Düşmənimizi Yaxşi Taniyaq
Keçən sayımızda Rəbbimizin bizə bildirdiyi kimi açıq düşmənimiz ola şeytanı tanıtmağa çalışacağımıza söz vermişdik.
Düşmənimizi tanımaq çox əhəmiyyətlidir. Çünki onu tanımasaq son nəfəsə qədər davam edəcək olan mücadiləmizdə məğlub olarıq. Bu da axirətdə rüsvay olmağımız deməkdir.
Onu bizə çox gözəl tanıdan bir rəvayəti sizinlə paylaşmaq istəyirəm:
Muaz bin Cəbəl rəvayət edir:
- Bir gün Rəsulullahla birlikdə idik. Ənsardan birinin evinə toplaşmışdıq... Söhbətin şirin yerində bir səs eşitdik:
- Ay ev yiyəsi!.. İçəridə kim var? Evə girmək üçün izin verərsinizmi? Sizdən bir xahişim var.
Hər kəs Həzrət Peyğəmbərin üzünə baxdı. Rəsuli-Əkrəm:
- Gələnin kim olduğunu bilirsinizmi? –buyurdu. Biz:
- Allah və Rəsulu daha yaxşı bilir? –dedik. Rəsulullah:
- Gələn İblisdir. Allahın lənəti onun üzərinə olsun...
Bunu eşidən Həzrət Ömər dərhal:
- Ya Rəsulallah, izin verin onu öldürüm, -dedi.
Rəsulullah buna izin vermədi və belə buyurdu:
- Dayan, ya Ömər! Bilmirsənmi ki, ona müəyyən vaxtadək möhlət verilib?
Sonra belə buyurdu:
- Qapını açın, içəri girsin... Bura gəlmək üçün ona əmr verilib. Deyəcəklərinə diqqətlə qulaq asın!..
* * *
Ravi sözünə belə davam edir:
Qapını açdılar, içəri girdi. Onu gördük. Yaşlı və gözü çəp idi. Üzü də kosa. Çənəsindən altı və ya yeddiyə yaxın tük sallanırdı. At tükünə bənzəyirdi. Gözləri yuxarı doğru açılmış, başı böyük fil başına bənzəyirdi. Dodaqları camış dodağı kimi idi. Bizə salam verdi. Rəsulullah (s.ə.s):
- Salam Allahındır, ya ləin! –dedi və belə buyurdu:
- Nə üçün gəlmisən?
- Öz istəyimlə gəlməmişəm. Məcbur qalaraq gəldim.
Rəsulullah buyurdu:
- Nədir səni məcbur edən? Şeytan cavab verdi:
- İzzət sahibi Rəbbin qatından bir mələk gələrək dedi ki: “Allah-Təala Məhəmmədin yanına getməyini əmr edir. Amma zəlil halda gedəcəksən. Adəm oğullarını necə aldatdığını söyləyəcəksən. Allah əmr edir ki, nə soruşsa düz cavab verəsən. Əgər dediklərinə yalan qarşıdırsan, səni kül edəcək. Külünü küləklə göyə sovuracaq, səni düşmənlərinin önündə rüsvay edəcək.” Mən də bu əmr qarşısında məcbur qalıb yanına gəldim. Nə istəyirsən soruş…
* * *
Rəsulullah (s.ə.s) soruşdu:
- Madam ki, düz danışacaqsan, de görüm insanlar arasında ən çox nifrət etdiyin adam kimdir?
- Sənsən, ya Məhəmməd… Allahın məxluqatı içində səndən çox nifrət etmədiyim başqa bir adam yoxdur.
- Məndən sonra kimə çox nifrət edirsən?
- Varlığını Allaha həsr etmiş müttəqi bir gəncə.
- Sonra?
- Səbirli və şübhəli şeylərdən uzaq duran alimə…
- Sonra?
- Təmizlik edərkən, yuduğu yeri üç dəfə yumağa davam edənə...
- Sonra?
- Ehtiyacını heç kimə açmayan, səbirli kasıba…
- Bəs, onun səbirli olduğunu hardan bilirsən?
- Ya Məhəmməd, o, elə biridir ki, ehtiyacını heç kimə açmaz. Hər kim ehtiyacını özü kimi birinə üç gün ardarda açsa Allah onu səbir edənlərdən yazmaz. Onun səbirli olduğunu halından, şikayət etməməsindən anlayaram.
- Sonra kim?
- Şükür edən zəngin.
- Bəs, o zənginin şükür edənlərdən olduğunu necə bilirsən?
- Aldığını halal yoldan alar və pulunu lazımi yerə xərcləyər.
* * *
Rəsulullah (s.ə.s) mövzunu dəyişərək ona başqa sual verdi:
- Ümmətim namaza qalxdıqda sənin halın necə olur?
- Ya Məhəmməd, o zaman məni titrətmə tutur. Tir-tir titrəyirəm.
- Niyə bu hala düşürsən, ey ləin?
- Çünki qul Allaha səcdə etdiyi zaman bir dərəcəsi yüksəlir.
- Bəs oruc tutduqları zaman necə olursan?
- O zaman da onlar iftar edənə qədər zəncirə vuruluram.
- Bəs həcc etdikləri zaman?
- Onda dəli oluram.
- Bəs Quran oxuduqları zaman halın necə olur?
- Eynən alovda əriyən qurğuşun kimi əriyirəm.
- Bəs sədəqə verdikləri zaman?
- Bax, onda halım çox pis olur. Sanki sədəqə verən bir mişar alıb məni ikiyə bölür.
Rəsulullah (s.ə.s) bunun səbəbini soruşdu.
İblis belə cavab verdi:
- Çünki sədəqədə dörd gözəllik var:
1. Allah-Təala sədəqə verənin malına bərəkət verər.
2. O sədəqə, verəni camaata sevdirər.
3. Allah-Təala verdiyi sədəqəni cəhənnəmlə onun arasında pərdə qılar.
4. Allah-Təala bəla, müsibət və ahları ondan uzaqlaşdırar.
Əziz qardaşlarım, görün Peyğəmbərimiz (s.ə.s) düşmənimizi yaxalamışkən öz ağzı ilə nələri etiraf edib! Sözün həqiqi mənasında düşmənimizin bütün şifrələri bizim üçün açılıb. Əziz Peyğəmbərimizin şüytana sualları bununıa bitmir. Gələn sayımızda onları da ələ alacağıq inşallah.
ŞƏRHLƏR