BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: رُبَّ أَشْعَثَ، مَدْفُوعٍ بِالْأَبْوَابِ لَوْ أَقْسَمَ عَلَى اللهِ لَأَبَرَّهُ
Əbu Hüreyrədən (r.ə) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Saçı-başı dağınıq, tozlanmış və qapılardan qovulan necə insanlar vardır ki, bir şey haqqında Allaha and içsələr, Allah onların duasını qəbul edib andlarını həyata keçirər”. (Müslim, Birr, 40)
İnsanların Allah dərgahındakı dəyəri xarici görünüşlərinə görə deyil, Allaha olan yaxınlıqları ilə ölçülür. Bu səbəblə də, əsil zənginlik mal-mülk zənginliyi (maddi zənginlik) deyil, qəlb zənginliyidir (mənəvi zənginlikdir). Qəlbi zəngin olan kəs dünyanın maddi cəhətdən ən varlı insanından daha zəngin qəbul olunur. Çünki qəlb zənginliyi Allahın hüzurunda insana ucalıq qazandırdığı halda, mal zənginliyi doğru istiqamətdə sərf edilmədiyi təqdirdə insan üçün ağır bir yük olar. Buna görə də, saleh insanlar xarici görünüşlərini deyil, daxili aləmlərini zənginləşdirməyə və kamil bir müsəlman olmağa önəm verərlər. Allahın adını eşidincə qəlblərinin titrəməsini istəyər və Allahın razılığını qazanmaq üçün canlarını belə fəda edərlər. Zahirdən çox batinə baxaraq bu istiqamətdə bir həyat yaşayarlar. Çünki onlar Allahın zahirdən çox batinə dəyər verdiyinə şəksiz inanan insanlardır. Bu insanlar zahiri görünüş etibarilə zəif, aciz, yoxsul insanlar olaraq göründükləri üçün həqiqətdən qafil insanlar onları xor görər və təhqir edərlər. Halbuki Allah nəzərində bu insanlar böyük dəyərə sahibdirlər və dilədikləri təqdirdə istəkləri həyata keçər. Belə insanlar Allahın vəli bəndələridir və onlara dünyada da, axirətdə də müjdələr vardır.
Sadalanan bu səbəblərdən dolayı, insanların xarici görünüşünə aldanmamaq və insanlara ilk öncə insan olduğu üçün dəyər verib, Allahın yaratdığı şərəfli bir məxluq kimi münasibət göstərmək lazımdır. Bu səbəblə də, Uca Allah Qurani-Kərimdə Rəsulullaha (s.ə.s) xitab edərək: "Yetimə xor baxma, dilənçini də qovma" (əd-Duha, 93/10-11) buyurmuşdur. Ayədən də görüldüyü kimi, insanlarla hər hansı bir mənfəət gözləmədən nəzakət və ehtiram daxilində ünsiyyət qurmaq lazımdır. Çünki mənfəət üzərində qurulan münasibətlərin təsiri qalıcı olmaz və axirət baxımından insana hər hansı bir fayda da qazandırmaz.
Bütün bunlarla yanaşı, bir məsələyə diqqət edilməlidir. Saçı-başı dağınıq, qapılardan qovulan hər insanın mütləq Allahın vəli bəndələrindən olduğunu da düşünməmək lazımdır. İmkanı olduğu halda tənbəllik edərək üst-başına baxmayan və ya əziyyət çəkib öz dolanışığını təmin etmək yerinə dilənmək yolunu seçən bir insanın bu davranışı İslamın təbliğ etdiyi əsaslarla ziddiyyət təşkil edər. Bu səbəblə də hədisdə Rəsulullahın (s.ə.s) bəhs etdiyi insanı İslamın təbliğ etdiyi əsaslara bağlı qalan insan kimi başa düşmək lazımdır.
ŞƏRHLƏR