“KƏHF” CÜZLƏRİ ƏNƏNƏSİ
Bildiyimiz kimi Cümə günləri “Kəhf” surəsini oxumaq müsəlman aləmində davam edən sünnələrdən biridir. Mətləbdən əvvəl qeyd edək ki, hədis qaynaqlarında bu surəni oxuyanların Dəccalın şərindən qorunacaqlarına dair hədisi-şəriflər rəvayət edilir. Rəvayətlərdən bəziləri surənin ilk ayələrinin, bəziləri isə son ayələrinin (Müsnəd, VI/446) oxunması ilə əlaqədardır.
Əbu Darda (r.a) Həzrət Peyğəmbər əleyhissalamın belə dediyini rəvayət edir: “Kim Kəhf surəsinin əvvəlindən on ayə əzbərləyərsə, Dəccalın fitnəsindən qorunar.” (Müslim, Müsafirun, 257.) Başqa bir hədisdə Peyğəmbər əleyhissalam belə buyurur: “Cümə gecəsi Kəhf surəsini oxuyan qiyamətdə yerdən göyə gədər bir nurla aydınlanar. İki cümə arasında işlədiyi kiçik günahlar bağışlanar.” (Beyhəqi, Sünən, 3/249.) Eyni zamanda bu surənin bəzi bölümlərini oxuyan, yaxud əzbərləyənlər üçün bunun qiyamət günü bir nur olacağı da qeyd edilmişdir. (Süyuti, Dürrul-Mənsur, v 354/359)
Bu hədisi-şəriflərə görə xüsusilə Şafei məzhəbində Cümə günündə Kəhf surəsini oxumaq məndub (müstəhab) əməllərdən hesab edilmişdir. (M. Kəskin, Böyük Şafei Elmihalı, s. 198/212.)
Bu surənin sirr və hikmətlərindəndir ki, surə haqqında alimlər müstəqil əsərlər qələmə almışdır. Onlardan bir neçəsini misal versək; Məhəmməd Qalqaylı, “əl-Həndəsəl-İlahiyyə fi Təfsiri Surətil-Kəhf”, Şəmsəddin Sivasi “Nəqdul-Xatir fi Təfsiri Surətil-Kəhf”, Kamalpaşazadə “Təfsiru Surətil-Kəhf”, Məhəmməd Taylan “Kəhf surəsində anladılan hadisələrin tarixi, ədəbi, elmi və dini təhlili” və sair müstəqil təfsirləri göstərmək olar.
Bütün bunlar adı keçən surənin fəziləti və məlum olmayan hikmətləri əhatə dairəsində həmişə möminlərin nəzər diqqətini cəlb etmiş və bir növ onların mənəvi qida obyektinə çevrilmişdir. Ona görə də cümə günləri adətən Quranın məlum səhifələrindən tilavət etməklə bu ibadətlər yerinə yetirilmişdir. Şafei məzhəbində sözügedən surənin oxunmasının cümənin müstəhəb hökmlərindən olması səbəbilə bu məzhəbin olduğu yerlərdə buna daha çox diqqət edilmiş, hətta cümə axşamlarından başlayaraq müsəlmanlar evlərində ailəvi zikr məclisləri (adna axşamları) təşkil edərək bu surənin oxunmasına xüsusi dəqqət yetirmişdirlər.
Ən əsası isə bu bölgələrdə xüsusilə də Car-Balakən bölgəsində “Kəhf cüzü” ənənəsi keçmişdən bəri geniş yayılmış bir ibadət və tilavət nümunəsidir. Bu bölgə üçün məhz Kəhf surəsinin daha çox oxunması bir zamanlar bölgədə tüğyan etmiş rus zülmünə qarşı hərəkatın və mübarizənin həm də dua və niyazlarla Allahdan mədət ummanın simvoluna çevrilmişdir. Fitnə-fəsad və zülmə qarşı Kəhf surəsi ilə mədət umulmuşdur. Belə ki, Kəhf surəsini Qurani-Kərimdən köçürərək müstəqil nüsxələr (Kəhf cüzləri) halında məscid və evlərdə tilavəti və əzbərlənməsi ilə məşğul olmuşlar. Bəzən də əlyazma Quranlarda surələr içərisində bu surənin təzhib üsulu ilə bəzədilməsinə xüsusi fikir verilmişdir. Cüzlərə nəzər salsaq bunun həm xəttatlar, həm də yazmağıı bacaran sıravi hər kəs tərəfindən yazılaraq məscid və hücrələrə hədiyyə (vəqf) edildiyinin şahidi olarıq. Hətta Zaqatala Tarix və Diyarşünaslıq muzeyində saxlanan müxtəlif “Kəhf cüz”lərindən biri diqqəti daha çox cəlb edir ki, tələbələrdən birinin yazıb hədiyyə etdiyi ehtimal olunan “cüz”ə ustadı belə bir qeyd düşmüşdür: “əl-Xattu beynəl-xutut, Misləl-Ğurab beynət-Tuyur”. Yəni xətlər içərisində bu xətt, quşlar arasındakı qarğa kimidir.
Digər məscid və hücrələrdə qorunan XIX əsrin böyük alimlərindən Hafiz Qurban Əfəndi Meşləşi, Hafiz Şaban Əfəndi əl-Masexi kimi fiqh alimlərinin öz dəsti-xətti ilə yazdıqları nüsxələr və təzhibli Qazıqumuq nüsxələri bu ənənənin ən gözəl nümunələrini təşkil edirlər. İndi bu gözəl ənənəyə az da olsa rastlamaq mümkündür. Ancaq onun davam etdirilməsi və ya milli-mənəvi sərvət kimi qoruyub saxlana bilməsi isə zənnimizcə hamımızın borcudur.
ŞƏRHLƏR