Ölü Və Məczub

Ölü Və Məczub

Ölənlərin arxasınca ağlayarıq, yoxluqlarını anladığımız üçün. Əzrail aramızdan birinə də salam vermişdir.

 Yenə bir qiyamət qopmuşdur. Gözlər donuq, dil səssiz, bədən macalsız qalmışdır. Bilinən, amma gözlənilməyən yaxındakı uzaq uzaqlara qapı açmışdır növbəsi gələnə. Ayrılan “səssiz gəmi”nin xırdalıqlarına deyil, bütününə baxılır nəmli gözlərlə.

Qətrə sükutla ümmana tökülür. Gövdəsi basdırılır və göyərtədən uzanan bir dor kimi məzar daşı qalır ancaq bu qürubun üfüqündə. Qərib bir külək əsər. Heç düşünmürük, əcəba, gedən qəribdir, yoxsa ölən? Bir müddət Əzrailin qanadının soyuq çırpıntısı hiss edilir. Mövsüm payızdır. Rənglər sarı, bənizlər solğun. Ölümdən və öləndən danışılır. Yoxluq varlığın qiymətini öyrətmişdir artıq, lakin boşuna. O artıq əllə tutulmayan, gözlə görülməyən limanlara yol almaqdadır. Qalanların boğazında “kaş ki”lər düyünlənir. Göz yaşları özün üzü olur. Həsrət və hüzn dalğası anbəan böyüyür, gölə daş düşmüşcəsinə.

Yuxularımızda da olsa görmək istəyərik, yaxud da səssiz-səmirsiz anlarımızda ayrılanı düşünərik. Əslində daldığımız düşüncələr bizə bizdən nə isə söyləməkdədir. Gözlərimizə əslimizdən xəbərlər göstərməkdədir. Baxaraq görməyən gözlərimizə. Ölmədən əvvəl ölməyən özlərimizə.

Dirilər ölənə dua oxuyarkən, ölən səssiz bir hayqırtı ilə dirilərə səslənir. Onları gözü qəlbində olan və qulaqlarında pas olmayanlar görər və duyar. Bu səssiz vaizin sözləri səssiz dinlənir. Bu halı anlatmağa hərflərin qüdrəti yoxdur. Həyatın həqiqətini xatırladan və qiymətini dərk etdirən ölüm söz sultanının diliylə “vaiz olaraq yetər” şəklində tərif edilmişdir. Yəni, dirilər ölüyə qulaq asmalıdırlar. Ölümün halını oxumalıdırlar. Qəbiristanlığın  qəlbi inqilabın kitab və kitabələri ilə dolu olduğunu bilməlidirlər. Ölənlərin dirilərlə danışdığını hiss etməlidirlər.

Ölü ölümün kəlamıdır. Qəlbi qaralan, gözü heç nəyi görməyən və bütün varlığı ilə dünyaya arxalananlarla danışar.

Ölən artıq torpaqdadır. Torpaqdan olduğu üçün torpağa qoyulmuşdur. Torpaq kimi olmuşdur. Döyənə əlsiz, söyənə dilsizdir. Nə bir ehtirası, nə də arzusu qalmışdır. Ayaqlar altında olsa da bir dəfə də olsun üsyanı və ahı eşidilməz. Hirslə gələnə səssizcə ürəyini açar. Dəlicəsinə axan bir çayı bağrına basıb ona sükunət bəxş edən bir dəniz kimidir. Qətrənin ümmana vüsal sevinci yaşanar. Kəsrətdən qurtulmuş, vəhdətin rəhminə düşmüş və durulmuşdur.

Ölümü oxuyanlar ölənin arxasından ağlayanlar kimi onların qədir-qiymətindən danışmaqla kifayətlənməmiş, ölümün kəlamı olan ölünün dilindən həyat həqiqətinin təfəkkürünü öyrənmişlər. Ölümə bağlı olduqlarının şüuruyla almışlar nəfəslərini. Gecənin ən şirin anında isti yataqlarından qalxıb ölümlə rabitə etməyə durmuşlar. Ölüm həyatı və diriliyi, yəni ölümsüzlüyü öyrədən bir müəllimdir onlara. Onu anlayanlar da ölmədən əvvəl ölərək ölümsüzlüyün sirlərinə qapı açmışlar. Alınan hər nəfəsin dirildən və öldürən bir nemət olduğunu düşünərək anın, yəni vaxtın oğlu (ibnul-vaqt) olmağa çalışmışlar. Nəfəsi israfın həyatı israf olduğunu düşünərək yaşamağa çalışmışlar. “Ömür bir gündür, o da bu gündür” dərsini oxuyaraq hər nəfəsi bir gün, bir günü bir ömür bilmişlər. Var edənə varlıqlarını ərz etmişlər. Çünki getdikləri yol eşqdir və eşq varlıq varkən olmayandır. Varlığında başqa varlıqları yox edəndir eşq. Məhz buna görə dərdi-eşqə düşüb ölməzdən əvvəl ölənlər cövhərləri onun oxundan zərrə qədər çıxmadan üzməyə başlamışlar məczub olaraq. Pərvanə şama aşiq olmuşdur Mövlananın Şəmsə vurulduğu kimi. Ölümü öldürən bu aşiqlərdə özgəyə iradə tükənmiş, istək birə düşmüşdür. Pərdələr açılmış, həqiqətlər saçılmışdır. Onlar artıq Haqq və həqiqətin cazibəsinə təslim olmuşlar.

Əsas məsələ məczubu olunanı bilmək və tapmaqdır. Məczubluq arzuolunan hal deyil, dəmir ləbləbilər yedikdən sonra heyrət vadisinə düşüb bir anda yaşanan haldır. Birbaşa təmasda olmaqdır. Ağıl çarxlarının yandığı, dövriyyədən çıxdığı haldır. Zira həqiqəti görmək ölməkdən fərqsizdir. Ağlın eşqə havayı satıldığı bir bazar vaxtıdır. Həqiqətin heyrətində qalanların halıdır. Artıq cazibi-mütləq olanın cəzbəsinə tutulan, eşqin caynağında qıvrılandır məczub. Amma əsla dəli deyildir. Bəlkə də bir həqiqətin dəlisidir. Hikmət sahibləri ağıl adamı tərk edərsə, buna dəlilik, adam ağlı tərk edərsə, buna məczubluq halı demişlər. Yəni Haqq uğrunda düşdüyü eşq yolunda həqiqəti görüb “fani” olmağın adıdır məczubluq.

Varlı bir ailənin oğlu olan Bişri-Hafi Bağdaddakı evində dostları ilə birlikdə əyləncə gecəsi təşkil edir. Oradan keçən bir adam evin xidmətçisindən soruşur:

“Bu evin sahibi hürdür, yoxsa qul?” Xidmətçi:

“Hürdür!” –dedikdə yoldan keçən adam:

“Qul olmadığı bəlli... Qul olsa Allahın mülkündə belə pərvasız gəzməz, oyun-əyləncəyə dalaraq özünü itirməzdi.” –deyər.

Xidmətçisi bu sözləri Bişrə çatdırır. Bişr heyrətə düşərək o sözü deyən adamı tapmaq üçün ayağını geyməyə belə vaxt tapmadan ayaqyalın yola düşər. Adama çatar, sözlərini bir daha dinləyər. Halını düşünərək tövbə edər. Yola ayaqyalın çıxdığı üçün də ona “Hafi” deyilir.

Məczub bilən deyil, tapandır. Axtardığını görəndir. Gördüyündən başqasını görməyəndir. Bu, eşq əhlinin halıdır. Anlamaq üçün ardınca qaçmaq lazım. Yunus Əmrə “Aşiq dilin bilməyən ya dəlidir, ya dəhri” deyir.

Allahım! Bizi yolundan və cazibəndən bir göz qırpımlıq da olsa ayırma! Günahlara qarşı ölü, qulluğunda isə məczub eylə!

Bu münasibətlə vətən, istiqbal məczubu olan və ölümü şəhadətlə bəzəyən 20 Yanvar və Xocalı şəhidlərinə Mövladan rəhmət diləyirəm.

 Dr. İbrahim Baz

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz