Əbud-Dərda

Əbud-Dərda

Cahiliyyə dövründə qardaş olduğu Abdullah bin Rəvahanın hər gün müntəzəm sitayiş etdiyi taxta bütü qırıb yox etdikdən sonra “əgər bu bütün faydası olsaydı, özünü müdafiə edərdi”–deyərək müsəlman olan Əbud-Dərda intizamlı həyat tərzinə malik, dillərə dastan, elmiylə amil mədinəli alim səhabələrdəndir. Müsəlman olduqdan sonra sanki bədənindəki hər bir hüceyrəsi İslam nurulya yenidən canlandı. Yaşadığı bölgədə ən son iman edən olsa da zəka və imanındakı gücünə görə ən öndə gələnlərdən biri olmuşdur. Onun həyatının hər bir anı hər kəsin ibrət alacağı hadisələrlə doludur. Biz onun elm və dünya ilə olan münasibətinə nəzər salmaq istəyirik.

O, müsəlman olduqdan sonra böyük canfəşanlıqla elmə və ibadətə sarıldı. Bütə sitayiş edərək keçirdiyi həyatının peşmançılığını çəkir və gecə gündüz çalışaraq bu boşluğu doldurmağa can atırdı. O, elm və əməl karvanına qatıldı və Həzrət Peyğəmbərin mübarək “Ümətimin hikmət sahibi, mütəfəkkiri Əbud-Dərda Uveymirdir” kəlamının müxatəbi oldu. Həzrət Ömər ondakı elm, əməl və imana heyran qalaraq Onu Şama vali təyin etmək istədi. Ancaq elm sevgisi, “dünya üçün deyil, axirət üçün çalışma”, “Quran və sünnə təbliği” düsturunu əsas götürdüyünə görə bu təklifdən imtina etdi. Beləliklə, Şam bölgəsinə elm müdərrisi olaraq getməyi seçdi. Elm məqamını idari məqama dəyişmədi.

Kapitalizimin hökm sürdüyü günümüzün pəncərəsindən  baxdıqda bu seçimin məntiqli bir seçim olduğunu qəbul etmək çətindir. Çünki bu gün kimə (istisnalar xaric) yüksək və ya hər hansı bir vəzifə təklif edilsə, bu təklif qeyd-şərtsiz qəbul edilər. Baş olma sevdası və dünya sevgisi günümüzdəki xəstəliklərin ən başında yer alır. Bu xəstəliyi Əbud-Dərdadan dinləyək:

Bir adam gələrək Əbud-Dərdadan “Ya Əbad-Dərda, mənim ciddi bir xəstəliym var. Məni müalicə et” –deyə xahiş edir. Əbud-Dərda:

“Xəstəliyin nədir?”-deyə soruşduqda:

“Mənim qəlbimdə həddindən artıq dünya sevgisi var. Qıldığım namazlarda nur görə bilmirəm. İbadətlərimdən zövq və ləzzət ala bilmirəm” -cavabını alır.

“Sənin xəstəliyin xəstəliklərin ən şərlisidir. Bunu dərhal müalicə etməlisən. Yoxsa imanını itirərsən. Nəsihətə belə davam edir:

Tez-tez xəstə ziyarətinə get! Cənazə namazlarında iştirak et! Qəbirləri ziyarət et! Bu üç şeyi müntəzəm edərsənsə xəstəlikdən qurtularsan. Səndəki dünya sevgisi yox olar, qəlbin nurlanar və bəsirətin açılar.

Xəstə, Əbud-Dərdanın dediklərin edir. Ancaq özündə hər hansı dəyişiklik hiss etmir. Təkrar Əbud-Dərdaya müraciət edir və tövsiyələrinin heç bir xeyri olmadığını söyləyir.

Əbud-Dərda ona bu hikmətli cavabı verir:

“Elə isə sən cənazəyə bir heyvan ölüsünə gedər kimi getmisən! İndi deyəcəklərimi yaxşı dinlə! Xəstə ziyarətinə getdiyin zaman bir gün sənin də onun kimi zəif, halsız və yatağa uzanmış halda təsəvvür et! Bir qurtum suyu belə içməkdən aciz olduğunu düşün! Bütün bu həqiqətlərə rəğmən hələ də dünyaya bağlanmaqdakı məqsədin nədir? Görərsən ki, dünya, zənginlik insanın bu haldan qorumur. Orada nəfsinə belə de: “Bunun halına bax! Sənin də sonun budur! Elə isə dunya məhəbbətindən əl çək!

Cənazəyə getdiyin zaman təsəvvür et ki, bu şəxsi bütün dünya nemətlərindən ayırıb, tabutun içinə qoyub müsəlla daşının üzərinə qoyublar. Qohum-əqəbası, çox sevdiyi və bütün ömrünü onlar üçün xərclədiyi uşaqları onu arxasından izləyirlər.

Qəbiristanlığa çatdıqda orada yatanların halını düşün! Bir gün sən də onlar kimi olcaqsan. Bədənin çürüyüb həşəratlara yem olacaq.

Ey adam! Əgər bu üç şeyi edərkən bunları düşünüb, özünü bunların yerinə qoysan, qısa zamanda təhlükəli xəstəliklərdən qurtularsan. Əbud-Dərdanın tövsiyələrinə əməl edən bu şəxs qısa zamanda xəstəlikdən qurtulur və ona xeyir dua edir.

Yuxarıda sadalanan tövsiyələr bu gün hər kəsin diqqətə alması labüd olan tövsiyələrdir. Dünya və dünyalığın hökm sürdüyü vaxtda hər birimizə istəməsək də sirayət edən dünya sevgisi və baş olma sevdası xəstəliyindən qurtulmanın yolu 14 əsr öncə yaşamış Əbu Dərdanın hikmətli sözləri və tövsiyələridir. Unutmamaq lazımdır ki, su gəminin xaricində olarsa onun üçün bir nemətdir, amma içinə daxil olarsa onun üçün təhlükə və yox olma səbəbidir.

Öyrənmək və əməl etmək əshabın qibtə ediləcək xüsusiyyətlərindəndir. Onlar elmin zay olmasını qəbul edə bilmir və hər fürsətdə, hər yerdə elmin əsl mənbəyi olan Quranı və əsla ehmal edilməyəcək Rəsulullah əleyhissalamın elmini başqalarına yayırdılar.

Qəribədir ki, bu gün (mənəvi) qıtlıq və yoxluq dünyasında yaşayırıq!? Nə özümüz öyrənirik, nə də ailəmizə öyrədirik. Untumayaq ki, elmlə bütünləşən əməl insanı kamilləşdirər, simasına xoşluq, davranışlarına sevimlilik, sözlərinə də dərin təsir gücü verər.

Son kəlamımız Əbud-Dərdadan olsun: “Bilin ki, sizi başqasına möhtac olmaqdan qurtaran az dünyalıq, sizi həvəslər arxasınca sürükləyən coxdan daha xeyirlidir.”

Allah onlardan razı olsun...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz