Hazırcavablar

Hazırcavablar

Adam göndərin aparsın

Ağa Məhəmməd şah Qacar Şuşanın mühasirəsi zamanı xana məktub yazaraq, bir at göndərilməsini tələb edir. Lakin belə bir şərt qoyur ki, bu at nə kəhər, nə kürən nə səmənd, nə qara, nə də ağ -yəni heç bir rəngdə olmasın.

İbrahim xan Vaqifi çağırıb, bu məktuba layiqli cavab yazmağı ona həvalə edir. Vaqif dərhal Ağa Məhəmməd şaha belə cavab yazır: “İstədiyiniz at, xan tövləsində hazırdır. Adam göndərin aparsın. Amma həmin şəxs həftənin şənbə, bazar, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa hansı gündə istəyirsə, gələ bilər.”

         

Üzr bədtər əz günah

 

Bir gün Teymurləng Molladan soruşur ki:

- Molla, üzr bədtər əz günah nə deməkdir?

- Şah sağ olsun! Bu fars sözüdür. Mənası budur ki üzrü günahından pis.

- Başa düşmürəm. Necə yəni üzrü günahından pis?

- Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.

Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:

- A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm. Başa saldın, saldın, salmadın, boynunu vurduracağam.

Molla heç nə deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:

- Dəli olmamısan ki? Nə qayırırsan?

- Üzr istəyirəm, şah sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan?

Teymur qışqırır ki:

- Nə danışırsan?

- Hirslənmə, əlahəzrət! Üzr bədtər əz günah bax budur!

 

Sevdiyinin hesabı

 

Bir dərviş yolda sürətli və həyəcanlı şəkildə qaçan bir kəndli qızı ilə qarşılaşır. “Qızım, bu nə haldır hara tələsirsən belə? Biraz dayan nəfəs al.” Dərviş qızın ətəyində daşıdığı şeyləri gördükdə:

- Ətəyindəkilər nədir?

- Alma.

- Kimə aparırsan?

- Qarşıdakı tarlada işləyən sevgilimə aparıram.

- Yaxşı. Neçə dənə alma var ətəyində?

- Bu necə sözdür dərviş əmi, insan sevdiyinə apardığının hesabını edərmi heç?

Bu cavabı eşidən dərviş donub qalır və əlindəki təsbehi qırıb atır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz