ANLAMAQ ÜÇÜN MƏAL YETƏRMİ?

ANLAMAQ ÜÇÜN MƏAL YETƏRMİ?

Bir dili danışmaq o dildə yazılan bütün elmi əsərləri başa düşmək mənasına gəlməz. Oxunan bir  mətni də hamı eyni səviyyədə anlamaz. Həmçinin bir mənzərəni hamı eyni cümlələrlə ifadə edərək, eyni mənada yorumlamaz. 

Məsələn, müxtəlif ağaclardan ibarət bir meşəyə baxan bir dülgər hər bir ağacdan nəyin daha yaxşı hazırlanacağına diqqət yetirər. Şabalıd ağacına baxanda ondan yaxşı bir qapı çıxacağını düşünərkən, qoz ağacını görəndə də ona gözəl hazırlanmış bir stol kimi baxa bilər. Bir rəssam isə bu mənzərəyə baxıb gözəl bir təbiət rəsmi çəkməyin xəyalını qurar.

Bütün bu həqiqətlər qarşısında 1400 il bundan əvvəl endirilən, beləliklə, o zamanın adət-ənənəsini, mədəniyyətini, istifadə olunan terminləri bu gün tam olaraq bilməyimizin imkansız olduğu bir vəziyyətdə Qurani-Kərimi sadəcə məal-tərcüməsindən oxuyub anlamağımızın mümkün olduğunu iddia etmək ya cahillik, ya qəsd-qərəzli yanaşma, ya da elmi dərinliyə malik olmayan saflıqdan qaynaqlanır.

Qurani-Kərimin endirildiyi vaxt ərəb ədəbiyyatı təşbeh, məcaz, bəlağət yönündən zirvə dövrünü yaşayırdı. Bunun üçün müsabiqələr təşkil olunar, o müsabiqəyə böyük ərəb şairləri toplaşar və münsiflər tərəfindən ən yaxşı şeirlər seçilərdi. Həmin seçilən şeirlər Kəbə divarına asılardı.  Belə bir dövrdə Qurani-Kərim endirilmiş, o möhtəşəm şairlər onun önündə lal olmuş, susub qalmışdılar. Hətta məşhur “Mualləqatus-səba” şairlərindən olan İmrul-Qeysin qızı, atası daha gülünc vəziyyətə düşməsin deyə, onun Kəbə divarında asılı olan şeirini qopartmışdır.

Ərəb ədəbiyyatını özünəməxsus üslubuyla, bəlağət və fəsahətiylə yerlə-yeksan edən Qurani-Kərimdə keçən hər bir kəlmənin, o kəlmələrdən meydana gələn ayələrin mənasını sadə bir məalla izah etməyin imkansız olduğu açıqdır. Təbii olaraq da həmin məalı oxuyaraq Qurani-Kərimin bütün ifadələrini tam anlamaq mümkün deyildir. Çünki orada istifadə olunan bir kəlmə və ya cümlə, ya da o cümlənin ehtiva etdiyi mənanı o dövrün adətini, dilini, düşüncə tərzini bilmədən anlamaq olmaz.  Bütün bunlara görədir ki, Qurani-Kərimi anlamaq üçün mütləq o ayələr haqqında Hz. Peyğəmbərin, səhabələrin və o dövrə yaxın alimlərin açıqlamalarına yer verən təfsirlərə müraciət etmək şərtdir. Əks təqdirdə Qurani-Kərimi səhv anlayar və bunun nəticəsində də doğru yoldan ayrılma təhlükəsiylə üzləşə bilərik.

Qurani-Kərimin çox mükəmməl bir üsluba sahib olduğunu hər bir ərəb ədibi etiraf edir. İstifadə olunan hər bir kəlməsi o ayədəki məna bütünlüyünü qorumaqla birlikdə, oxunduğu zaman o kəlmələrin bir-birinin arxasınca düzülüşlərindən meydana gələn təğənnisi və ayənin eyni zamanda əxlaq, hüquq, ictimai münasibət və müsbət elmlər kimi mühüm mövzuları özündə əks etdirməsi insanları heyran qoyur. Allah-Təala Loğman surəsinin 28-ci ayəsində “yer üzündəki ağaclar qələm, dənizlər yeddi dəfə də artıq mürəkkəb olsa, yenə də Allahın kəlmələrinin bitməyəcəyi”ni buyurmaqdadır. Bu qədər möhtəşəm bir kitabın kəlmə tərcüməsi olan məal ilə tam şəkildə dərk edilməsinin mümkün olmayacağı gün kimi ortadadır.

Bu gün Azərbaycan dilini belə əslində tam olaraq bilmədiyimizi, bunu bilməmiz üçün ən azından ali təhsil almalı olduğumuzu qəbul etdiyimiz halda Qurani-Kərimin tərcüməsini oxuyaraq onu necə anlaya bilərik? Üstəlik Ərəb dili kəlmə və o kəlmələrə yüklənmiş mənalar baxımından dünyada ən öndə gələn bir neçə zəngin dillərdən biri olduğu halda!.. Hətta o gündən bu günə kimi islam alimlərinin mənbə kimi qəbul etdikləri səhabələrin belə zaman-zaman anlamaqda çətinlik çəkdikləri bir kitabı onun təfsirinə baxmadan necə anlaya bilərik? Bir gün səhabələr Ənam surəsinin 82-ci ayəsində keçən “İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” ifadəsindən çox mütəəssir olduqları üçün Hz. Peyğəmbərə gələrək: “Ya Rəsulallah! Bizdən kim imanına zülm etmir ki?! O zaman biz həlak olduq!” – dedilər. Hz. Peyğəmbər səhabənin indiyə kimi bildiyi “zülm” kəlməsinin ilahi  buyruqla yeni bir məna qazandığını belə ifadə etdi:  “Bu sizin anladığınız kimi zülm deyildir. Buradakı “zülm” sözü Loğman peyğəmbərin oğluna söylədiyi: “şirk böyük zülmdür” sözündə olduğu kimi, “şirk” mənasına gəlir”.

Başqa bir misal verək: Hz. Əbu Əyyub əl-Ənsari həzrətlərinin də iştirak etdiyi bir döyüşdə əsgərlərdən birinin özünü düşmənin ortasına atdığını görənlər Qurani-Kərimdə keçən: “…öz əlinizlə özünüzü təhlükəyə atmayın…” ayəsini oxuyaraq özünü düşmən ordusunun içinə atan o mücahidə iradlarını bildirmişdilər. Bunu eşidən Əbu Əyyub həzrətləri bu ayənin bu hərəkəti qadağan etmədiyini, ayənin eniş səbəbinin mədinəli müsəlmanlar olduğunu belə izah etdi: “Biz Mədinəlilər İslam güc qazandıqdan sonra: -Artıq bağ-bağçamıza dönək, biz öz vəzifəmizi yerinə yetirdik, - dediyimizdə yuxarıdakı ayə nazil oldu. Bu ayə mədinəli müsəlmanları bu fikirdən uzaqlaşdırdı”.

Deməli, Quranı  düzgün anlamaq üçün təşbeh, məcaz, mübhəm, mücməl, səbəbi-nüzul kimi Quran elmlərini bilmək lazımdır. Səhabə alimlərindən biri olan Abdullah ibn Abbas belə Qurani-Kərimdə keçən “mərhəmət, qəlb yumşaqlığı” mənasına gələn “hənanən” kəlməsinin mənasını bilmədiyini etiraf etmişdir.

            Yuxarıdakı misallar Qurani-Kərimi anlamaq üçün mütləq surətdə  təfsirlərə müraciət etməli olduğumuzu, dolayısı ilə Hz. Peyğəmbərin açıqlamalarını bilməmizin vacib olduğunu göstərməsi baxımından kifayətdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz