Peyğəmbəri Sevirsənsə...
Möminlər üçün dünya həyatı çox meyil edilməyəcək dərəcədə dəyərsiz, bir ağac kölgəsində oturacaq qədər ötəri, göz qırpımı qədər qısadır.
Axirət həyatı isə ağlın dərk edə bilməyəcəyi dərəcədə gözəl nemətlərə baxanda çox böyük lütf, zaman baxımından əbədi və sonsuzdur.
Bu gerçəyin bizə baxan tərəfi o əbədi səadət yurdu olan cənnətin yolunun dünyadan keçməsidir. Eyni şəkildə cəhənnəmin yolu da burdan keçir. Kim dünyada nə əkirsə, axirətdə də onu biçir. Daha doğrusu, insan özünü yandırıb-yaxacaq atəşi dünyadan özü aparır.
Dnyadakı böyük nemət və lütflərin başında peyğəmbərlər durur. O peyğəmbərlər ki, bütün işləri insanları qaranlıqdan aydınlığa, haqsızlıqdan ədalətə, cəhənnəmdən cənnətə tərəf daim istiqamətləndirmək olmuşdur.
124 min peyğəmbər inananlara rəhbər olub yol göstərmişdir. Həzrət Mühəmməd də gecə-gündüz demədən insanlığın xilas olması üçün çalışmış, ömrü boyu ümməti üçün Rəbbinə dua etmişdir.
O böyük şəxsiyyətə ümmət olmaq bəxtiyarlığı bizim üçün əlbəttə, ən böyük şərəfdir. Ancaq hər şərəf özü ilə məsuliyyətlər gətirir, ləyaqət tələb edir. Onu tanımaq, ona inanmaq, onun yolu ilə getmək... Bu da ancaq Onu sevməklə mümkündür.
Kainatın fəxri, ins-cinnin Peyğəmbəri, iki cahan günəşi Həzrət Məhəmməd Mustafanı əgər həqiqətən sevirsənsə, gəl insanı insan edən bu fəzilətlərlə bəzən!
Peyğəmbəri sevirsənsə, sədaqətli ol!
Sidq, sədaqət, İslamın ən mühüm əsası, müsəlmanın ən bariz xüsusiyyətidir. Dinimiz İslam bizi dürüst olmağa, yalan danışmamağa və daim düz yolda yeriməyə istiqamətləndirir. Allah Təala belə buyurur:
“(Ey Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol! Səninlə birlikdə iman gətirənlər də düz (yolda) olsunlar...”[1]
Sadiq qul olmağın yolu da sadiqlərlə birlikdə olmaqdan keçir. Rəbbimiz biz inananlara buyurur:
“Ey iman edənlər! Allahdan qorxun və (imanında və əməllərində) doğru olanlarla (birlikdə) olun!” [2] Əshabələrdən biri Peyğəmbərimizdən (səs) soruşdu:
Ey Allahın Rəsulu! Mənə İslamı elə şəkildə başa sal ki, onu bir daha başqasından soruşmağa (öyrənməyə) ehtiyac hiss etməyim. Peyğəmbərimiz isə belə cavab verdi:
“Allaha inandım de və dürüst ol!” [3] Başqa bir hədisində də belə buyurur: “Qəlbi dürüst olmayınca, bəndənin imanı doğru (məqbul) olmaz. Dili doğru olmayınca da qəlbi doğru olmaz.” [4]
Peyğəmbəri sevirsənsə, ədalətli ol!
Hər şeyi öz yerinə qoymaq mənasına gələn ədalət mülkün təməli, dövlətin əsasıdır. Qurani-Kərimə görə ədalətin dayağı şəxsi mənfəət və tərəfkeşlik deyil, halallıq və haqlılıqdır. Allah-Təala buyurur: “Həqiqətən, Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir.” [5]
Hamıya ədalətli olmaq yalnız müsəlmanlıqda vardır. Çünki Rəbbimiz belə buyurur: “Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun”[6] Həzrət Məhəmməd buyurur:
“Kim, haqsız yerə zülümlə bir qarış torpaq ələ keçirərsə, qəsb etdiyi torpaq parçası onu qiyamət günü yeddi qat yerin dibinə batırar.” [7]
Peyğəmbəri sevirsənsə, mərhəmətli ol!
Mərhəmət Yaradandan ötrü bütün yaradılanlara qarşı yumşaq olub onlara şəfqətlə rəftar etməkdir. Peyğəmbərimiz buyurur: “İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.” [8]
Uca Rəbbimizin ən bariz vəsfi mərhəmətdir. Qurani-Kərimdə buyurur: “...Mərhəmətim hər şeyi əhatə etmişdir...”[9]
Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz istər dərin mənalı sözləri, istərsə də örnək davranışları ilə yer üzündə mərhəmətin ən böyük təmsilçisi olmuşdur. İnsanların da mərhəmətli və xeyirxah ola bilmələri üçün sevgi hissinin insanın daxilində yer tutması lazımdır.
Peyğəmbəri sevirsənsə, səbirli ol!
İnsana məxsus olan səbir adamın özünə güvənməsi, könül rahatlığı ilə Haqqa söykənməsi, qorxmadan Yaradana təvəkkül etməsi və təmkinlə nəticəni gözləməsidir.
Qurani-Kərimin bir çox ayəsində səbir və onun nəticəsinə vurğu edilir. İstər nəfslə olan mübarizədə, istər düşmənlə olan müharibədə, istərsə də müxtəlif sahələrdə lazimi tədbirləri gördükdən sonra səbir həmişə möminin mizacı olmalıdır. Allah-Təala buyurur: “Ey iman gətirənlər! Səbir edin!” [10]
Kədərli hallarda da, sevincli hallarda da müsəlmanlar səbir və təvəkkül halında olmalıdırlar. Peyğəmbərimiz bu vəziyyəti nə gözəl izah edir:
“Möminin vəziyyəti qibtə edilməyə dəyər. Çünki onun hər halı özü üçün bir xeyir səbəbidir. Belə bir xüsusiyyət yalnız mömində vardır. Sevinəcək olsa şükür edər; bu onun üçün xeyir olar; başına bir müsibət gəlsə, səbir edər, bu da onun üçün xeyir olar.” [11]
Həzrət Peyğəmbər (s.ə.s) ilə səhabələri müşriklərin cürbəcür əzab və əziyyətlərinə səbir edərək bir tərəfdən Allahın rizasını qazanmış, digər tərəfdən də dinimizi hər şəraitdə təbliğ edib öz həyatlarında da yaşayaraq bizlərə ən gözəl nümunə olmuşlar. Yalnız bəla və müsibətlərdə deyil, bolluq içində olanda da səbir etməliyik.
Peyğəmbəri sevirsənsə, şükür edən ol!
Allah insanlara saysız nemətlər vermişdir. Rəbbimiz belə buyurur: “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.”[12] Sonsuz nemətlərə qarşı Yaradana şükür etmək o qədər də asan deyil. Buna görə də Peyğəmbərimiz ayaqları şişənə qədər ibadət edər, soruşanlara “Şükür edən qul olmayımmı?” cavabını verərdi.
Bir konfet verənə belə təşəkkür etməyi unutmayan insan görəsən saysız nemətlər bəxş edən Rəbbinə şükür etməyi unudur? Halbuki Peyğəmbərimiz (s.ə.s) belə buyurur:
“Allaha həmd (şükür) edərək başlanmayan hər mühüm iş bərəkətsiz olar.”[13]
[1] Hud surəsi, 112
[2] ət-Tövbə surəsi, 119
[3] Müslim
[4] İbn Hənbəl
[5] ən-Nəhl, 90
[6] əl-Ənam surəsi, 152
[7] Buxari
[8] Müslim
[9] əl-Əraf surəsi, 156
[10] Ali-İmran 200
[11] Riyazüs-salihin
[12] İbrahim Surəsi, 34
[13] Riyazus-salihin
ŞƏRHLƏR