdılar. Həsən xəstələndi. Çəmənliklər yaşıllaşdığı, ağaclar çiçək açdığı bir vaxtda o, saralıb-solmağa başladı. Xəstəxanaları gəzsələr də dərdinə dərman tapmadılar. Gözlərinin ağı-qarası olan yeganə oğulları xərçəng xəstəliyinə yaxalanmışdı.
Uşağın günü-gündən zəifləməsi valideynlərini çox kədərləndirirdi. Onu sevindirmək üçün namaza başladılar, anası başını örtdü, evdə Qurani-Kərim səsləri eşidilməyə başladı. Həsən xəstə olsa da bu haldan çox razı idi.
Bu əsnada bəzi qeyri-adi hallar oldu. Anası hər səhər Həsənin otağına girdikdə pəncərələrin açıq olduğunu görürdü. Halbuki axşamlar bağladığından əmin idi. Bir neçə dəfə oğluna hiss etdirmədən gecənin yarısına qədər onu izlədi. Həsən gecə qalxır, pəncərələri açır, kiməsə əl edir və nə isə deyirdi. Bunu anlamayan anası xəstəliyin təsirindən ola biləcəyini düşündü. Amma yenə də oğlundan soruşmağa qərar verdi. Həsən əvvəlcə demək istəməsə də anasının israrına dayana bilmədi və hər gecə Rəsulullaha küləklə salam göndərdiyini dedi.
“Ey Badi-Səba uğrarsa yolun Səmti-Hərameynə
Salamımı ərz eylə Rəsulus-Səqaleynə!”
Günlər keçirdi. Artıq Həsən məktəbə də gedə bilmirdi. Bir gün səhər qəlyanaltısında ata-anasının yanına gəldi. Rəngi dəyişmiş üzündə bir az qorxu, amma çox sevinc vardı. Danışmağa başladı:
“Yatağımda uzanmışdım. Birdən evin damı iki yerə ayrıldı. Yuxarıdan əynində ağ patlarlar olan iki nəfər gəldi. Mənə dedilər ki: “Həsən, Sən çoxdandır ki, xəstə yatırsan. İstəyirsən səni bir az gəzdirək? Həm hava alarsan, həm də bir az dincələrsən.” “Razıyam” –dedim. Əlimdən tutub məni göyə doğru apardılar. Evimiz, şəhərimiz kiçildi, sonra hamısı görünməz oldu. Dünya çox balacalaşdı. Məni nəhəng bir saraya apardılar. Sarayın hər tərəfi dünyada görmədiyim gözəl oyuncaqlarla dolu idi. Saatlarla oynadım. Sonra mənə dedilər: “Həsən, burada qurbanlıq bir dana var. O sənin üçündür. İstəyirsənsə onu kəsək, sən də burada qal.” Mən: “İstəmirəm” dedim, “anam, atam məndən nigaran qalarlar, artıq məni evimizə aparın.” –dedim. Məni gətirib yenidən yatağıma uzatdılar.”
Ata-anası bir-birilərinə baxdılar. Nə olduğunu anlaya bilmirdilər.
Bir-iki həftədən sonra yenə Həsən səhər vaxtı ata-anasının yanına gəldi. Çox həyəcanlı idi. Sözə başladı:
“Məni göylərə aparan o iki adam yenə gəlmişdi. Məni keçən dəfəki kimi həmin saraya apardılar, oynadım. Sonra dedilər ki: “Həsən, bu gün səni başqa bir saraya aparacağıq, orda səninlə görüşmək istəyən bir nəfər var.” “Olar” –dedim. Birlikdə daha böyük və möhtəşəm saraya getdik. Qapılar qızıldandı, qarşısına çatanda üzümüzə açıldı. Məni gətirən adamlar ehtiramla qapıda gözlədilər, mənsə içəri girdim. Qarşıda, taxtın üstündə gözəl üzlü, gözləri gülən, ağappaq patlarda bir nəfər oturmuşdu. Qeyri-ixtiyari ona tərəf getməyə başladım. Şirin səslə “Gəl, Həsən, gəl!” dedi. Mənə uzatdığı əlindən öpdüm. İpək kimi yumşaq bir əldi. Sanki bir gül öpmüşdüm. Maraqla kim olduğunu soruşdum. “Sənin hər gün salam göndərdiyin adamam!” –dedi. Sən demə Peyğəmbərimiz idi. Nə qədər sevindiyimi bilməzsiniz. Üzünə baxmaqdan doymurdum. Dedi ki: “Həsən, istəyirsənsə sənin qurbanını kəssinlər, sən də burada mənimlə birlikdə qal!” Heç tərəddüd etmədən “İstəyirəm!” dedim. O iki adam dərhal qurbanımı kəsdilər və məni geri gətirdilər. Artıq Peyğəmbərimiz məni yanına alacaq, onu gözləyirəm.”
Anası səssizcə ağlamağa başladı. Artıq Həsənin ölümü yaxınlaşırdı.
Bir gün Həsənin atasına xəbər göndərdilər ki, oğlunun halı pisləşib, təcili evə gəlsin. Hamının qabağında tir-tir əsdiyi avtoritet ata oğlunun başında hönkür-hönkür ağlayırdı. Gözlərinin işığı sönmüş Həsən onlara təsəlli verməyə çalışır, ölümün son olmadığını, Rəsulullaha qovuşacağını söyləyirdi.
Qəflətən nə isə baş verdi, uşaq yatağının içində doğruldu və sevinclə qışqırdı:
“Açın qapıları! O gəldi! Rəsulullah gəldi!”
Dərhal otağın qapısını açdılar, heç kim yox idi. Bu zaman otağa tərifəsığmaz bir gül ətri yayıldı. Bu ətrin hardan gəldiyini anlamağa çalışırdılar. Hamı bir-birinə baxırdı.
Onlar axtarsınlar, Həsənsə ətrin sahibi ilə birlikdə çoxdan yola çıxmışdı…
ŞƏRHLƏR