BİZ KİMİ ALDADIRIQ?!
Günüm həmişəki kimi keçmişdi. İşdən evə qayıdıb yeməyimi yedim. Axşam namazını yenicə qılıb, televizorun qarşısına oturdum. Birdən oğlum yanıma gələrək “İrfan” jurnalını mənə uzatdı. Mənə jurnalın içərisində olan bir şəkli göstərirdi. Böyük bir avtobus şəkli idi. Oğlum avtobusu xoşladığından mənə jurnalda olan həmin şəkli göstərməyə çalışırdı. Əslində niyətimdə heç oxumaq yox idi. Uşağın ürəyini qırmamaq üçün jurnalı aldım. Bir az şəklə baxdıqdan sonra uşaq yanımdan getdi. Məqalənin adı diqqətimi cəlb etdi. “Sürücünün Namazı”.
Kitab və jurnal oxuyuram, amma texnologiya ilə əlaqəli olanları, bir də diqqətimi cəlb edən məqalə olduqda. Bu məqalə də diqqətimi cəlb etmişdi. Deməli, oxumaq lazım idi. Əvvəlcə elə bildim, məqalə hansısa fiqhi bir mövzu ilə əlaqədardır. Özüm də maşın sürdüyüm üçün fikirləşdim ki, hər halda fiqhi bir höküm var, məqaləni oxuyum. İlhiyyatçı olduğum üçün məqalə bir az da maraqlı gəldi. Yazarın adına baxdım, dərhal anladım ki, yazı fiqhi mövzuda deyil. Yazar tanıdığım adam idi. O da mənim kimi ilahiyyatçı idi. Oxuduğum universitetdə məndən bir kurs yuxarıda oxumuşdu. Həvəsimi qırmadan məqləni oxumağa başladım. Məqalə getdikcə məni fikirləşməyə məcbur edirdi. Yazarın dedikləri sanki mənə yaşadıqlarımı xatırladırdı. Yazar məqalədə uzaq yola düşdüyünü və avtobus sürücüsünün namazı vaxtlı-vaxtında qıldığını söyləyirdi. Yazar isə bir az təmbəllik edərək namazı gecikdirdiyini yazırdı. Sürücünün bütün işlərini buraxaraq, yolun kənarında avtobusu saxlayaraq heç bir şeyə məhəl qoymadan namazını qıldığını deyirdi. Yazar özünü günahkar sayırdı ki, mən nə üçün belə tənbəllik edirəm. Məqaləni oxudum və dərin fikrə getdim. Yazar ən azından özünü günahkar hesab edirdi. Amma mənim başıma belə hadisələr bir neçə dəfə gəlməsinə baxnayaraq mən heç buna məhəl qoymadan həyatıma davam etmişəm. Görəsən, həqiqətən də bu qədər soyuqqanlıyam?
Əslində ilahiyyatçı olduğum üçün çox özümə güvəndiyimi fiikirləşirdim. Çünki harda dinə aid bir məsələ olsa, hər hansısa bir mövzu ətrafında söhbət getsə, bir az məndən zəif bilənlərə özümü ağıllı göstərməyə çalışırdım. Halbuki bu gün işdə ikindi namazını qılarkən ilk sünnəni qılmamışdım. Axı özümü ağıllı hesab edirdim. Çünki müəkkəd sünnəylə qeyri-müəkkəd sünnəni seçə bilirdim. Bir anda elə fikirləşmişdim ki, ilk sünnəni qılmasam heç nə olmaz. Əslində isə belə deyildi. Sadəcə özümü aldatdığımı anladım.
Gördüm ki, dinin sadəcə özümə sərf edən tərəflərindən istifadə edirəm, yeri gələndə isə özümü ağıllı hesab edirəm. Nə qədər olmasa bunda fiqhi cəhətdən bir problem yoxdur. Əgər ilk sünnəni heç bir maneə olmadığı halda qılmasam, heç bir maneə olmadığı halda səfərdəykən oruc tutmasam, heç bir maneə olmadığı halda səfərdəykən namazları cəm etsəm, heç bir maneə olmadığı halda təhəcccüd namazına heç qalxmasam, heç bir maneə olmadığı halda Qurani-Kərimi tez-tez oxumasam heç nə olmayacaqdı. Yuxarıda saydıqlarımı sadalayası olsam gərək bir məqalə deyil, bir kitab yazım. Çünki nə qədər yazsam, yenə də ardı gələr. Əslində özüm-özümü aldadırdım, çünki bir-iki kitab oxumuşdum hər şeyin oxuduqlarımdan ibarət olduğunu düşünürdüm.
Bir də dini yeni öyrəndiyim günləri xatırlayıram. Həmin vaxtları xatırladıqca indiki halıma inana bilmirəm. Çünki yeni-yeni namaza başladığım zaman hər namazı vaxtlı-vaxtında sünnə, fərz ayrı-seçkiliyi etmədən, çöl-bayır demədən dinin bütün əmrlərini vaxtında yerinə yetiridim.
Heç yadımdan çıxmaz sübh namazına məscidə kim birinci gələcək deyə tanışlarla yarışırdıq. Beş vaxt namazı məsciddə qılaq deyə bəzən oyunlarımızı belə yarımçıq qoyurduq. İftarda oruc tutanlara xurma paylamaq üçün bir-birimizlə yarışırdıq. Bu gün mən az xurma payladım, digərləri isə xurmalarını paylayıb qurtardı deyə həsəd aparardıq. Hər hansısa birimiz vaxt namazına belə gəlmədikdə onun yerinə kədərlənərdik və ondan xəbər alana qədər dayana bilməzdik. Daima yarışardıq ki, təraveh namazlarında ilk safda duraq və hər dörd rükətdən bir Peyğəmbərimizə salavat gətirək.
Bunları fikirləşdikcə özümü o qədər xoşbəxt hiss edirəm ki... Amma nədənsə bu xoşbəxtliyin ömrü çox qısa olur. Çünki artıq o qədər könüldən bağlı deyiləm. Artıq axırıncı dəfə hansı vaxt namazını məsciddə camaatla qıldığımı xatırlamıram. Kompyuterdə oynadığım oyunların bitməsini gözləyirəm ki, namazın vaxtına onsuz da hələ var. Təraveh namazını hansı məsciddə az və tez qılırlarsa ora getməyə çalışıram. Namaza gedəndə də arxa səflərdə dururuq ki, imam salam verən kimi gedək işimizin dalınca.
Dinimi gözəl yaşamaq üçün dərindən öyrənməyə çalışdım. O zamanlar az bilirdim və bildiklərimin hamısına da əməl etməyə şalışırdım. Amma indi biliklərimi artımışam. Bu artırdıqlarım isə əvvələr az bilərək etdiklərimi belə etməmə imkan vermir.
İndi mən iki kitab oxudum deyə özümü ağıllı hesab edirəm. Amma nə qədər acınacaqlı bir vəziyyətdə olduğumu anladım. İndi isə fikirləşirəm həmin o məqaləni yazan qardaşım, mən və bizim kimi bəlkə də saysız insanlar var. BİZ KİMİ ALDADIRIQ?!
ŞƏRHLƏR