BAYRAM
İnsanın ən çox sevindiyi günə “bayram” deyib ata-babalarımız. Dərd-qəmini unutduğu, sevincini dost-tanışı, qohum-əqrəbası ilə bölüşdüyü o əziz günlər hər il təkrar-təkrar qeyd olunur ki, insan onu yoran bu sıxıntılı dünya həyatı içərisində bir nəbzə olsun rahat nəfəs alsın, güc tapsın, bir sonrakı bayrama qədər yaşayıb-yaşatma əzmini artırsın.
Son dinin özü ilə göndərildiyi son peyğəmbər Həzrət Muhamməd (s.ə.s) Mədinəyə gələndə müsəlmanların sevinc dolu əhval-ruhiyyəyə olan ehtiyaclarına şahid oldu. Onlara həqiqətən sevinə biləcəkləri iki bayramın müjdəsini verdi: Ramazan və Qurban bayramı. Hər ikisi də nəfsin xoş arzularından və maddi imkanlardan fədakarlıqla səciyyələnir. Hər ikisi də qarşılığında insanın misilsiz mükafatlar qazanması ilə nəticələnir. Miqdarının rəqəmlərlə hesablanmayacağı, savabını yalnız Allahın verəcəyi orucla keçən mübarək bir ay və insanı anadan dünyaya gəldiyi günkü kimi günahlarından təmizləyən həqiqi bir Həcc. Hər il təkrar-təkrar biz aciz bəndələrə təqdim edilən bu iki fürsət, qiymətini bilənlər üçün, həqiqi bayram vəsiləsidir.
Bayram günü erkəndən qalxıb gözəlcə təmizlənmək, bəzənib ətirlənmək, şirin yeyib şirin danışmaq, gülərüz olmaq, bayram namazını qılmaq, möminlərlə bayramlaşmaq, sədəqə vermək, küsülüləri barışdırmaq, qohum-əqrəbanı ziyarət etmək, yardımlaşmaq, nəinki həyatdakı yaxınları, hətta vəfat etmiş yaxınlarını belə yad edib ruhlarına dualar etmək, evə gələn qonaqlara comərdcə ikram etmək... bütün bunlar bayram günü insanın zahirinə əks edən xoş təəssüratlardır. Bir də insanın daxili bayramı vardır, daxilində hiss etdiyi məmnuniyyət, rahatlıq və sevinc...
Böyüklər deyiblər ki, mömin üçün həyatının üç məqamı bayram olar:
Birincisi, dünya həyatındadır: Ramazan və Qurban bayramları. Mömin bu bayramları Rəbbinin məğfirətinə nail olduğunu umaraq böyük bir sevinc hissi ilə qeyd edər. Çünki onun üçün Rəbbinin rizasını qazanmaq dünyadakı hər şeydən daha dəyərlidir. Onun əmrini yerinə yetirə bildiyi üçün də bu fürsəti ona bəxş edən Rəbbinə böyük bir minnət duyğusu içində şükür edər.
İkincisi, dünyadan köçüb axirət yolçuluğuna başladığı andadır. Əgər kamil bir imanla köçərsə, bu ölüm onun üçün bayram olar, sevgiliyə qovuşma anı qədər şirin olar. Ruhunu rahatlıqla təslim edər, Rəbbinin ona vəd etdiyi ilə qarşılaşdığı üçün böyük bir sevinc hissi keçirər və “kaş ki qövmüm də bunu bilsəydi” deyə hər kəsin bu məqama ucalmasını diləyər. Bayram günü küçədə əl-ələ mahnılar oxuyub gəzən uşaqların sevincindən daha böyük bir sevinclə sevinər; əsgərdən gələn balasını qucaqlayan ananın hüzurundan daha böyük bir hüzurla addımlayar axirət dünyasına.
Üçüncüsü isə, axirətdədir. Axirətin ilk astanası olan çətin qəbir yurdunu asanlıqla keçərsə, bu, onun üçün böyük bir ümid olar. İnsana ata-anasını, oğul-uşağını unutduracaq məhşər meydanında yenidən diriləndə, insanın hər bir hərəkətinin qeyd edildiyi həyat kitabı əlinə veriləndə onu böyük bir həyəcan bürüyər. Mizan qurulub hər kəs bir-bir hesaba çəkilib, bir-birindən haqqını tələb etdiyi zaman işlədiyi əməllərin umduğunu qazanması üçün yetməyəcəyinin təlaşını yaşayar. Bir çıxış yolu axtarmağa başlayar, bir şəfaət qapısı... Günəşin yaxınlaşdığı, insanların qulaqlarına qədər tərə batdığı o boğucu günün sıxıntısından qurtulmaq üçün gözləri peyğəmbərini axtarar; kövsər hovuzunun başında. Dəstəmaz aldığı üzvlərinə baxar, əgər ibadət nuru ilə parıldayırsa, onu o hovuza yaxın buraxacaqlar. Şəfaət ya Rəsulallah, şəfaət ya Rəsulallah!.. Hələ bir də sirat körpüsü var; kimi üçün geniş bir yol, kimi üçün də ən kəskin qılıncdan belə incə, çətin bir son. Nə çətin bir gündür, aman Allahım!..
Bütün bu imtahan mərhələlərini keçdikdən sonra mömin cənnətə girə bilərsə, bu, onun üçün böyük bir qurtuluş olar. Sevincinin həddi-hüdudu olmaz. Geridə qalan yaxınlarının da cəhənnəmdən qurtulmaları üçün Allaha dua etməyə başlayar. Amma onları gözləyən əsil mükafat hələ irəlidədir. Cənnət nemətləri onun yanında nədir ki?
Yunus Əmrə demişkən:
Cənnət, cənnət dedikləri,
Bir kaç köşklə bir kaç huri.
İstəyənə ver sən onu,
Mənə səni gərək, səni...
Cənnət əhli Allahın rizasına nail olar və bir daha qəm-qüssə ilə qarşılaşmazlar. Amma onların umduqları daha böyük bir hədiyyə var, cənnət əhli içində belə hər kəsin nail ola bilməyəcəyi böyük bir lütf: Allahın camalını seyr etmək.
Qurani-Kərimdə ifadə edildiyi kimi: “O gün neçə-neçə üzlər sevinib güləcək; öz Rəbbinə baxacaqdır!” (əl-Qiyamə, 22-23)
Möminin üçüncü bayramı, ən əsas sevinci bax həmin andır: Rəbbinin camalını seyr edərək könlünün bayram etdiyi an...
ŞƏRHLƏR