BİR YAZININ SİRRİ
Ağır işlərlə keçən bir həftənin son günü. Mənimlə yalnızlığı paylaşan iş otağı. Aldığım nəfəsləri eşidəcək qədər səssizlik. Yorğun bədənim və yanımda soyumuş bir sətəkan çay. Başımın ön tərəfində hiss etdiyim şiddətli ağrı. Manitora baxan gözlərimdən süzülən yaşlar. Şiddətli soyuq və qardan sonra üzümə düşən günəş şüaları. Ətrafımda təbiətin, daxilimdə fikirlərimin donduğu an. Varlıq və yoxluğun tam ortası. Xoş sözlərə sevinməyib, pis sözlərə əhəmiyyət verilməyəcək qədər psixoloji böhran. Nə edəcəyimi bilmədiyim üçün beynimdə canlanan saysız suallar. Xəyal edə bilməyəcək qədər düşüncə sükutu. Yaxınların uzaq, uzaqların daha da uzaq olduğu zaman boşluğu. Uzun sözün qısası, özümü özümdə tapmadığım atmosfer.
Bir yazı var gözümün qarşısında, kiçik bir lövhədə divardan asılmış... Çox zaman insanların gözünə heç sataşmayan bir yazı. Böyük iş otağının divarında xırda bir yer tutan yazı. Bütün sevinic və kədərlərin ondan başlayıb onda qurtardığı yazı. Ömrə bərabər olan bir yazı. Varlıq və yoxluq arasında pozitiv və neqativləri nizamlayan yazı. Ətrafımda baş verən bütün hadisələrdən sonra yaşadıqlarımın həqiqətini mənə izah edir bu yazı. İndi onunla dostluq edirəm sanki. Məni bu halımla sadəcə o başa düşür. Məni anlayır, öz sükutuyla hiss etdirir varlığını.
Ən çox sevdiyim insanlardan biri hədiyyə etmişdi bu dəyərli lövhəni...Sevə-sevə asmışdıq onu divardan...Mənasının dərinliyinə varmadan. İndi onun qarşısında oturub xəyallara dalmışam. Sevincimi və kədərimi onunla bölüşürəm. Hərdən itirdiyim varlığımı mənə qaytarır bu yazı. Hər şeyin bitdiyini düşündüyüm an bu yazı gəlir mənim köməyimə. Yenidən başlayır həyatımın nəbzi işləməyə. Dünya nemətlərinə aldanıb, əyləncəyə meyil etdiyim zaman bu yazı vurur öz sərt silləsini üzümə. Ən çox sevdiyim və onun üçün hər şeyi edə biləcəyim zövqlərin faniliyini izhar edir mənə. Onunla dərdləşirəm dərdlərimi, onunla bölürəm problemlərimi. Qarşımda durub mənə nəsihət edən bir qocadan daha çox etibar edirəm ona. O mənə qaranlığın arxasındakı işığı, işığın arxasındakı qaranlığı göstərir hər an. Sevincimin bir gün kədərlərə, kədərimin bir gün sevincə qovuşacağını söyləyir mənə. Amma o sadəcə bir yazıdır. Üç-dörd kəlimədən ibarət bir yazı. Bəlkə də insan həyatının ən doğru düsturudur o.
“Bu da keçər yahu” bu yazıdır qarşımda dayanıb mənə həyatı başa salan. Sadəcə bu yazıdır məni mənə qaytaran. Mənə sevincimin əbədi olmadığını, kədərimin bir gün bitəcəyini bildirən. Oturduğum yerdən ayağa qaldırıb, gedəcəyim yerə davam etməyimə kömək olan. Donmuş düşüncələrimin damarlarına qan verən bu yazıdır. Getdiyim yolda nə qədər yorulsam da bu yazı çatır mənim köməyimə. Əlimdən tutub yol göstərir düşüncələrimə.
Bu yazı yeni bir şövq, yeni bir istək qatır arzularıma. Qarşılaşdığımız əzablar bizi bizdən almamalıdır əslində. Yeni xoşbəxtliklərin qapısını açmalıdır üzümüzə. Bir insan, hələ də iman sahibi bir insan, belə fani və keçici şeyləri, keçməyəcək əzab və kədər sanaraq onların altında əzilib həyatdan qopmamalı. "Bu da keçər yahu" deyərək səbirlə həyatın çətinliklərinə qarşı müqavimət göstərməlidir. Beləcə o keçici çətinlikli vəziyyəti, haqqında rəhmətə çevirməsini bilməlidir.
Bunu unutmayaq ki, həyat ən pis şərtlər altında belə gözəldir, yaşamağa dəyərdir. Hər gecədən sonra gündüz, hər çətinlikdən sonra bir asanlıq vardır. Qulun Allaha yönəlməsi və Ondan kömək istəməsi, çətinlik və problemlərin həllinin başlanğıc nöqtəsini meydana gətirər. Uca Yaradıcı ümid edilməyən, gözlənilməyən yer və istiqamətlərdən asanlıqlar lütf edər. Çünki Onun hər şeyə gücü çatar. Ona dözən də güc qazanar.
Varlığın ilə yoxluğun arasında fərq olsun. Dünyanı daha yaxşı bir yer edə bilmək üçün heç bir zaman çox gec deyildir. Necə və nə vaxt öləcəyimizə biz qərar verə bilmərik, amma necə yaşayacağımız öz əlimizdədir. Gəlin hər gün “Bu da keçər yahu” deyib yenidən başlayaq qaldığımız yerdən...
ŞƏRHLƏR