Könül insanı Osman Nuri TOPBAŞ Şeyxülislam Hacı Allahşükür PAŞAZADƏNİN qonağı olub

Könül insanı Osman Nuri TOPBAŞ Şeyxülislam Hacı Allahşükür PAŞAZADƏNİN qonağı olub

May ayının 7-də Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın Bakı İslam Universitetinin tələbələri ilə görüşü keçirilib.

Görüşü açıq elan edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə inkişafına təkan verdiyini vurğulayıb.

 Şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan bərabər şərait, dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində göstərilən qayğı barədə məlumat verib.

Sovet dövründə Azərbaycanda məscidlərin sayının o qədər də çox olmadığını deyən QMİ-nin sədri bildirib ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilərək istifadəyə verilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub.

Allahşükür Paşazadə Osman Nuri Topbaşın elmi fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Osman Nuri Topbaşın “Məktəbi-Aləm Kainat, Quran və İnsan” kitabının təqdimatı da keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev, Bakı İslam Universitetinin Rektoru Hacı Sabir Həsənli, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim və başqaları çıxış edərək Osman Nuri Topbaşın yaradıcılığını yüksək qiymətləndirib, kitabın mahiyyətindən və əhəmiyyətindən söz açıblar.

Sonda Osman Nuri Topbaş çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitab haqqında məlumat verib.

Həmçinin Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  da eyni gün Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyətini komitə mərkəzində qəbul edib.

Qonaqları səmimi salamlayan Dövlət Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Komitə sədri vurğulayıb ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev hər zaman dinə həssas yanaşıb.

Eyni zamanda Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cənab Prezidentimiz İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması üçün sərəncam imzalaması haqqında qonağa ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən Osman Nuri Topbaş qeyd edib ki, Azərbaycana səfəri zamanı ölkəmizin çox sürətlə inkişafının şahidi olub. İslamın maarifçilik və haqq dini olduğunu vurğulayan Osman Nuri Toppaş bu gün dindən siyasi məqsədlər üçün istifadə edildiyini və bunun çox acı nəticələrə gətirib çıxardığını bildirib. İslamın ədalət, sabitlik və səadət dini olduğunu dünyaya yenidən anladılmasının vacibliyindən danışıb.

Möhtərəm Osman Nuri Topbaş Gəncliyə Yardım Fondunu da ziyarət edib. Fondun fəaliyyətləri ilə yaxından tanış olan qonaq gənclərin maariflənməsi, vətənpərvər və yüksək dünya görüşünə malik nəsillərin yetişdirilməsi üçün görülən işləri, yaradılan şəraiti və fondun müxtəlif sahələrdəki yardım fəaliyyətlərini yüksək qiymətləndirib. Eyni zamanda fondun konfrans zalında müxtəlif universitetlərin tələbələri və oxucularla görüş keçirilib. “Gənclik, Məsuliyyətimiz və Gəncliyin Problemləri” mövzusunda çıxış edən qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz