Dindar Olmaq

Dindar Olmaq

Dindar olmaq nədir? Onun müəyyən kriteriyaları varmı, yoxsa zaman və məkana görə dindarlıq kriteryaları da dəyişir? Bir çox insan özünün dindar olduğunu söyləyir. 

İlk öncə dindar olmağın nə olduğunu açıqlayaq. Qısa şəkildə tərif etsək dindar olmaq həyatda hər zaman şüur altımızda Allahı düşünərək yaşamaqdır. Şüur altımızda hər zaman Allah düşüncəsini yerləşdirə bilsək o zaman dindar ola bilərik. Bu isə zaman və ya məkana tabe deyildir.

Dindar olduğunu iddia etmək dindarlıq üçün kifayət etmir. Bir sosioliqun da dediyi kimi bir insanın hansı dinə qulluq etdiyini bilmək istəsən əvvəlcə onun davranışlarına bax. Əgər davranışlarında dinin təsirini görmürüksə demək o insan bugünün modası olan “şəkilçi dindarlığa” mənsubdur. Və bu gün müsəlman aləminin ən böyük problemlərindən biri də məhz “şəkilçi dindarlığın” çox yayılmasıdır. Ona görə ki, daha sonra insanları riyaya, istismara və münafiqliyə aparan şəkilçilik məhz dinimizin istədiyi insan tipi qarşısında ən böyük əngəldir.

Şəkilçi dindarlıq nə deməkdir? Hər şeydən əvvəl onu qeyd edək ki, hər bir dinin şəkli yönü olduğu kimi bizim dinimizin də şəkli yönü vardır. Ancaq dinin şəklini şəkilçiliyə çevirmək dinin ruhunu inkar etməkdir.

Şəkilçilik deyildikdə isə yuxarıda da qeyd etdiyimiz kimi dinin ruhunu tamamilə arxa plana atmağı nəzərdə tuturuq. Quranda dində şəkilçiyə qarşı çıxan ayələr vardır ki, onlardan bəziləri bunlardır:

“Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (əl-Bəqərə, 177)

Yəni nə qiblənin istiqamətinin dəyişdirilməsindən, nə də ibadət məqsədi daşıyan davranışlardan qəsd olunan, insanların üzlərini şərqə ya da qərbə, Beytülmüqəddəs ya da Kəbə tərəfə çevirmək deyildir. Başqa cür desək ayədəki "yaxşılıq" mənasına gələn- "birr"in gayəsi; qəlbdə oyandırılması lazım olan duyğulardan və həyatda tətbiqi vacib olan davranışlardan uzaq  və faydası olmayan ibadətin şəkli yönləri deyildir. Əksinə yaxşılıq (birr); düşüncə, duyğu bütünü və davranış sistemidir. Həm fərdin, həm də toplum vicdanında təsirini göstərən düşüncədir.

Yenə başqa bir ayədə mövzumuzla əlaqəli belə buyurulur:

“Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!” (əl-Bəqərə, 225)

Burada da görürük ki, insan bilmədən and içərsə cəzalandırılmaz. Çünki işlədiyi günah şəkil yönündəndir. Lakin qəsdən və yalandan, yəni pis niyyətlə and içərsə o zaman cəzanı haqq edər.

Quran bu cür insanları “divara söykədilmiş dirəklərə” bənzədir:

“(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!” (əl-Münafiqun, 4)

Xülasə, dinin ruhunu qavramadan dindar olmaq mümkün deyildir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz