ÖLÜMÜ SEVMƏK
Bu il də hər kəs həyəcanla qış fəslini yaşadı. “Gülü sevən tikanını xoş görər” fikriylə hər kəs qışın çətinliklərini görməzdən gələrək sevinclə və həyəcanla bu fəsli keçirdi. Əvəzində yenə hər kəsin sevdiyi yaz fəslinə qovuşmaq var. Bu iki sevimlinin yerlərini dəyişməsi istər-istəməz insanı bəzi həqiqətləri təfəkkür etməyə sövq edir. Təbiətin ölmüş halı qış, təbiətin yenidən dirildilmiş halı yazdır. Bir başqa ifadə ilər desək “Ölüm və həyat”. Qışın gəlməsi və yerini yazın əvəz etməsi bizə öldükdən sonra təkrar dirilməyin varlığını bir daha bütün incəlikləri ilə ifadə edir. Bütün ölmüş, yox olmuş otlar, çiçəklər, ağaclar yenidən canlanacaq və Uca Yaradanını zikr etməyə davam edəcəkdir. Bəs görəsən nə üçün insan ölümün təmsili olan qışı sevdiyi kimi ölməyi sevmir? Nəyə görə ölməkdən qorxur? Nə üçün həqiqətləri görməmək üçün gözlərini yumur?..
Varlığını qəbul edən hər kəs əslində ölümü qəbul edir. Ölüm yoxdur və yaxud öldükdən sonra həyat yoxdur deyib özünü aldadaraq və heç ölməyəcəkmiş kimi yaşamağa çalışmaq, əminliklə ifadə etmək olar ki, heç kəsə bu həqiqəti unutdurmur. Tam əksinə daha da əziyyət verici və qorxuducu olur. Ölməyi sevməmək, sonsuz yaşama aruzusundan meydana gələn bir xəstəlikdir. Əslində bu fikirdə olan insan ölümü qəbul edərək, yenidən dirilməyi qəbul edərək, axirət dünyasında sonsuz yaşaya bilmə fürsətini əldə etmiş olar. Ölmək istəməyən, sonsuz yaşamaq istəyən ölümü qəbul etməli və gözəlləşdirməlidir. Elə isə gəlin ölümü sevək. Sevməyin yollarını axtaraq. Əgər ölümlə barışıq halda yaşasaq dünya da bizim üçün sevimli olar və dünya nemətlərindən zövq alarıq. Ölümü son deyil, yeni başlanğıc olaraq qəbul etsək, ölüm bizim üçün müjdə olar. Mömin üçün ölmək sevgilsinə qovuşaraq yenidən var olmaqdır. Ölüm intizarın sona çatdığı, qovuşmağın sevincini yaşama xoşbəxtliyidir.
Sevilən hər xüsus gözəldir. Ölüm də sevilərsə gözəl və sevimli olar. Ölümü ən gözəl şəkildə ifadə edən görkəmli İslam mütəfkkiri dünya şöhrətli alim Mövlana Cəlaləddin Rumidir. O, ölüm gününü “Şəbi arus” yəni “toy günü” olaraq adlandırmış vəfatından sonra da matəm və kədərlənmək əvəzinə sevinməyi vəsiyyət etmişdir. Ona görə ölüm sevgiliyə qovuşmağın bir başqa adıdır. Dünyanın ağırlığından, yükündən, sıxıntılarından qurtularaq həqiqi dosta vüslətdir. Məhz buna görə də O mübarək övliya ölüm döşəyində yatarkən “Məni varlıq aləminə gətirən Sultana sarı döndüm, Ona gedirəm” demişdir. Allah esqiylə dolu olan o mübarək şəxsiyyət Uca Rəbbinə belə səslənir:
“- Ey cahanın canı! Eşqindən bu cahan işimə yaramaz oldu.
Mən cahanı nə edim? Cünki mən digər cahandan oldum.”
Bax beləcə, Mövlana olümü gözəlləşdirdi. Daha doğrusu gözəl üzünü gördü və onunla barışıq halda yaşadı. Əbədi sevgiliyə qovuşmaq üçün pasport və vizanın “ölüm” olduğunu bildi və onun həsrətiylə yaşadı.
Bir digər İslam alimi Yunus Əmrə də “ölürsə vücud ölür, canlar ölməz” deyərək bu həqiqəti ifadə etmişdir. Bu inamla ölümün həqiqəti aydınlanmış olur və imanlı insan ölüm qorxusundan qurtulur. Ruhun sonsuzluğuna və axirətə inanmayanlar isə, daima yox olmağın dözülməz dəhşəti altında əzilərək yaşayarlar. Yaşadıqları həyat maddi baxımdan nə qədər rahat olsa da özlərini yoxluğun məhkumu bilməninin qorxusu ilə əsla xoşbəxt ola bilməzlər. İmanlı insanlar isə bu dünyada nə qədər sıxıntı çəksələr də ölüm qapısından girəcəkləri əbədi səadətin şövqüylə hər daim hüzurludurlar.
Ölümlə barışıq yaşamağın başqa bir düsturu da Peyğəmbər əleyhissalamın buyurduğu kimi bütün ləzzətləri yox edən ölümü tez-tez xatırlamaqdır. Daim xatirimizdə olan və dilimizdən əskik olmayan zaman keçdikcə qorxulan deyil, sevilən olacaqdır. Elə isə gəlin ölümü xatırlayaq ki, anidən qarşımıza çıxdıqda ürkməyək və qorxmayaq. “Ölmədən əvvəl ölün” düstürunu rəhbər tutaq ki, öldükdən sonra sonsuz yaşayaq. Ölümü sevmək ölümü öldürməkdir.
Öldükdən sonra sonsuz müsbət (cənnət) və sonsuz mənfi (cəhənnəm) vardır. Hər kəsə sonsuz müsbətlər arzulayaraq şair Nəcib Fazil Qısakürəyin məna yüklü ifadələri ilə yazımıza xitam verək:
Ölüm gözəl şey, budur pərdə ardından xəbər
Heç gözəl olmasaydı, ölürmüydü Peyğəmbər?
ŞƏRHLƏR