ALİM OLMAQ ASANDIR…

ALİM OLMAQ ASANDIR…

Birinci həyat məktəbini öyrədin uşaqlara,

Qoyun əvvəlcə özləri ali olsun, sonra məktəbləri.

Bu həyatda var olmaq və yaşamaq üçün hamı mütləq ali təhsilli olmalıdır deyə bir şərt yoxdur. Buna baxmayaraq, mütləq adından, səviyyəsindən, ixtisasından asılı olmayaraq müasir dövrün tendensiyası kimi hamı bir universitetdə oxumaq və övladlarını oxutmaq istəyir.  Bunun üçün kifayət qədər əziyyət çəkir və dəridən-qabıqdan çıxır. Həm özünü, həm uşaqlarını məcbur edir, zaman-zaman uşaqların xətrinə dəyir, onları psixoloji zərbəyə məruz qoyur. Nəticədə isə oxunası əsas şeylər qıraqda qalır, oxunmasına lüzum qalmayan qalaq-qalaq kitablar oxunur.

Biz çox vaxt oxumaq feilindəki mənanı düzgün anlaya bilmirik. Hesab edirik ki, oxumaq deyəndə qabağına çıxan hər şeyi oxumaq lazımdır.  Bu oxumanın nəticəsində də bütün işlərin düzələcəyinə inanırıq: əgər oxumuşuqsa mütləq iş tapacağıq, bizə hər yerdə dəyər veriləcək və biz hamıdan çox qazanacağıq. Bütün bunları analiz etdiyimiz halda bir şeyi gözardı edirik ki, oxumaq uğur qazanmağın sadəcə bir hissəsidir. Biz isə oxumağı uğurun və kamilliyin özü hesab edirik. Oxumaq sizin uğur nərdivanının sadəcə bir pilləsidir. Oxuduğunu həyatında əks etdirmək, başqalarına çatdırmaq, özünü sübut etmək isə növbəti pillələrdir.

Uşaqları oxumağa məcbur etdiyimiz zaman da bütün bu faktorlara diqqət etməyimiz lazımdır. Bizim kitab dolu beyinlərlə birlikdə sahib olduqları bilikləri həyata keçirə bilən insanlara da ehtiyacımız var. Uşaqların sosial tərəflərinin inkişafı, bununla da onlarda  nitq qabiliyyətinin inkişafı əsas amillərdən biridir. Siz düşünün ki, övladınız ticarətlə məşğuldur və əlində kifayət qədər satacaq malı var. Ancaq satış təcrübəsi yoxdursa əlindəki malı məhvə məhkum olacaqdır.  Malı necə qazanmaqla birlikdə onu necə satmağın yollarını da öyrədə bilmiriksə təhsil yarımçıqdır.

Bununla birlikdə çox adam elə hesab edir ki, sanki bu dünyada bütün zəngin və xoşbəxt insanların hamısı oxumuş insanlardır. Halbuki tam əksinə, bir çox iş adamlarının heç ibtidai təhsilləri belə yoxdur.  Onlarda var olan əzmkarlıq və prinsipiallıq onların uğurlarının əsasını təşkil edir.

Unutmamaq lazımdır ki, davamlı oxumaq üçün ibtidai siniflərdən başlayan məcburiyyətlər uşaqlar üzərində kifayət qədər mənfi təsirlər buraxır.  Uşaqlara oxuduqları üçün sevgi göstərilir, oxumadıqları zaman isə davamlı olaraq təhqir edilir və diqqətdən kənar saxlanılır.

Ancaq uşaq hiss etməlidir ki, siz onu nəyəsə görə yox, özü dəyərli olduğu üçün sevirsiniz. Bilməliyik ki, bizim üçün əsas dəyərli olan bizim övladlarımızdır. Onun bilikli və intellektual səviyyəsinin yaxşı olması isə ikinci dərəcəlidir. İnsan ilk olaraq sahib olduğu iki əlinə görə şükür etməli və onun dəyərini bilməlidir. O əllərin nə qədər ağır yük qaldıra bilməsi isə məsələnin ikinci tərəfidir.

Bir də ki, axı bizim cəmiyyətimizə ruhunu itirmiş və robotlaşdırılmış insanlar lazım deyil. Bu dünyada var olan heç nə sadəcə özü üçün yaşamır. Məsələn, axan çaylar öz suyundan içmir, meyvə verən ağaclar öz meyvələrindən yemir və s.  Hər şey bir şeyin və ya çox şeyin varlığı üçün mövcuddur.  İnsan da sadəcə özü üçün deyil, eyni zamanda başqaları üçün də faydalı olmalıdır. Ona görə də övladlarımızı sadəcə özlərinə faydalı olan eqo mərkəzli fərdlər kimi yox, yaradılanı Yaradan üçün sevə bilən fərdlər kimi yetişdirməliyik.

Bəlkə də ətrafınızda onlarla, yüzlərlə ən yaxşı ali təhsil ocaqlarında təhsil almış insanlar var ki, onlar zamanında özlərini oxudan valideynlərini bu gün qocalar evində yaşamağa məhkum edib. Sevgi oxumaqla qazanılmır, sevgi yaşanır; başqasından aldığı sevgini ona vermək məcburiyyəti hiss edir insan.  Ona görə də övladlarınıza bilgidən əvvəl sevginizi verməyi unutmayın. Dünyanın və dünyadakı insanların daha çox uğur qazanan insanlara yox, ətrafındakı hər şeyə mərhəmət edə bilən, qanayan yaralara dərman olan, qırılmış könülləri bərpa edə bilən insanlara ehtiyacı var.

Son olaraq, əziz dostum! Oxuduqların səni ədalətə, mərhəmətə, şəfqətə, sevgiyə yönəltmirsə, deməli, ya doğru şeyi oxumursan, ya da ki oxuduqlarını doğru anlaya bilmirsən.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz