EVLƏRDƏ QURAN İQLİMİ
“Qəlbində Qurandan heç bir ayə və surə olmayan kəs xaraba ev kimidir” (Tirmizi, Fəzailul-Quran, 18) buyuran Hz. Peyğəmbərimiz (s.ə.s) Qurani-Kərim xüsusunda biz ümmətinə xəbərdarlıq edərək, Quran iqlimindən uzaq bir həyat yaşamağın mənən necə bir fəlakət olduğunu göstərməkdədir.
Könüllərimizin içində heç bir həyat əlaməti görülməyən quraq bir səhra halına gəlməməsi üçün bizlərə ən böyük ilahi əmanət olan Quranı oxumaq, anlamaq və yaşamaq surətilə daim baş tacı etməmiz lazımdır. Ona qarşı vəzifələrimizdə səhlənkarlıq göstərmək və ona laqeyd yanaşmaq əbədi xüsranın ən dəhşətli səbəblərindən biridir.
Quran iqlimində bir həyat Allahın əmr və qadağalarına riayət mövzusunda həssas davranan möminlərin yaşadığı bir həyatdır. Bu həyata namizəd olan bəndələr Kəlamullah ilə hər an həmhal olan, könüllərini, əllərini və dillərini Allahın kitabından məhrum qoymayanlardır. Möminlər üçün şəfa və rəhmət qaynağı olaraq göndərilən Qurani-Kərim oxunsa, ayələri üzərində düşünülsə və yaşansa oxuyana özünü açacaq və o cəmiyyət Quranla qurduğu bu möhkəm əlaqə vəsiləsilə ucaldılacaqdır.
Qarşıdan uşaqlar üçün uzun yay tətili gəlir. Hər il olduğu kimi, bu yay tətilində də məscidlərdə Quran oxumağı öyrənmək istəyənlər üçün kurslar təşkil ediləcək. Əlbəttə, möminin Quranla əlaqəsi təkcə tətillərdə, bayramlarda olmamalıdır. Belə anlar Quranı öyrənib bütün zamana yaymaq üçün gözəl bir fürsətdir və davamlı hala gətirilərək həyat boyu davam etdirilməlidir.
Hər şey bəslənmə və tərbiyə qanununa tabe olduğu kimi, ağıl və hisslər də din şüuru və iman ilə bəslənməyə, ilahi tərbiyə altına girməyə məcburdur. Əks halda ağıl və hisslər rəhbər olacağı yerdə hədəfini çaşar və sahibini fəlakətə istiqamətləndirər. Bu həyat səfərinin məchullarını məlum edən, suallarını həll edən, qaranlıqlarını işıqlandıran; ağıl və ürək üçün hər baxımdan qənaətbəxş dəlilləri ehtiva edən yeganə ilahi kitab Qurani-Kərimdir.
Qurani-Kərim kainatın yaradılış məqsədini və insanın varlıq hikmətini bəyan edib kainatdakı ilahi nizama uyğun bir həyat yaşamağımızı təbliğ edən fərmanı-ilahidir. Haqq-Təala Qurani-Kərimində insan, Quran və kainatdakı ülvi mizana bu şəkildə diqqət çəkməkdədir: “Rəhman (mərhəmətli olan Allah!) Quranı öyrətdi. İnsanı yaradıb ona bəyanı (danışmağı) öyrətdi”. (ər-Rahmən, 1-4)
Allah-Təalanın ayeyi-kərimədə əvvəlcə Quranı öyrədib, sonra da insanı yaratmasından bəhs etməsi yaradılış hikmətinin digər ifadəsidir. Bu ifadə insanın digər məxluqatdan fərqli olaraq yaradılış məqsədinin “qulluq” olduğunu bildirməkdə və eyni zamanda Quran qarşısındakı məsuliyyətimizi xatırlatmaqdadır. Çünki insanın həqiqi şərəf və dəyəri Quran ilə yaşadığı və onun əxlaqına büründüyü nisbətdədir. Onun üçün hər bir müsəlmanın Qurani-Kərimi öyrənməsi və həyatını bu istiqamətdə və bu iqlimdə yaşaması lazımdır.
Hədisi-şərifdə belə buyurulur: “Kim Quranı öyrənər, öyrədər və içindəkilərlə əməl edərsə, Quran ona (qiyamət günündə) şəfaət edər və onu cənnətə aparan rəhbər olar." (İbni Asakir)
Başqa bir hədisi-şərifdə isə: “Sizin ən xeyirliləriniz Quranı öyrənən və başqalarına öyrədənlərinizdir” (Buxari, Fəzailul-Quran, 21) - buyuran Allah Rəsulu (s.ə.s) ümmətinə hər vəziyyətdə Quranın təliminə cəhd göstərmə barəsində zirvə bir nümunə olmuşdur. Əbu Talha (r.a) deyir ki: “Bir gün məscidə girərkən Peyğəmbərimizin (s.ə.s) aclıqdan qarnına daş bağlamış bir vəziyyətdə ayaqda suffə əhlinə Quran oxutduğunu gördüm”. (əl-Xilyətul-Övliya/İsfəhani, 1/342)
Quranı öyrənmək və oxumağın Allahla danışmaq kimi olduğunu isə Hz. Peyğəmbərimiz (s.ə.s) belə xəbər verməkdədir: “Əgər sizdən biri Rəbbinin onunla danışmasını arzu etsə, Quran oxusun”. (Deyləmi)
Qurani-Kərimin kamil şəkildə öyrənilməsi üçün bu üç mərhələyə riayət edilməlidir:
1. Doğru bir şəkildə üzündən oxuma (Tilavət və Təcvid);
2. Qurani-Kərimi anlaya bilmək;
3. Qurani-Kərim istiqamətində yaşamaq.
Bu xüsusda Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Hər kim Quranı öyrənər və onu asar (onunla maraqlanmaz), ona baxmazsa (onunla istiqamətlənməzsə), qiyamət günü Quran o adamın yaxasına yapışar və:
-Ya Rəbb! Bu qulun məni həbs etdi. Məni tərk edib məndən uzaq dayandı. Mənimlə əməl etmədi. Mənimlə onun arasında Sən hökm ver,- deyər”. (Alusi)
Hər bir müsəlman və onun ailəsi ömrünə Quran bərəkəti qataraq Quran iqlimində bir həyat yaşamalıdır. Gələcək nəsillər olacaq övladlarını da bundan məhrum qoymadan, onları da bu istiqamətdə və bu ruhaniyyətdə yetişdirməyə çalışmalı, hətta özünü buna məcbur hiss etməlidir. Ən azından tətil günlərini bu istiqamətdə dəyərləndirərək Quran və dini bilikləri, İslam əxlaqını öyrənmələrini təmin etməlidir. Müsəlman bir valideyn çalışmalıdır ki, övladları Quransız bir ömür yaşayaraq ilahi əzaba düçar olanlardan olmasınlar. Peyğəmbərimizin (s.ə.s) bu buyruğu bu mövzuda bizə ölçü olmalıdır: “Quran oxuyun! Çünki Allah Quranın qabı olan bir ürəyə əzab etməz”. (Deyləmi)
ŞƏRHLƏR