DANIŞAN QUZU

DANIŞAN QUZU

Yolumun üstündə yerləşən “Konok kelse kuzu soy” (Qonaq gəlsə quzu kəs) reklamını, bəlkə də, min dəfə görmüşdüm. Bir gün diqqətlə baxanda gördüm ki, əslində, reklam görüləndən daha dərin mənaları özündə əks etdirir. 

Dörd kəlməlik bu reklamda sətiraltı çox mənalar var idi. “Konok kelse kozu soy” kimi sadə, dörd kəlməlik ifadənin sətiraltı mənası bu qədər dərindirsə, gör bəsmələnin, ümmül-kitab (Quranın anası, mərkəzi) olub özünü namazın hər rükətində oxutduran fatihənin, kəlmeyi-şəhadətin, ayətəl-kürsinin altında nə mənalar var!..

Ofisiant kimi əllərini qoşalaşdırıb sifariş gözləyən quzudan soruşmaq istəyərdim: “Quzu qardaş, qonaq gəlsə quzu soy demisən. Niyə demirsən ki, qonaq gəlsə məni soy?! Özünü fəda etsən, yoldaşların yaşasa olmazdımı?!” Nəcib Fazil idealındakı gəncliyi bu sözlərlə ifadə edirdi: “Kim var? – deyə səslənən olsa, sağına-soluna baxmadan hər bir fərdi “mən varam!” deyə cavab verən, hər fərdi “mənim olmadığım yerdə heç kim yoxdur!” düşüncəsinə sahib bir məfkurə mənbəyi olan gənclik...”

Ey quzu! Sən yoldaşlarını sataraq özünü xilas etməyə çalışırsan. Biz necə ki müsəlla daşı müsəlmanıyıqsa, sən də eləsən; yaxşı günün dostusan. Müsəlla daşı müsəlmanını Nəcib Fazil belə vəsf edirdi: “Baxırsınız ki, 99% müsəlmanıq. Mən bunlara müsəlla daşı müsəlmanı deyirəm. Bəli, müsəlla daşında 99%-imiz müsəlman oluruq”.

Quzu qardaş! Bir müştəri sənə desə ki, “səndən xoşum gəldi, səni kəsib yemək istəyirəm”, ona nə cavab verərsən? Sən vitrinə qoyulmuş mal kimisən. Sən “Qonaq gəlsə quzu kəs” deyə reklam edirsən, amma işin içində yoxsan. Sən kəsiləcək olan quzuların ölümünə rəhbərlik edirsən. Sənə “satqın, xain” deyərlər, bilirsənmi?! “İnsan insanın canavarıdır” (Homo homini lipus) deyiblər. Quzu da quzunun canavarı ola bilirmiş, bunu səndən öyrəndim.

Dostlarını, yaxınlarını sataraq öz canını qurtaran xain quzu! Səni gördüyüm zaman yadıma “Əbu Rəğal” düşür. Kimdir Əbu Rəğal? Yəməndən Kəbəni yıxmaq üçün yola çıxan Əbrəhə və fil ordusunu qısa yoldan Məkkəyə çatdırmaq üçün Əbrəhədən pul alaraq onlara bələdçilik edən bir ərəb. Yəməndən çıxıb Məkkəni tapmaq asandırmı?! Əlbəttə, ərəblərdən bir xain yolu göstərməlidir ki, Kəbəni yıxma hədəfinə daha tez çata bilsinlər. Əbu Rəğal Məkkəyə yaxınlaşanda bir gecə son nəfəsini verib. Əbrəhənin ordusu həlak olduqdan sonra belə ərəblər Əbu Rəğalın qəbrinin yanından keçərkən ona lənət oxuyub qəbrini daşlayıblar. Həm ərəb olasan, həm də Kəbəni yıxmaq üçün kənardan gələn orduya kömək edəsən!..

Ərəblər arasında “Nə vaxt Əbu Rəğalı görsəniz, bilin ki, Əbrəhənin ordusu arxasınca gəlir” sözü məsəl olub, günümüzə qədər gəlib çıxıb. Vətənini, millətini, dinini, imanını düşmənlərə satanlar dövrümüzün Əbu Rəğallarıdır. Tarix onları heç bir zaman xeyirlə anmayacaq. Bir az diqqətlə baxsaq, Əbrəhələri görmək elə də çətin deyil. Əbrəhələr heç vaxt özünü gizlətmək ehtiyacı hiss etməmişdir. Əbu Rəğalları görmək üçün isə diqqətlə baxmaq lazımdır.

Gözəl quzu, Əbu Rəğala bənzətməsəydim, olduqca şirin bir quzu olaraq qalacaqdın. Məkkəliləri satan Əbu Rəğal kimi sən də dostlarını satırsan. Əvvəllər quzunun ən böyük düşməni qurdlar idi, indi isə insanlar. Bir gündə qurdlar yüz quzunu parçalayırsa, insanlar yüz minlərlə kəsirlər. Sən də qalxıb öz həmcinslərini satırsan, düşmənin olan insanlara. Dostuna xidmət edən baş tacı olar. Amma sən düşməninə xidmət edib dostlarını ayaq altına atmısan. Bir də utanmadan boğazına bant taxmısan. Genetikası dəyişdirilmiş quzular belə səndən daha təbiidir. Heç olmasa təqlidçi deyillər. Dünya tarixində bant taxacaq qədər əslindən uzaqlaşmış başqa bir quzu varmı, görəsən?! Kaş ki quzu olaraq doğulub quzu olaraq yaşasan və heç kimi satmadan, heç kimin canavarı olmadan quzu olaraq can verə bilsəydin! Beləsi daha ləyaqətli həyat olardı. Yoxsa sən də “mənə toxunmayan ilan min il yaşasın” deyənlərdən oldun? Sənə toxunmayan ilandan əmin oldunmu? Dostlarını kəsən düşmən bıçağının sənə dəyməyəcəyindən əmin oldunmu? Sabah bıçaq sənə tərəf dönəndə, bil ki, heç kim səni qurtarmayacaq. Arxanca da heç kim “heyf” belə deməyəcək.

Alman rahib Martin Niemöller haqqında eşitdinmi? O, 1892-1984-cü illərdə yaşayıb və ilk əvvəl yəhudilərə qarşı törədilən soyqırım iddiasını rədd edənlərdən olub. Daha sonra bu fikrinə peşmanlığını, haqsızlıq qarşısında susduğu üçün sonralar yaşadığı yalnızlığı belə dilə gətirib:

“Faşistlər əvvəlcə kommunistləri almaq üçün gəldilər, heç nə deyə bilmədim, çünki özüm kommunist deyildim. Yəhudilər üçün gəldilər, heç nə deyə bilmədim, çünki mən yəhudi deyildim. Sendikaçılar üçün gəldilər, heç nə deyə bilmədim, çünki heç birinə mənsub deyildim. Katoliklər üçün gəldilər, heç nə deyə bilmədim, çünki katolik deyildim. Nəhayət, məni aparmağa gəldilər, artıq ətrafımda mənim üçün nəsə deyəcək heç kim qalmamışdı”.

Faşistlər, sendika (həmkarlar ittifaqı), kommunistlər, bunlar mənim üçün yad ifadələrdir deyirsənsə, internetdən “Siz xətanı sarı inəyi verərkən etdiniz” adlı hekayəni oxu. Ey xain quzu! Aslanlara sarı inəyi verənlərdən heç bir fərqin yoxdur. Bir də utanmadan ayaqlarını sinəndə çarpazlayıb bizə üstdən aşağı baxırsan!..

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz