ORDUMUZUN DÜNƏNİ VƏ BU GÜNÜ
Azərbaycan Cümhuriyyəti dövrü
Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Federativ Respublikasının parçalanmasından sonra baş vermişdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı.
Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Milli Şuranın sədri vəzifəsinə M.Ə.Rəsulzadə (“Müsavat” partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəlixan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Zaqafqaziya hüdudlarında milli dövlətçilik bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi.
1918-ci il oktyabrın 28-də respublika hökumətinin iclasında Müdafiə nazirliyi yaratmaq haqqında qərar qəbul olundu. Nazirlər Şurasının 1918-ci il 7 noyabr tarixli qərarı ilə Hərbi Nazirlik təsis edildi və ona ilk vaxtlar Fətəli Xan Xoyskinin özu başçılıq etdi. Dekabrın 25-də artilleriya generalı Səməd Bəy Mehmandarov hərbi nazir təyin edildi, dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski nazirin köməkçisi oldu. 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və əvvəllər Qafqaz İslam Ordusuna daxil olmuş Azərbaycan hissələrinin bazası əsasında nizami ordunun yaradılmasına başlandı. 1919-cu il yanvarın 15-də aşağıdakı şöbələri olan Baş qərargah yaradıldı: artilleriya, mühəndis, baş kvartirmeyster, növbətçi general, hərbi-sanitar, hərbi-təlim, topoqrafiya və nəzarət.
1918-1920-ci illər ərzində Azərbaycanda piyada və süvari alayları, topçu briqada və divizionları, digər hərbi-texniki bölüklər təşkil edilmişdir. 1919-cu ilin sonunda Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Qərargahı Gəncədə olan birinci piyada diviziyasına 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə alayları və Kürd atıcı batalyonu daxil idi. Qərargahı Bakıda olan ikinci diviziyaya isə 4-cü Quba, 5-ci Bakı və 6-cı Göyçay alayları daxil idi. 7-ci Şirvan alayının yaradılması ilə 3-cü piyada diviziyasının təşkilinə başlanılmışdı. Süvari diviziyasının da qərargahı Gəncədə idi və ona 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki atlı alayları, habelə Kürd atlı diviziyonu daxil idi. Məhz bu qüvvələrin vasitəsilə 1920-ci ilin mart ayında Ermənistanın hərbi qüvvələrinin və Qarabağdakı separatçı qüvvələrin Azərbaycanın müstəqilliyinə qarşı geniş hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.
Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələrinin ümumi sayı 1920-ci ilin aprelində 30 minə qədər piyada və süvaridən ibarət idi.
1920-ci il aprelin 28-də 70 mindən artıq olan bolşevik hərbi qüvvələrinin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Cümhuriyyəti süqut etdi. Azərbaycanda hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra Hərbi Nazirliyin bazasında Azərbaycanın Hərbiyyə və Bəhriyyə Komissarlığı yaradıldı. Əvvəlcə Çingiz İldırım, sonra isə Əliheydər Qarayev hərbiyyə və bəhriyyə komissarı vəzifəsinə təyin edildi.
1922-ci ilin sonlarına, yəni SSRİ təşkil edilənədək Azərbaycan və onun Hərbiyyə və Bəhriyyə Komissarlığı formal müstəqilliyini saxladı. Azərbaycan SSRİ tərkibinə daxil edildikdən sonra Hərbiyyə və Bəhriyyə Komissarlığı nazirlik statusunu itirmiş oldu. Azərbaycanda hərbi işlərə rəhbərlik SSRİ mərkəzi orqanlarının səlahiyyətinə keçdi.
Azərbaycan Respublikası dövrü
XX əsrin sonlarında ölkədə siyasi hakimiyyətin böhranlı hala düşməsi və müttəfiq respublikalarda milli azadlıq hərəkatının genişlənməsi Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti “Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərar qəbul etdi. Həmin qərarın əsasında 5 sentyabr 1991-ci il tarixli fərmanla Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabr ayının 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qəbul edildi.
Lakin bir tərəfdən Azərbaycan daxilində hərbi-siyasi vəziyyətin mürəkkəb olması, hakimiyyətdə olan qüvvələrin ordu quruculuğu sahəsində səriştəsizliyi, digər tərəfdən də ictimai-siyasi hərəkatların ordu daxilində təfriqə yaratmaq cəhdləri, 6 ay ərzində müdafiə naziri vəzifəsinə 4 dəfə təyinatın aparılması həm Müdafiə Nazirliyinin, həm də Azərbaycan Ordusunun formalaşmasına dağıdıcı təsir göstərdi.
Azərbaycan Respublikası öz müstəqilliyini həqiqi mənada bərpa etdikdən dərhal sonra, siyasiləşmiş silahlı birləşmələr əsl mənada hərbiləşdirildi, pərakəndəlik aradan qaldırılaraq vahid komandanlıq bərqərar oldu və bundan sonra Azərbaycan Ordusu güclənməyə başladı.
Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındandır. Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir. Elə şanlı hərbi qələbəmiz olan aprel döyüşləri də bir daha ordumuzun gücünü göstərmişdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir.
İstifadə olunmuş mənbələr:
1. Azərbaycan Cümhuriyyəti (1918-1920)- Elm Nəşriyyatı, Bakı-1998
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi
ŞƏRHLƏR