Özbəkistan xatirələri - 2

Özbəkistan xatirələri - 2

Daşkənddə görüləsi və gəziləsi yerlər çoxdur. O yerlərdən biri də Hast-İmam məscid kompleksidir. Məscid binası yeni inşa olunsa da, qədimilik çalarlarını əks etdirir. 

Məscidin qiblə tərəfindəki həyətində yenə qədimi üslubda inşa edilən bir bina var. Bu bina muzey kimi fəaliyyət göstərir. Həzrət Osman (r.a) dövrünə aid edilən Qurani-Kərim bu muzeydə sərgilənir. Muzeyin digər otaqlarında fərqli dövrlərdə yazılmış əlyazma Quranlar sərgilənir. Həyətdə XVI əsrə aid mədrəsə binası da var. Hal-hazırda mədrəsə kimi fəaliyyət göstərmir; sənətkarların əl işləri və turistik əşyaların satıldığı bir yerə çevrilib. Bunlardan başqa, həmin ərazidə bir türbə və Özbəkistan Ruhani İdarəsinin nəzdində fəaliyyət göstərən İslam Universitetinin binası da yerləşir.

Görməli yerlərdən biri də Çarsu bazarıdır. Böyük bir ərazini əhatə edən bu bazar çoxçeşidliliyi ilə bilinir. Burada qeyd etmək istədiyim xüsusi bir məlumat var: Bu böyüklükdəki bazarda heç natəmizlik görmədim. Həddən artıq təmizkardırlar. Piştaxtalarda meyvə-tərəvəz çox səliqəli, göz oxşar formada düzülüb. Yenə bu bazarda dülgərlər, misgərlər, toxucular və beşik düzəldənləri görmək də çətin deyildir. Qədimilik və ənənəvilik hələ də oralarda yaşayır. Milli yeməkləri qorunub saxlanılır. Hamının yaxşı bildiyi və eşitdiyi “özbək plovu” onların süfrələrinin baş tacıdır. Dedilər ki, onlar plov yemək üçün daim bir bəhanə uydururlar, yəni o qədər çox sevirlər. Daşkəndin “plov mərkəzi” adlanan yeri var, orada təkcə nahar fasiləsində 2 ton plov yeyilir. Mərkəzin həyətində bir dəfəyə məxsus 2 ton plov bişirilən böyük bir aş qazanı var. Bu 2 tonluq aşa nə qədər ət lazımdır deyə soruşduqda, “500 kg ət lazımdır” dedilər. Gerisini siz təsəvvür edin. Bu yaxınlarda 6 tonluq özbək plovu bişirməklə Ginnesin rekordlar kitabına da öz adlarını yazdıra biliblər. Bizim ümumilikdə “özbək plovu” dediyimiz aşın hər bölgəyə xas: Daşkənd, Buxara, Səmərqənd, Xivə, Kabil və Sofu  kimi növləri var. Bizim bildiyimiz, düyüsü süzülən aşa “Sofu plovu” deyirlər.

Daşkənddən üç nəfərlik qrup ilə Səmərqənd və Buxaraya tərəf yola düşürük. Baharın gəlişi münasibəti ilə yol kənarlarında ərik və alça ağaclarının təzə açmış çiçəkləri qışın soyuğunu və yalnızlığını bir nəbzə olsun insana unutdururdu. Yol kənarındakı tikililər ilə yanaşı, hər dəfə maşının təkəri asfalt örtüyünün yorğun düşmüş yarığına düşəndə sovet imperiyasının izlərini xatırlamaq çox da çətin olmadı. Bir nəfəs dincəlmək üçün yolüstü restoranların birində dayandıq. Sovet dəst-xətti o qədər eynidir ki, mənə bu yerlər Kürdəmirin yol kənarındakı restoranlarını xatırlatdı. Nəhayət, gəlib Səmərqəndə çatdıq. Registana piyada məsafədə yerləşən qədim qəbiristanlığı ziyarət etdik. Teymurun övladları və nəvələrinin yatdığı türbələri görmüş olduq. Qəbiristanlıq bir təpənin üstündə yerləşir. Qalxdıqca bitmək bilməyən pilləkənlərin sağında və solunda tarixi abidələr ilə yanaşı, türbələr də öz yerini almışdır. Novruz ərəfəsində olduğumuz üçün insan selinin əlindən yerimək qeyri-mümkün idi. Bundan sonra Bibixanım külliyəsi və Registanı görmək üçün hərəkət etdik.

Səmərqənddə iri həcmli, bir-birindən gözəl tarixi mədrəsə binaları mövcuddur. Külliyə formasında tikilən bu abidələr, demək olar ki, öz dövrünün və məkanın  inciləridir. Bir-birindən gözəl məscid və mədrəsələr insanı valeh edir. Registan meydanı da bunlardan biridir. İçərisindəki möhtəşəm mədrəsə və məscidlərdəki sənətkarlığa baxmaqla doyulmur. Kaşı sənəti, nəqqaşlıq və memarlıq üslubu sənətin ən zirvə nöqtəsinə çatdığını göstərir. Uluğ Bəy mədrəsəsi 1417-1420-ci illərdə inşa edilmişdir. 110 şagird ala bilən bu mədrəsənin 54 hücrəsi və bir bağçası mövcuddur. Burada astronomik hərəkətləri müşahidə etmək üçün bir eyvan da var. Mədrəsənin qapısı şəxsən Uluğbəyin özü tərəfindən tərtib edilmişdir. Onun  astronomiyaya olan  marağı qapı üzərindəki təsvirlərlə də öz əksini tapmışdır. 

Bibixanım məscidi də görüləsi yerlərdən biridir (1399-1404). Teymurun öz xanımına ithaf etdiyi bu abidə çox heyrətamiz məbədlərdən biridir. Külliyə formasında inşa edilən bu məbədin 15 metr hündürlüyə malik giriş qapısı, geniş həyəti və bağçası var. Bağçanın  ortasında ağ mərmərdən düzəldilmiş rəhlə yer alır. Deyilənə görə, Həzrət Osmanın (r.a) dövrünə aid Qurani-Kərim bura gətirilər, həmin ağ mərmərdən olan rəhlənin üzərinə qoyular və buradan ayələr oxumaqla mərasimə başlayardılar. 

İmam Buxari həzrətlərinin olduğu türbə və ətrafı da çox gözəl inşa edilib. Külliyə formasındakı ziyarətgah böyük bir ərazidə inşa olunub.  Məscid, dəstəmazxana və Qurani-Kərimlərin nümayiş olunduğu gözəl bir muzey  insanların xidmətinə verilib. İmam Buxarinin türbəsi ətrafı açıq olan dörd sütun üzərində qübbəli bir tağ altında yerləşir. Tağın daxili tərtibatı çox nəfis işçiliklə bəzədilib. Külliyənin həyəti çox genişdir. Qoca ağaclar və altından axan çeşmə insana rahatlıq və hüzur verir.

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz