İxlassız Olmamaq
Həyatımda elə məqamlar olur ki, oturub düşünəndə bəzi daşların hələ də yerinə tam oturmadığını hiss edirəm. İnsanların əməllərini ölçmələri üçün bir istintaq qrupu yaratmağa, yaxud həkimlərin yığışıb ona bir diaqnoz qoymasına məncə ehtiyac yoxdur. Belə deyək, indiyə kimi dərmanı tapılmayan xərçəng xəstəliyinin əksinə, ruh xərçənginə hər zaman çarə mövcuddur. Deyəcəksiniz ki, “Bəyəm Ruh Xərçəngi də olur?” Bəli, olur. Əsas sağalmalı olan da ruhumuz deyilmi? Dərmanını deyim: İxlas.
Hər şeyin Allah üçün yerinə yetirilməsi, onda bir xeyir gözlənilməməsi, bir sözlə, araya Allahdan başqa hər hansı bir varlığın qoyulmamasına biz “ixlas” deyirik. İxlasda hədəf Allahın rizasıdır. İnsanlar öz əməllərinin mükafatını gözləyərlər. Ancaq bir insan hədəfə yönəlmişsə, o hədəfə bütün varlığını vermişsə -hər nə qədər- o hədəfə müvəffəq olmasa belə Allah (c.c) o savabı insana verər. Allah, özünə ixlasla təqdim edilən bir işin ölçü və böyüklüyünə baxmadan o insana öz təvəccöhünü bəxş edər.
Savab tələbini belə ixlasın yerinə qoymaq səmimiyyət səhnəsində eybəcər görünər. Onun yerinə heç bir şey qoyulmamalıdır. İxlasın zirvəsinə talib olan müsəlman Allahın xoşnudluğundan başqasını istəyərsə səmimiyyətindəki saflıq itər. İnsan səmimi duyğularla hər hansı işə girişərsə, əməli ilə niyyətinə çatmasa da Allah niyyətinə görə onu mükafatlandırar. Çünki möminin niyyəti əməlindən xeyirlidir. Bir mömin ürvəti-vüsqadan (sağlam qulp) yapışmaq kimi o niyyətindən möhkəm yapışarsa, onu buraxmamağa və tətbiq etməyə cəhd göstərərsə, bəzi məqamlarda gücsüz qalsa və ortaya qoyduğu iş təbii olaraq gücünün ölçüsü ilə məhdudlaşsa da, Uca Allah (c.c) möminin o işini, gücünün hüdudları içində yox, niyyətinin hədsizliyi içərisində mükafatlandıracaqdır. Əsas iş buna talib olmaqdır.
Burada iki yol ayrıcı ilə qarşılaşırsan: Birincisi, vəzifən olan işi, niyyətində bağlandığın şeyi (şeytan, nəfs, qafillik səbəbiylə) edə bilmədiyin üçün “Məsuliyyətimi tam yerinə yetirə bilmədim.” deyib ümidsizliyə sürüklənmək. İkincisi isə böyük səmimiyyətlə Allah Təalaya yönəldiyin üçün təvəccöhünə təvəccöhlə qarşılıq tapmaq. Yüksək ixlası hədəfə alma arzusu, bir insanın böyük insan olmağı hədəfləməsi deməkdir. Ancaq yeri gəlmişkən deyim ki, qətiyyən “böyük insan” olmaq kimi bir qayəmiz olmamalıdır. Xüsusi vurğu ilə deyirəm ki, böyük insan olmaq ilə “böyük insan” olmaq arasında incə bir nüans var. Birincisində ixlas var, ikincisində şöhrət. Bizə ixlas lazımdır, yoxsa şöhrət? Vücudun qidalanması ruhun qidalanmasını da tamamlamır. Vücudun xərçənginə bəlkə həkimlər çarə taparlar. Bəs ruhun xərçənginə? Vücudda immunitet çatışmasa onu bərpa etmək müəyyən mənada mümkündür. Ruhun immuniteti isə ixlasdır. Bu immunitet insana mənəvi kamillik verir.
İnsani-kamil olmaq yer üzündə Uca Yaradanın nəzərinə məzhər olmaq Ona qulluğumuzun əvəzi olaraq istənməməli, Ondan sadəcə arzu edilməlidir. Bir insan dövlət başçısı tərəfindən məqamına dəvət edilməyə layiq görüldükdə hədsiz dərəcədə sevindiyi kimi Allahın təvəccöhünə nail olduqda da eyni hissi keçirməlidir.
Digər tərəfdən Allahın bu təvəccöhündən məhrum qalma ehtimalı da var. Bəlkə bir çoxumuz eşitmişik: Allah bir bəndəni sevdikdən sonra bütün insanlar ondan üz çevirsə, nə ziyanı var?! Və əksinə, Allah bir bəndədən üz döndərdikdən sonra bütün insanlar ona qucaq açsa, nə faydası var?! Qurani-Kərimdə bəzi ifadələr çox məşhurdur. Onlardan biri də “Hasbunallah”dır. Bu söz çox mənalar ifadə edir. Yəni, “Allah mənə yetər. O məndən razı olsun, dünyanın fikri mühüm deyil. Mən Allahın istədiyi kimi olacağam, başqaları mənim haqqımda nə deyirsə desin!”….
Peyğəmbərimiz (s.ə.s) Əbu Zərr (r.a)-a buyurur: “ Ey Əbu Zərr! Gəmini hər zaman yenilə, dərya çox dərindir.” Çürük əməllə biz bu dünyanın öhdəsindən gələ bilmərik; həmişə iş və əməllərimizi nəzərdən keçirmək lazımdır. “Azuqəni yaxşı hazırla, gedəcəyin yol çox uzundur!” Qəbirdən, bərzəxdən, siratdan, hətta cəhənnəmin yanından keçəcəyik. Cənnətin kilidini açmaq üçün azuqə nədirsə onu götürməliyik. Cənnətin kilidi əməli-saleh, açarı ixlasdır.
Ən təhlükəli yorğunluq ixlas yorğunluğudur. Bu yorğunluq bizim həyəcanımıza da, eşqimizə də, işimizə də təsir edər. İşin böyük və ya kiçik olmasından asılı olmayaraq ixlasımız qarşılıqsız qalmayacaq. Buna inanmalıyıq.
Əməldə davamlı olaraq ixlası qorumaq, dik durmaqdır. Çünki insana nəzarət edən var. Mövlananın söylədiyi kimi: “Burada səninlə və mənimlə bərabər başqa biri də var; o səni də, məni də çox yaxşı görür.”
ŞƏRHLƏR